Əlizadə Nuri necə Səhra ömrü yaşadı… Featured

“Ədəbiyyat və incəsənət” portalı Poetik qiraət rubrikasında yenidən Əlizadə Nuri yaradıcılığına müraciət edir. Bu dəfə sizə sevilən şairin “Səhra ömrü yaşadım” şeiri təqdim olunur.

 

Gətirdiyin havadan,

Son dəfə udum, ölüm.

Sən baxınca ölmərəm-

Gözlərini yum… ölüm.

 

O nəğməni oxuma-

Qar yağacaq yuxuma…

Mən boyda bir toxuma,

Olarsanmı şum, ölüm?..

 

Könül verdim ahlara,

Aldandım sabahlara…

Girdim bu günahlara-

Özümü yudum…ölüm.

 

Susuz mənə susan da…

Son şeirsən masamda.

Özüm ovunmasam da,

Səni ovudum, ölüm.

 

Şeytan qoşa- qoşadı,

Mən hansına daş atım?!

…Səhra ömrü yaşadım-

Qoy, indi qum-qum ölüm…

 

“Ədəbiyyat və incəsənət”

(06.03.2023)