“Yazmaq özümün özümə isbatımdır“ Featured

Ülviyyə Əbülfəzqızı ilə müsahibə

 

“Ədəbiyyat və incəsənət” portalı sənətdə uğurlu addımlarını atan yazarları oxucuları ilə tanış etməkdə davam edir. Bu dəfə sizlərin qarşınızda Ülviyyə Əbülfəzqızı dayanacaq. Blits-müsahibəni Habil Yaşar aparır.

 

-Öncə özünüz haqqında məlumat verərdiniz.

-Filoloq-pedaqoq.

 

-İlham mənbəyiniz nədir?

-Hadisədən asılı olaraq cümlələrin səssiz şəkildə daxilimdə səslənməsi... Bunu hiss edəndə özümdən biixtiyar cümlələri bacardığım qədər bədii sıraya düzəcəyəm. Hər bir cümlədə fikir genişliyi nəzərə çarpmalıdır. Şairlik ilahi nemətdir və hər adama qismət olmaz.

 

-Xəyal dünyanızın bu qədər genişlənməsinə səbəb olan hadisələr hansılardır?

-Ya böyük sevgi (Vətənə, anaya, şagirdə və.b.), ya da neqativi uzaqlaşdırmağım üçün beynimdə qurduğum məhkəmə, bir çox düşündürən məsələlər. Şairlərin sinəsi söz ümmanı olur. Şair xəyal dünyasını hərf-hərf, söz-söz, cümlə-cümlə, sətir-sətir yazıya köçürür. Hər cümlə beynindən, ürəyindən dilinə, dilindən isə qələmə ötürülür.

 

- Əsərlərinizi ən çox harada yazmağı sevirsiniz?

-Tam sakit məkan, ya da təbiətin səsi olan məkanda yazmağı daha çox sevirəm. Amma bəzən adi yol gedərkən belə, beynimə gələn fikirləri " elə beynimdə mühafizə edib" sonra qələmə alıram. O məkandakı qəlbim ruhuma, ruhum qəlbimə təslim olub söz dəryasında böyük məhəbbətlə səyahət edir. Real dünyaya qayıdanda isə hər hansı bir Ədəbiyyat nümunəsi mənimlə qayıdır.

 

-Yazmaq sizin üçün nə deməkdir?

-Yaşamaq mənim üçün nədirsə, yazmaq da odur! Ruh cism üçün necə vacibdirsə, mənim üçün yazmaq da o cür vacibdir. Sevincimi, kədərimi qələmlə bölüşməkdir yazmaq. Sıxıntılı anlarımda qələmə sarılmaq, sevincli anlarımda qələmlə bayram etməkdir yazmaq. Yazmaq özümün özümə isbatımdır.

 

-Yazıçı üçün zaman nə deməkdir?

-Yaşamaq zamandan geriyə iz qoymaqdır. Buna görə yazıçı üçün hər saniyə çox qiymətlidir. Ömür sürət qatarına bənzərdir. Özündən geri xatirə qoymaq üçün yazar möhtəşəm və unudulmaz əsərlər yaratmalıdır. O zaman yazar zamana qalib gəlib əbədiyaşar olaraq qalacaq.

 

-Ümumiyyətlə, hansı janrda kitablar oxuyursunuz və niyə bu janra üstünlük verirsiniz?

-Müxtəli janrlara. Hər bir mövzu həyatdan yaranır, yazıçının təxəyyülündə bir az əyninə fərqli libas seçir. Hər janrın öz özəllikləri var. Ədəbiyyatı sevən bütün janrları sevəcək. Təbii ki, zövqlər müxtəlif olduğu üçün seçimlər fərqli olur. Mənim üçün hər bir gözəl əsər janrından asılı olmayaraq bir dünyadır, fərqli bir səyahətdir.

 

-İlk dəfə nə vaxt “yazıçı olacam” demisiniz?

-Yeddi yaşımda, yazdığım şeir yaxınlarım, müəllimlərim tərəfindən bəyəniləndə. Anam isə hər zaman ilk oxucum və tənqidçim olurdu. Anamın dəyərli fikirləri məni daha da gücləndirirdi.

 

-Sizcə, kitab oxumaq vərdişini qazanmaq üçün nə etmək lazımdır?

-Kitaba olan sevgini hər gün hiss etmək və ona toxunmaq üçün həvəslə o anı gözləmək. Hər gün kitab oxumaq üçün vaxt ayırmaq lazımdır. Ta ki vərdişə çevrilsin. Sonra heç kim kitabla bizim aramıza sərhəd sərhəd qoya bilməz.

 

-Yeni bir kitab yazmaq planınız varmı?

-Bəli, hekayə və esselərdən ibarət bir kitab nəzərdə tutmuşam. İnşallah, fikrimdə romanlar da var.

 

-Yazıçı olmaq istəyən digər gənclərə hansı məsləhətləriniz var?

-Birinci növbədə, çox oxumaq, sonra isə yazdığı hər bir cümləyə öz poetik naxışını vuraraq yeni fikir söyləməyi məsləhət görərdim. Təkrarçılıqdan qaçmaq və hər mövzuya yeni bir tərzdə - öz üslubu ilə yanaşmağı məsləhət görərdim. Daha çox yazmaq, amma keyfiyyətli yazmaq və hər yazıda öz inkişafını kifayət qədər görməklə inkişaf etməyi arzulayıram.

 

“Ədəbiyyat və incəsənət”

(02.03.2023)