“Qol saatımda intihar edir ömrüm...” – Tural Turanın şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Şeir vaxtıdır, Tural Turanın şeirləri ilə tanışlıqdır.

 

 

ŞEİR VAXTI

 

 

Tural TURAN


***

 

Burda yovşan-yovşan ölür qoxular,

boynuna ip salır yalquzaq səsi...

Gözümdə can verir itkin yuxular,

ağlayır arxamca öz uzaq səsim...

 

Öpdüm yanağından ağrılarımın,

başımın altına yastıq elədim.

Asıldım qolundan sarğılarımın,

öldüyüm yeri də yazıq elədim.

 

Hər səhər ovcumdan doğdu Günəş də,

Gözümdən çəkildi içimin çəni!

Ruhumu yandırdı odsuz atəşdə,

Tanrı da ovcumdan oxşadı məni...

 

 

***

 

Bütün tabutlar

Tanrının ana bətnidi,

bütün qəbirlərsə

qorxu simfoniyası.

Ölümü soruşma,

ölüm sevdiyindən bezməkdi...

Allah

sevgisi tükənəndə

öldürür adamları.

Ölüm həm də

intiqam almaqdı insan ağlından.

Bax,

dəlilər öləndə heç kim ağlamır,

heç Tanrı da...

Ölüm həm də

bir xəstə çarpayısında

Yaradanın intiharıdı...

İnsansa yaşayıb intiqam alır

öz alın yazısından...

Gülün yaşadıqlarınıza...

Gülün ki, evinizin işığı yansın...

 

 

***

 

Qol saatımda intihar edir ömrüm,

əlimdəki təsbeh dənələyir günlərimi

oğlum üçün...

Oğlum ağlayır,

kiriyir saat əqrəbi,

şam işığı süd verir körpəmin duasına.

Anlayıram,

anlayıram ki,

ata olmaq oğul ömrü yaşamaqdı,

ayaqlarını itirmiş otaqda...

Ata olmaq

bir saat əqrəbində axsamaqdı...

Oğlumu ağlatma, Tanrı

hardan biləsən, sevdiyim,

hardan biləsən, o ağlayanda

boynu vurulur bütün duaların.

Hardan biləsən, sən ata olmamısan...

Göz yaşlarında möhtəşəmlik çökür,

sükutun batır yanaqları...

Ağrılarım başını sığallayır oğlumun

... və təkcə qol saatımda deyil,

köksümün sol saatında da

intihar edir ömrüm...

Oğlumu kirit, Tanrı,

himn oxumasın qaranlığa;

qalxmasın ayaq üstə zülmət,

gözündəki işıqlar atsın çəliyi!

Mənə güc ver,

mənə güc ver

oğlumun üzündən düşən gülüşləri

təzədən yerinə hörüm...

 

 

***

 

Bütün ilk məhəbbətlərə...

 

Ayrılığın qız üzündə qoyduğum,

Göz yaşının rəngi yenə ağdımı?

Bir yazının yaxasından asdığım

Alın yazın bu ömrünə sığdımı?!

 

Yenə gözün yol qalxırmı piyada?

Səni gördüm hər yuxusuz boyada...

Ölüm də yox, gəlib məni oyada,

Sən gəl, soruş: – pəncərəsi sağdımı?

 

Tikib-uçurduğum yuvam sən oldun!

Tanrının üzündə boyam sən oldun...

Ovcumda titrəyən duam sən oldun,

Məndən sonra Tanrı sənə baxdımı?!

 

 

SƏN GÜL...

 

...Bəlkə, insan kölgəsinin alın yazısıdı,

Bəlkə də, Tanrının ağzından saldığı

ağıl dişidi...

Bəlkə də, cəhənnəm elə insanın özüdür –

Qucaqlayır anadan yetim qalmış soyuqları...

...Yanaqlarından

bir təbəssümlük kərpic düşüb elə bil,

qapısı açıq qalıb gülüşlərinin...

Zarafat edirəm, sən gül,

sən güləndə

qəbirlər də gülür,

tabutlar da...

Yaradanın sevinc göz yaşını sağır

çiyni yapıncılı buludlar da...

Sən gül...

Gül ki, saat əqrəbləri qibləsini tapsın,

Zaman intihar etsin qollarında...

Gülüşün

bir sözlük məktub olsun gələcəyinə...

 

 

***

 

Səndən əvvəl daşlar gəlin köçmüşdü bu evə,

səndən sonra mamır uzaqlıqlar böyütdü

bu daxmanın pəncərələri...

Kaş bu evin güzgüsünü də aparaydın;

bələyəydin, böyüdəydin...

toxuyaydın ayrılığın xalçasına ilmə kimi...

 

...Qayıt, əlindən tut

            ayaqları keyimiş məhəccərlərin,

qayıt, qadınsız yaşaya bilmir

            bu evin döşəməsi.

Sən gedəli tavanlar iməkləyir

            döşəmənin üstündə.

 

Üşüməsin deyə, ayaq izlərini

bir cüt coraba büküb cibimə atmışam.

Ciblərim bələk olub ayaq izlərinə...

Qayıt, özün yürgələ ayaq izlərini.

 

Qayıt, beşiyində boğ,

böyüməsin üç yaşlı çarpayı tənhalığı...

...Sən gedəli bu evin divarları da

daş-daş göz yaşları tökür, qayıt...

 

 

***

 

Məktub yazma, ağ kağıza gülümsə,

Göndər mənə, biləcəyəm halını...

Hər gedişin qayıdışı ölümdü,

Yorulanda gözləyirəm yolunu.

 

Ağ şərfini saxlayıram hələ də,

Boynuna doladım hər xatirənin.

Yorğanı çək, bax, üşüyür ayağı,

Mənsiz yatammayan bir xatirənin...

 

Yuxunu söndür gəl, lap ölümsayaq,

südü bitən ağrı, bəlkə, kiriyə...

İçimdə adını çəkmişdim bayaq,

Divardakı şəklin döndü geriyə...

 

Payız da bu gecə yorğun, əsəbi,

Sənli xatirələr gözümdən axır.

Səsinə inanmır saat əqrəbi,

Sənmi gəldin? – deyə qapıya baxır.

 

 

***

 

İlahi, ovcumu yumuram Sənə,

İlahi, duamın başını bağla.

İlahi, bu gecə doğuldum yenə,

İlahi, yuxumun huşunu bağla.

 

Mən öz qorxusuna vurulan adam,

Mən öz nəfəsini asan qatiləm.

Mən öz günahında durulan adam,

Mən öz günahından küsən qatiləm...

 

Mən qanlı üzündə gülüş böyüdən,

Can verən kölgənin məzar daşıyam.

Mən dar ağacında öpüş böyüdən,

Son nəfəs əlində tumar daşıyam.

 

İlahi, ovcumu yumuram Sənə,

Üşüməsin deyə körpəcə duam...

İlahi, özün yağ yağış yerinə,

Yağ ki, kirli andı yenidən yuyam...

 

 

 “Ədəbiyyat və incəsənət”

(02.03. 2023)