Hicrana bələnən uzaqlar kimi darıxıram... - Təranə Dəmir Featured

“Ədəbiyyat və incəsənət” portalı “Poeziya” bölümündə oxucularına şairə Təranə Dəmirin şeirlərini təqdim edir. Bu lirik şeirlər sevən və sevilənin ayrılıq sınağı ilə sınanan obrazlarını təcəssüm etdirir.

 

 

***

Görəsən kimin dərdidi

Yapışıb yaxamızdan.

Göydən neçə alma düşə

Çıxmırıq yuxumuzdan.

 

Başımızı girləyirik,

Nə gedir vaxtdan gedir.

Dünya da vurub çıxmağa

Əldən, ayaqdan gedir.

 

Gözümüzə baxa-baxa

Gözümüzü oyurlar.

Üzümüzə gülə-gülə

Dərimizi soyurlar.

 

Daşı nə yaman ağırmış,

Həqiqətin, İlahi.

Gözləyirik haqqa dəyə,

O da çətin, İlahi.

 

 

***

Bir ömür dalınca düşdüm,

Bir ömür gəzdim səni.

Gəzdim yaxında, uzaqda,

Çağırdım, susdum səni.

 

Axtardım dağda, dərədə,

Çölün düzündə gəzdim.

Ulduzların arasında,

Göyün üzündə gəzdim.

 

Bilmədim rəngin necədi,

Dadın necə bilmədim.

Səni gəzə-gəzə ömrü

Verdim heçə, bilmədim.

 

Nə üzünü göstərmədin,

Nə əlimdən tutmadın.

Bir dəfə girib qoynuna

Dərdimi ovutmadım.

 

....Harda qaçıb gizlənmisən,

Bir işığa çıx, görüm.

Ədalətsən,həqiqətsən?

– Hər nəsənsə qalx, görüm.

 

 

***

 

Gecədən qəm yağır torpağın üstə,

Gözündən dərd çıxır yağış yerinə.

Buludlar ağlaşır göyün üzündə,

Sevənlər gecikir görüş yerinə.

 

Gecə təpə-dırnaq yağışa düşüb,

Başdan ayağadək islanıb gecə.

Nə qədər dartınır səhərə çatmır,

Deyəsən bir az da uzanıb gecə.

 

Kiminsə qəbrinə yağır bu yağış,

Kiminsə didərgin ruhu üşüyür.

Kiminsə gözünü yuxu aparır,

Kiminsə gözündə yuxu üşüyür.

 

 

***

Sən qəlbimin məhəbbətdən

Küsən çağında gəldin.

Xəzəllərin dağda,daşda

Gəzən çağında gəldin.

 

Elə gəldin heç bilmədim

Payız nədi,qış nədi.

Saçlarımın bəyazı da

Day yadıma düşmədi.

 

İlin, günün bu vaxtında

Kimim vardı sevəsi?

Harda idin bu çağacan,

Ay könlümün yiyəsi.

 

 

***

Arzu tutdum gözümdə,

Nöqtələr..

Çiçək açdı üzümdə,

Nöqtələr...

 

Göyün üzündən gəldi,

Çölün düzündən gəldi,

Mənim özümdən gəldi,

Nöqtələr...

 

Yuxudumu, ya gerçək,

Nə gözəldi, nə göyçək,

Kirpik çalsam düşəcək,

Nöqtələr....

 

 

***

Məndən nələr keçmədi,

Bu da keçər, İlahi!

İçimdəki bu ağrı,

Qada keçər, İlahi!

 

Odda yandım külümdən

Yoğurdun, yapdın məni.

Məni səndə itirdin,

Özündə tapdın məni.

 

Sınandım milyon kərə,

Aya-günə sınandım.

Dərdlərimin başına

Dönə-dönə sınandım.

 

...Nəyin varsa əlində

Göndər gəlsin, İlahi!

Məni daş yaratmısan

Anam ölsün, İlahi!

 

 

***

Anasın itirən uşaqlar kimi,

Hicrana bələnən uzaqlar kimi,

Evinə tələsən qonaqlar kimi

Darıxıram.

 

Səhərə sürünən gecələrsayaq,

Zülmətə bürünən kücələrsayaq,

Bir gözüm yuxulu,bir gözüm oyaq,

Darıxıram.

 

Ümidim bir kibrit çöpü boydadı,

Həsrətim boynumun ipi boydadı,

Azadlıq pəncərə,qapı boydadı,

Darıxıram.

 

 

*** 

Divarlar elə bil məzar daşıdı,

Başının üstündə sükut ağlayır.

Zülmət pərdə çəkib baxışlarıma,

Pəncərə-pəncərə bulud ağlayır.

 

Qaranlıq dolanıb xəyallarıma,

Əl atıb işıqdan tuta bilmirəm.

Qaçır gözlərimdə evlər, küçələr,

Gedirəm,qalıram, ya da....bilmirəm.

 

Gözüm divar-divar gəzir otağı,

Gizlənqaç oynayır yuxu mənimlə.

Görəsən yuxumu kim oğurlayıb,

Kimin nə işi var axı mənimlə?

 

“Ədəbiyyat və incəsənət”

(01.03.2023)