“Kələfcələr bətnində göyərmiş çiçək idin...” – Güneyli şair Səid Sadiqifərin şeirləri Featured

“Ədəbiyyat və incəsənət” portalının sevilən “Güneydən gələn səslər” rubrikasında portalımızın Güney Azərbaycan təmsilçiləri Əli Çağla və Vida Heşməti oxucularımızı güneyli yazarlarımızla hər həftə tanış edirlər. Bu dəfə sizlərə Səid Sadiqifərin şeirləri təqdim edilir.

 


Səid Sadiqifər 1992-ci ildə Ərdəbil şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan dili və ədəbiyyatına marağını göstərmiş, 2018-ci ildə “Qorxu bələyinə bükülən imgə” adlı sərbəst şeir kitabı çap olunmuşdur. O, həm də nəsr yazarı kimi tanınmışdır. Səid Azərbaycan folkloru, inancları, əski nağılları, tarixi binaları və məkanları haqda çalışmışdır. Onun yazıları Güney Azarbaycanın gündəlik dərgilərində yayımlanmışdır.

 

 

Bu dağların yamacları əvəlik çiləyir

Bu qarların yamacları kəklik gizləyir

Dərənin yəhəri tozanaq salır

Şəhərin qəhəri boğanaq alır.

Gəlin gedir dağdağanların sancısı

An gəlir... Al rəngində

Yan-yörəsi sancı

An gedir... Ay ətrində

Dizləri ağrı.

Dumanların ölümcül çöküşündə

Günortanın havası boğanaq dadı verir

Göylərin gurultusunda

Göbələklərin mübarəkliyini axtarıram

İydə ağacının fatihəsini oxuyan çağ

Xul budaqlardan

Hüzün salxımlanırdı.

Qutsallığını alırdılar

Və baltanın ürəyi döyünürdü.

Günəşçiləri asırdılar

İydəliyin ortasında

Bütün qırmızıçılar,

Armudluqların sarılığına inanmışdılar

Və gecənin çöküşü

Bənövşələrin ölümü

Qaralarla yaraların çəkişimindəydi

Cığırların sonudur yetəcəyimiz

Qumlaqlıqlara baxmadan tikanlıqlar aşmışıq

Adresini sərilən sarılıqlardan aldıq

Yol boyu cərgəni pozmayan sığır quyruqlarından

Onlar qurumuşdular

Biz yanğınlıqlarına baxmadan

Sarılıqlarına dalmışıq.

Özümüzü unutsaq da

Cığırların sonundakı uçurumlara inanmışdıq.

 

***

 

Küçə ayağında duran kilkəli imgə

Qapılar bağrına sürtülən kəhrəba nəğmə

Küçə yarısında gözlərini qoruyur

Çatlaq bir daxma

Gözlərini döngələrdən

Döngələrini özgələrdən

Budur həqiqət,

Kiçicik daxmalar cırığından

Zil gözlərini izləmək

Gizli-gizli süzülmək

Zamanla toqquşmaq

Və yenə də taksilər gecikməsi...

Dağdağan yarılacaqdı,

Bu evin bucağında asılan zaman

Bu yollar ağardı çox

Bu çuxurlar çıxarsızdı çox.

Dəmir qapı yeriklədi cüftəsiz əllərə

Ah...

Gecənin əlləri soyuqdur

Səhərin gözləri mor

Divarlar zəhmimi yaran zaman

Günəşin hökmü ağır

İndi bu iki mərtəbəli damdadır bütün mutluluqlar

Hər şey özətlənir onun dörd bucağında

Kərpiclərindən qopan sıcaqlara

Sığırçınlar intihar edir

Onsuz hırnayırlar

Ona qısqanırlar

Bütün küçədəki yaltaqlar.

 

 

***

 

O qadın, şəvə saçlı

Barmağı üzüklü.

O duyğu, uca boylu

Qaradağ soylu.

O Zunuzlu, ayaqları Xiyovlu

Əlləri dərə yurdlu

Leçəyi bütöv kəpənək

Gözləri Özbək, yanaqları göyçək

O... O... O...

Sevgi nə anlayır yoxsulluğu

Bir acınacaqlı sürgünlüyü

Sevgi nə Gürcü gözəlidir

Nə də Rusiyadakı yaşıl bəbəkli qız.

Sevgi bütün xəyallara dalmaqdır

Ötəri baxış havası

Keçəri tanış mahnısı

Arxadan əsən külək təkin

Notsuz, ritmsiz

Çal ha çağırda...

O içimizdə əsnəyən mizrabsız bağlama

İstər dəniz dibində çalınsın

İstər ucsuz-bucaqsız saraylarda.

O əllərə verilən mahna

Ötüb keçən bir qavqa

Ardınca löhləyən barış sərinliyi

Və bir daha bu qatar da keçəcək.

Saniyələr, dəqiqələr gecikəcək.

Sevgilər qafiləsi duran zaman

Sonra o yenə də durağında olmalı

O yenə də durağında olmalı.

 

 

***

 

Bir qaya, önü sıldırım.

Bir dağ, kölgəsi uçurum.

Ağ çiçək daşı yarmasaydı

Yeddi kəfəni, yeddi saniyədə çürütmüşdüm

Avara sərgərdan...

Yenə də çöllərin göbəyində

Torpaq soyuqluğunu axtarıram

Günəşin gəlinliyini sevmədim

Təpənin sərinliyinə inanıram

Qartal uçuşu

Çaylaqlar qorxu

Yaralı-yaralı sınırlara sarı

Və üzü aşağı enən bir ümid.

Ancaq dərənin suyu qasırğa dadı verir

Nə sahil, nə sərçə,

Nə gec, nə ertə!

Könülsüz sevişdilər

Və qızıl meşənin qələmi qırmızını sevir

Obanın boğanağı ötəri olur

Buludlar sərilincə

Dumanlar damazlıq saxlanılır.

Mən işıqlar keşikçisiyəm

Ucqarlara elçi

Dustaqlara nişanlı

Bir sürgünün son hekayəsini oxuyarkən:

“Döyüşçü yurda dönməyincə

Boz at kişnəməz

Və payız gecəsində,

Armud çiçəkləri sakuraya qısqansa

Mənim sifətimə dolu yağacaq.”

 

***

 

Kələfcələr bətnində göyərmiş çiçək idin

Məndilindən qan qopurdu

Gözlərinə daldıqca

Sözlərinə kədər hopurdu.

Qırmızıları sovuşdurmuşdun

Qaralarla yaralar ortasındaydın,

Bu sən idin, sən...

Min bir gecəni bir saatda gəlmişdin

Gəlişinlə gedişini duymadı zaman

Sən yox idin, yox...

Dörd nala çapırdılar kəhər atlarını

İndi varkən, adını yazdı yaz

Dadını dadmadı qaranquş

Adresini sıçratdı çil sərçə

Bizi ovsununa saldı sazaq

Divarların zəhminə sığındıq

Qırov bağlandıq dağdağan üzərində

Çatlaqlara bağırdıq

Daş bağlasın bu küçəni

Gəlmədi asta gəlişin

Əsmədi əsmər xəbərin

Kecikdi bütün sözcüklər

O küçə tinində yerini boş saxladıq

Tumurcuqlandı mavi həvəsin

Arxamızca su səpməyə tapılmadı ana

Pas bağlandı dilimiz.

Yağdırdılar qızıl gülləni

Yola saldılar qamçılarla

Qandallara əmanət dostum

O gecə sükutunu öpdüm,

Öpdüm dostum...

Səni vurarlar, dizi üstə çökərsən.

Günortası çalınar qara zurna:

Azadlığa ümid, dustaqları unut.

Dustaqlardan xiyabanlara dolayı yol gedir.

Biraz töşkünü dər dostum

Söylə, söylə ki, nələr gəldi başına!

Yox, yox,

Zəhər içkisinə dözümüm yox

Məni burda saxla.

Sərçənin sonu acı olur

Ertənin edamına lənət.

Sarı şəfəqin sarılığına salam,

Dumanın sərtliyinə alqış.

Gəlmədin

Və bizim görüşümüz səhərə qaldı...

 

Qeyd: Orfoqrafiyaya toxunulmamışdır.

 

“Ədəbiyyat və incəsənət”

(28.02.2023)