“Böyük günahlarımın balaca savabısan...” –Günay Nəriman ilə “Biri ikisində” Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Şeir vaxtıdır, şair Günay Nərimanın şeirləridir.

 

 

 

ŞEİR VAXTI

 

Günay Nəriman

 

MƏN HARDAN BİLƏYDİM?

 

Mən hardan biləydim, körpə uşaqkən

Kağıza çəkdiyim o cızma-qara

Sonradan alnıma həkk olunacaq,

Kağıza saldığım bütün qaralar

Yığışıb bəxtimi qaraldacaqmış...

 

Mən hardan biləydim, çilli qurbağa

Onu susdurmağa atdığım daşı

Qalxıb göy üzündən atacaq mənə…

O qədər olacaq başımın daşı,

Başdaşım atdığım o daş olacaq.

 

Mən hardan biləydim, boğduğum quşun

Ahı bir gün gəlib məni tutacaq...

Günahsız boğulan o quşcuğaztək

Ruhum çırpınaraq candan çıxacaq...

Yalandan paslanmış üzümü mənim 

Qara torpaq örtüb ağardacaqmış.

Mən hardan biləydim, hardan biləydim,

Torpağın yuduğu o ağ üzümü

Geydiyim ağ kəfən qaraldacaqmış...

 

 

NİYƏ DAŞA DÖNMÜSƏN?

Sən ki məni içində

Böyüdüb adam etdin,

Məni böyütdüyünə

İnsafın böyüyəydi,

Atıb getməzdin belə.

 

Bəlkə, Tanrıya inad

Dünyaya gətirmisən,

Heç  özün də bilmədən,

Yoxsa etməzdin belə?..

 

Səni  mələk sanırdım,

Bu yerlərin mələyi.

Üz çevirib getmisən,

Səsimə səs vermədən.

Gəl bax, böğuluram mən.

 

Quru nəfəs vermədən

Üz çevirib getmisən.

Yerlər sənə dardımı?

Ay göylərin mələyi.

 

Nə olar bircə “hay” ver,

Məni ki daş doğmadı,

Niyə daşa dönmüsən?

Buz bağlayıb ürəyin,

Əlimi üşüdürsən.

Nəfəsimi dondurub,

Dilimi üşüdürsən.

 

Cavab ver, suallarım

İçimdə buz bağlayıb.

Məni bir mələk doğdu,

Məni ki daş doğmadı,

Niyə daşa dönmüsən?

 

 

SƏNSİZ YAMAN ÖLÜRƏM

 

Böyük günahlarımın balaca savabısan,

Günahında qovrulub savabında yandığım.

Mənim ən böyük cəzam sənsizliyim boydadır,

Ən şirin cəzam da sən, dilindən aldandığım.

 

Mənmi  səni  yaratdım, sənmi məni, bilmirəm?

Bircə dənə bildiyim sənin varlığınla mən,

Nəfəs alıb-verirəm.

Hərdən də nəfəsimi elə yaman kəsirsən, 

Yaradanım da sənsən, yaşadanım da sənsən.

 

Varsan deyə, mən varam, uzaqlarda naçaram,

İkiüzlü həyatın biri sən, biri ölüm.

Mən də sənin kimiyəm, sənsizliyə düçaram,

Sənsiz yaman ölürəm, ay sənə qurban olum.

 

“Ədəbiyyat və incəsənət”

(22.02. 2023)