“Kimisi qula əyilir, kimisi padşaha tərəf...” – Faiq Hüseynbəyli ilə “Biri ikisində” Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Dərgidə kitabdır, şair Faiq Hüseynbəylinin şeirləridir.

 

 

 

DƏRGİDƏ KİTAB

 

Faiq HÜSEYNBƏYLİ

 

 

***

 

Ürəyim bir eşqin piri, məbədi,

Açıqdır pəncərəm, odam adama.

Kimsə anlamaz ki dilimdən mənim,

Doğmayam Allaha, yadam adama.

 

Başımın üstündə şeirdəndi dam,

Mən adda piyada, atlı min adam...

Var bircə istəyim, var bircə duam,

Dəyməsin qoy ağrım-qadam adama.

 

Dünyaya səs salıb füsünkarlığı,

Bu geniş dünyanın nədir darlığı?

Hər dəfə gördükdə ali varlığı

Gülərüz, sevincək, şadam adama.

 

Bu yolun sonunda əyləyimmi mən,

Solan çiçəkləri iyləyimmi mən?

Dayanıb yanıltmac söyləyimmi mən,

Bu ağac adama, badam adama?

 

Hər kəsin deyəsi sözü var, əlbət,

Söz ilahi eşqdi, söz adi şəhvət...

Yağışa çevrilə sevgi-məhəbbət,

Gözündən, könlündən dama adama.

 

Nəğməyə çevrilir sətir əllərin,

Buludlar içində itir əllərin.

İslanmış bəxtinə çətir əllərin –

Üstünə leysanlar, amma a dama...

 

Bu ruh bu bədənə gəlmədi, ey dost,

Ruh getdi, nə yaxşı, ölmədim, ey dost,

Mən gölə çevrilə bilmədim, ey dost,

Sən qal yağa-yağa, qal dama-dama.

 

Arzular yağışdı, adam islanır –

Arzular ilğımdı – yanında sanır...

Uzaqda bir damın işığı yanır,

Saxlayıb sabahı o dam adama.

 

Getmə, qaragözlüm, getmə dərinə,

Bu ömrü kim sürər sənin yerinə?

Kədərim əkizdi hər kədərinə,

Bu qədər oxşamaz adam adama.

 

 

***

 

Çox gördüm bu dünyada səbir edən dərvişləri,

Daşdan aşdı işləri.

Yetim qaldı arsuzu murada “varmışların”,

Unutma olmuşları!!!

Dirildir hərdən səni içindəki ölüm də,

Sərtdi davranışları.

Gəl götür bu günəşin yarısını əlimdən,

Ərit bütün qışları.

Sən əvvələ qayıtdın, mən sonu izləyirəm,

Qoy yerinə daşları.

Məktub yazdım, göylərə aparsın... gözləyirəm

qumruları, quşları...

Qürur əyilir, sınır, yeni düzən qurulur,

Sil daha yaddaşları...

Edam kürsülərində həqiqətlər vurulur –

Kətil üstə başları...

 

 

***

 

Hamının üzündə bir iztirab var,

Hamı qanadlanır umud üstünə.

Deyirəm, dünyanı tərs çevirəsən,

Adamlar yıxıla bulud üstünə.

Qovuşa arzular ənginliklərə,

Yerdə yer tapmayan süzə göyləri.

Min ildi yazırdıq yerin dərdini,

Gətirə bilmirdik sözə göyləri.

Deyirəm, dünyanı tərs çevirəsən,

Quşlarla balıqlar verə baş-başa.

Buludlar saxlaya dağların yükün,

Çaşdıra Allahı bu tərs tamaşa.

O da əsəbiləşə, coşa, kükrəyə,

Əfv edə, çəkməyə sözü dərinə.

Deyə, kim tərsinə çevirib rəsmi? –

Fırladıb yenidən asa yerinə.

 

 

***

 

Ürəyimi söz kimi,

Əllərində bük saxla.

Ürəyimdə eşq yükü –

Bir az da sən yük yaxla.

 

Günəşindir bu baca,

Ömür sirli bulmaca...

Balacanı balaca,

Böyüyü böyük saxla.

 

Bu şad daşı, şən daşı,

Mənə yetişən daşı,

Başıma düşən daşı

Ətəyinə tök, saxla.

 

Çıxıb dünya qəmindən,

Üzün gülsün sənin də.

Saçlarımın dənindən

Torpağına ək, saxla.

 

Qərar ver hər gününə,

Axşam-səhər gününə –

Sözü məşhər gününə

Tənha saxla, tək saxla.

 

Keçdi neçə el məndən,

Ömür məndən, il məndən.

Ətək səndən, əl məndən,

Əlimə ətək saxla.

 

Demirəm, yan Faiqə,

Bu ruh, bu can Faiqə.

Bir az inan Faiqə,

Bir azca da şəkk saxla.

 

 

***

 

Sən gedəndə qırx idi,

Əlli olsa, bir də dön.

Lal eşqin danışmağa

Dili olsa, bir də dön.

 

Dinlə, gəlir Sur səsi,

Ayrılığın nəğməsi...

Eşqin yönü, qibləsi,

Bəlli olsa, bir də dön.

 

Zaman gələr və hər gün

Vüsala yetər Yer, Gün.

Yoxlar çevrilib bir gün

Bəli olsa, bir də dön.

 

Sən ömrümün son fəsli,

Həm oxşarı, həm əsli...

Vurulmağın hasili,

Həlli olsa, bir də dön.

 

Saçım qar kimi dən-dən,

Qarışır fikrim hərdən...

Faiq sənin dərdindən

Dəli olsa, bir də dön.

 

 

***

 

Mən könül vermişəm həqiqətlərə,

Bir eşqin içindən keçib gəlmişəm.

Xızırtək varmışam ölümsüzlüyə,

Dirilik şərbətin içib gəlmişəm.

 

Allah verən ömrü eylədim yarı,

Axtardım insanda insanlıqları.

Geridə qoymuşam qaranlıqları,

Simurq qanadında uçub gəlmişəm.

 

Bir az kövrəlmişəm, bir az dolmuşam,

Sözə vurulmuşam, ilham almışam.

Bir zaman un idim, qoğal olmuşam,

Atadan-anadan qaçıb gəlmişəm.

 

Söz özü bakirə qız imiş, demə,

Sadəcə, bəxtini uduzmuş, demə.

Dünyanın bir üzü boz imiş, demə,

Mən ağı qaradan seçib gəlmişəm.

 

Ortaq et acına, ağrına məni,

Haqqına, düzünə, doğruna məni...

Qucaqla, həyat, bas bağrına məni,

Sənə qollarımı açıb gəlmişəm.

 

 

***

 

Mən həyat vermişəm bir dəli eşqə,

Nəfəsi ah edib, qafil, ölmüşəm.

Ahəstə-ahəstə dirildib sözü,

Açıb qollarımı kifil ölmüşəm.

 

Özümə sirrimi əyan etmişəm,

Həsrətdən, hicrandan həyan etmişəm.

Eşqi Yer üzünə bəyan etmişəm,

Olub məhəbbətə kəfil, ölmüşəm.

 

Sərdim ayağına bu söz ömrümü,

Ağızsız ömrümü, dilsiz ömrümü.

Xərcləyib yolunda payız ömrümü,

Mən kasıb ölmüşəm, səfil ölmüşəm.

 

Ömrü qısa oldu, çox uzatmadım,

Sənə olan eşqi eşqə qatmadım.

Mən sənin dərdindən xəstə yatmadım,

Mən sənin dərdindən qəfil ölmüşəm.

 

 

***

 

Salam olsun şadlığına,

Gözündən güldüyün günə.

Salam olsun Yer üzünə,

Göydən töküldüyün günə.

 

Gəlsin dünyanı xəlq edən,

Rizası yarpaq titrədən.

Salam olsun, ey ruh, bədən,

Özünü bildiyin günə.

 

Tən əmanət, can sadağa...

Göl olmusan yağa-yağa.

Toxum kimi bu torpağa,

Şükür, əkildiyin günə.

 

Sən adda ölkə saldılar,

Dünyanı şəkə saldılar...

Mələklər kölgə saldılar

Gəlib dincəldiyin günə.

 

Səssiz, sözsüz ağ çağından,

Qopdun – qopar gül tağından...

Həmd olsun bağlar bağından,

Qopub incəldiyin günə.

 

Sözdü – güldən yüngül kimi,

Üzün niqabı tül kimi...

Ömrümü səpdim gül kimi

Dünyaya gəldiyin günə.

 

 

***

 

Yoldu da, çəkib aparır,

Aparır bir aha tərəf.

Dünəndən bu günə tərəf,

Bu gündən sabaha tərəf.

 

Nurda əriyir kölgələr,

Qeybə çəkilir bəlkələr...

Hərdən əyilir döngələr

Savabdan günaha tərəf.

 

Sağ əl sol ələ əyilir,

Yollar var, yola əyilir.

Kimisi qula əyilir,

Kimisi padşaha tərəf.

 

Yoldu, candan cana doğru,

Yeriyir insana doğru...

Bir addım şeytana doğru,

Bir addım Allaha tərəf…

 

“Ədəbiyyat və incəsənət”

(21.02. 2023)