“Daş pilləkəndə oturub xatirələrə dalan əlli yaşlı daşa dönmüş qız...” – Aygün Yaşarın hekayəsi Featured

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Aygün Yaşarın “Yurdçu” hekayəsidir.

 

 

 

 

 

 

 

Aygün YAŞAR

 

 

 

 

 

YURDÇU

 

 

 

​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ (Həyat ən usta yazıçıdır)

 

 

 

***

 

Evin kandarındakı kiçik xalçanın üstünə ayağını qoyacağı anda​ kələ-

 

kötürlüyündən bildi ki, xalçanın altında nəsə var. Kənarını qaldırdı ki, əlini​

 

xalçanın altına salıb o nəsəni götürə. Həmin vaxtda xalçanın kənarından çıxan

 

qara​ quyruğu gördü –​ ilan quyruğu idi. Qorxudan geri atıldı.

 

– Ay Allah, evə ilan girib?! – titrək səsi böyük eyvanın pəncərələrinə dəyib

 

daş pilləkəndə çilikləndi.

 

Kimdən soruşurdu ki?! Bir də öz​ səsindən diksindi. Elə bil anasının öldüyü

 

həmin günü indi bir də yaşadı. Nənəm vay! – deyib ağlaya-ağlaya çarəsizcə

 

sağa-sola baxdı. Bilirdi ki, yaxınlıqda insan övladı adına bir ins-cins yoxdur. Ən

 

yaxın qonşu belə buradan səsini eşitməzdi: kənd evləri aralı tikilir axı. Amma yenə

 

də gözü axtardı. Atasını, qardaşlarını çağırmaq istədi, Heç olmasa Zəminə

 

yanımda olaydı – deyə bacısını arzuladı. Üşüdü. Bilmədi, qorxudan əsirdi, ya,

 

doğrudan da, soyuq idi. Nə soyuğu? Yayın ortasında soyuq nə gəzirdi buralarda?!​

 

Gözünün yaşı üzündə qurudu. Ağlamağa vaxt olacaqdı. Gecələri kim əlindən alıb

 

ki?!

 

İndi isə ilanı öldürməli idi.​ Həyətdəki odun yığdığı kümədən​ bir odun parçası

 

götürdü. İlanın quyruğunun əks tərəfindən – başının ola biləcəyi yeri təxmini

 

bəlirləyib xalçanın üstündəncə bir neçə zərbə endirdi. Qorxu adamı cəsarətli

 

edirmiş. İlanın fısıltısı, çırpınışları tükürpədici olsa da, ev sahibəsinin fikri qəti idi:

 

çağrılmamış qonağı öldürmək. Başı əzilmiş ilan bütün zəhərini sağına-soluna

 

saçaraq, nəhayət ki, öldü.

 

Ev sahibəsi​ yalnız indi onun evə niyə girdiyini düşünməyə macal tapdı:

 

lənətə gəlmiş bayırdakı istidən qaçıb sərin yer axtara-axtara buraya – yenicə sildiyi

 

daş pilləkənlərin sement suvaqlı kandarının sərinliyinə soxulub.

 

– Amma bura mənim evimdir! Eşidirsən, qara talxa? Bura hələ də mənim

 

evimdir! – acıqla pıçıldadı. Taleyinə olan acığını öz yerini bilməyən uğursuz

 

ilandan çıxdı sanki.

 

Birtəhər əlləri əsə-əsə yabanın ucunda ölü ilanı götürüb həyətdən kənardakı

 

dərəyə tulladı. Qayıdıb pilləkənin qabağındakı zəhəri, qanı su ilə yudu. Bir neçə

 

dəfə silib təmizlədi. Balaca xalçanı da yuyub, salavatlayıb dəmir teldən asdı.

 

Pilləkənin qabağına ayrı kilim sərdi.

 

 

 

– Gərək küncə-bucağa dərman-filan qoyum. Keçən dəfə də evin içində əqrəb

 

sancmışdı ayağımı. Ağrısı öldürmüşdü az qala məni. İndi də bu adıbatmış. Heç

 

keçən qış həyətə doluşan canavarlardan belə ürpənməmişdim. Tüfəngin səsinə

 

qaçışmışdılar bir dəqiqədə. O itən itdilər... Ölümdən qorxmuram e. Ölüm haqqdı

 

– nənəm deyərdi. Can nənə... – yenə göz yaşlarının üzündəki qurumuş cığırı islandı.

 

– Ölüm nədir ki? El içində qardaşlarımı xəcalətli qoyaram deyə, qorxuram belə

 

ilan-çayan zəhəri ilə ölməkdən. Allah iraq eləsin... Yığış gəl şəhərə, bacı –

 

deyirlər. Gələ bilmirəm axı, qardaş. Siz oralarda qocalmısınız, mən də bu həyət-

 

bacada. Şəhərin dörd divarı içində bağrım çatlayar üç gündə. Ömrüm bu evimizdə

 

keçib. Dədə yurdumu necə xaraba qoyum gəlim? Son nəfəsimə qədər də olsa,

 

qoymaram Xızır kişinin evi viran qaldı deyilə. Kənddə neçə evə bayquşlar

 

yiyələnib indi. Ayağı yer tutan qaçır şəhərə. Sehrangilin, Afatgilin, Qafargilin,

 

Rəfiqəgilin evləri uçulub dağılıb. Kəndin mal-heyvanı da bir yandan dağıtdı​ çəpər-

 

çoluqlarını. Bizim evi də ot bassınmı biz ola-ola?! Bu evin o günləri vardı ha...

 

Hara getdi o günlər, İlahi?!​ Qağam at belində axşamçağı həyətə yovuqlaşanacan

 

nənəm inəkləri sağıb bitirirdi. Biz də əllərində-ayaqlarında qulluğa qaçırdıq. Şam

 

namazından sonra açılan süfrənin bu başından o başı görünmürdü. Bağ-

 

bostanımızın bar-bəhərindən düzərdik süfrəyə. Nəvə-nəticələrin hay-küyü,

 

gülüşləri, gəlinlərin yaşmaqlanıb süfrəni hazırlamaları, zarafatlarımız... Nadir

 

ailəsini götürüb Almaniyaya köçəndən sonra​ nəvələrin həsrətinə heç bircə ay dözə

 

bilmədilər nənəmgil. Yarızarafat da olsa, qağam haqq edirdi Nadirə deyəndə. Nəvələrin adını çağıra-çağıra gözü açıq getdilər ikisi də. Özləri ilə

 

apardılar evin olan-qalan həyat nişanələrini də rəhmətliklər... Həyətdəki

 

heyvanların, itin, pişiyin də hüzuru var idi onda elə bil. İndi yazıq Bozdar nə

 

gündədi? Elə it günündə dedikləri bu imiş. İt də o günlərin xiffətini çəkir. Mənim

 

kimi. Əldən düşüb yazıq. Çox çəkməz, o da bu gün-sabahlıqdı. O boyda bağ

 

sovulub, hər nubaranlıqda uşaq kimi sevinərdi, əlləri ilə peyvənd etdiyi ağaclar da

 

qağamsız bəhər vermək istəmədilər... –​ gözlərini bir nöqtəyə zilləyib sanki

 

kiminləsə danışırdı. Daş pilləkəndə oturub xatirələrə dalan əlli yaşlı bu qızın özü

 

də daşa dönmüşdü sanki.​ Birdən ilanı öldürdüyü yerə - qapının kandarına baxaraq

 

səsi yetdiyi qədər ucadan bir bayatı çəkdi:

 

Əzizinəm, qardaş, gəl,

 

Uzaq ellərdən aş gəl,

 

Yolunu gözləməkdən

 

Oldum yurduma daş, gəl...

 

Hönkür-hönkür ağladı. Ürəyinin nisgilini gözlərindən boşaldandan sonra

 

özünü yenə danlamağa başladı:

 

– Allah keçsin günahımdan. Təki canları sağ olsun. Oxumağa gediblər, ruzi

 

dalınca gediblər. Allah işlərini avand eləsin. Qərib ağa imam Rza xatirinə Allah

 

qərib qardaşımı pənahında saxlasın...

 

Bu vaxt hiss elədi ki, həyətə bir maşın​ girdi. Ardınca maşının qapılarının

 

səsi gəldi. Özünü yetirib həyətə qaçana qədər doğma səslər onun qulağına

 

yetirdilər özlərini:

 

– Bozdar! Bozdar, gəl bura! Ay ata, Bozdar necə arıqlayıb?!

 

– Bacı! Ay bacı!

 

– Bibi!

 

– Can bibi! Bibi sizin qədəmlərinizə qurban olsun! – gələnlərə tərəf​

 

ayaqyalın gedən ev sahibəsinin indi yeridiyini yox, qanadlanıb uçduğunu görürdü

 

Bozdar. İt özü də sevincdən elə zingildəyirdi ki, elə bil dil açıb bu yeddi ildə nələr

 

baş veribsə, hamısını bir-bir danışacaqdı tanış iylərin sahiblərinə...                                         

 

 

 

 “Ədəbiyyat və incəsənət”

 

(17.02. 2023)