Bu gün iki şairin - Səməd Mənsurun və Əli Tudənin doğum günləridir

Rate this item
(0 votes)

 

Yanvarın 31-i Azərbaycanın iki tanınmış ədəbi xadiminin, şairinin doğum günüdür. Səməd Mənsurun və Əli Tudənin. 

 

Səməd Hacı Əhməd oğlu Kazımov 1879-cu ilin bu günündə Bakıda doğulub. O, rus-müsəlman məktəbində təhsil alıb, rus, ərəb və fars dillərini mükəmməl bilib. Bir müddət Bakıda “Səfa” Mədəni-Maarif Cəmiyyətinin məktəbində müəllim işləyib. Klassik ədəbiyyatın bilicilərindən olan Səməd Kazımov “Bəsirət”, “İqbal”, “Tuti”, “Molla Nəsrəddin” və digər mətbuat orqanlarında “Mənsur”, “Səməd Mənsur” təxəllüsü ilə şeirlər yazıb. Onun şairlik fəaliyyəti satirik və lirik istiqamətdə olub.

Yaradıcılığının birinci dövründə, yəni 1918-ci ilin əvvəlinə qədər şair klassik şeirlərlə yanaşı, əsasən, satirik əsərlər yazıb, ictimai bəlaları tənqid edib. Satiralarından birində yoxsulluq ucundan həkimə gedə bilməyən xəstələrin şikayətini onların dilindən qələmə alıb:

 

Nə cibimdə parə, nə evdə çörək var, ey həkim!

Nəbzimi bihudə sıxma, çəkmə azar, ey həkim!

 

Səməd Mənsur yaradıcılığının ikinci dövrü 1918-1920-ci illərə təsadüf edir. Şair Azərbaycan Xalq Cümhuriyyəti dövründə daha məhsuldar işləyib. Bu dövrdə “Zənbur” və “Şeypur” satirik jurnallarının ərsəyə gəlməsində onun daha çox əməyi olub. Poeziyamızın qızıl fonduna daxil edilən “Naz et”, “Sən mənim olsan”, “Həpsi rəngdir” və digər əsərlərini yazıb. Ona daha çox şöhrət qazandıran "Həpsi rəngdir" müxəmməsidir. Yaşadığı mühitdə riyakarlar, məsləksizlər arasında sənətkar sanki üsyan qaldırır, "Tapmadım aləmdə bir həmdəm ki, olsun biriya" deyə fəryad edirdi:

Nəfsi uğrunda görürsə hər bəla, hər macəra,

“Məslək”ə isnad edər, məslək, dəyanət rəngdir.

Milli azadlıq, milli mənlik, ana dili məsələləri Səməd Mənsurun yaradıcılığının ana xəttini təşkil edir. Ədib “Şeypur”da dərc etdirdiyi “Ziyalılarımız” sərlövhəli silsilə felyetonlarından birində ana dilini bəyənməyən “ziyalıları” “ruslaşdırma” siyasətindən uzaq olmağa çağırıb: “...İndi mənə deyirlər ki, hökumət müsəlmandır, gərək uşaqlar türk dili danışsınlar. Canım, sən özün yaxşı görürsən ki, burada türk dili bilən biçarələri heç qapıdan içəri qoymurlar ki, gedib dərdlərini öz köhnə ağalarına ərz eləsinlər. Sən özün görürsən ki, tamam böyüklərimiz də hələ sənin uşaqların kimi vaspitannıy adamlardı. Ağızlarının əyilməyindən qorxub, türk dili öyrənməyiblər".

Şairin yaradıcılığının üçüncü - sonuncu dövrü 1920-1926-cı illəri əhatə edir. Bu dövrdə daha çox pyeslər (“Maarif”, “Cinayət”, “Dərviş” və digər əsərləri) yazmağa üstünlük verib.

Səməd Mənsurun milli teatr tariximizdə də özünəməxsus yeri var. “Səfa” Cəmiyyətinin teatr bölməsinin rəhbərlərindən biri olan Səməd Mənsur truppanın aktyor heyətinin təkmilləşməsində, repertuar siyasətinin formalaşmasında mühüm işlər görüb. O, “Nicat” Cəmiyyətinin truppasında, “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşlarının müdiriyyəti” teatr dəstəsinin tamaşalarında da müxtəlif xarakterli obrazlar yaradıb.

1920-ci ildən sonra baş verən siyasi hadisələr, milli azadlığın, müstəqilliyin boğulması şairə olduqca pis təsir edib. Xalqına edilən zülm, təhqir onun mənəvi və ruhi sarsıntılarına səbəb olub. Dövrün haqsızlıqlarına, bəzi insanların məsləksizliyinə dözə bilməyən Səməd Mənsur 1927-ci ildə vəfat edib.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra görkəmli maarifçi, şair və publisist Səməd Mənsurun da xatirəsinin əbədiləşdirilməsi istiqamətində xeyli işlər görülüb. Onun əsərləri latın qrafikasında çap edilib, Suraxanı rayonunda xatirə lövhəsi açılıb.

Cənub həsrəti ilə yaşayıb-yaradan Azərbaycanın sevilən şairlərindən olan Əli Tudənin isə bu gün anadan olmasının 99-cu ili tamam olur.

Mühacir Azərbaycan şairi Əli Tudə 1924-cü il yanvarın 31-də Bakı şəhərində anadan olub. Əslən İrandan olan valideynləri XX əsrin əvvəllərində Bakıya köçüb, atası neft sahəsində fəhləlikdən başlayaraq buruq ustalığına qədər yüksəlib. Uşaqkən valideynlərini itirən Əli nənəsinin himayəsində böyüyür. 13 yaşında Əlinin şeirləri qəzetlərdə çap olunur. Ancaq bu sevincin ömrü uzun çəkmir. Ötən əsrin 30-cu illərindən başlayan qanlı repressiyalar onların da talelərini, yollarını dəyişir. Əli nənəsi ilə birlikdə İrana sürgün olunur. Mühacir həyatı onun tale payı olur. Orada da Əlini sakit həyat gözləmir. Ata yurdu Savalan dağının ətəyindəki Çanaxbulaq kəndində təsərrüfat işləri ilə məşğul olur. Sonra bir müddət Ərdəbildə fəhləlilik edir, vaxt tapan kimi isə ürəyindən süzülən şeirləri kağıza köçürür.

 

Sən ey baxıb neçə yerə,

Nəsə xəbər alan dünya!

Heç demirsən bircə kərə,

Nə təhərdi balan, dünya!

 

1940-cı illərdə İranda başlanan milli azadlıq hərəkatı Əlinin həyatında yeni bir səhifə açır.

Nə qədər döyüş var, mübarizə var,

Bayrağım vətəndir, silahım qələm.

- deyən gənc Əli bu hərəkata qoşulur və onun fəallarından biri olur. Milli ruhda yazdığı şeirləri ilə xalqı mübarizəyə səsləyir. 1945-ci il dekabrın 12-də Cənubi Azərbaycanda milli hökumət qurulur. Xalqını, millətini ürəkdən sevən Əli milli hökumətin Maarif Nazirliyində işləyir. “Ana dili” kitabının tərtibində və çap olunmasında xüsusi rol oynayır. Bundan əlavə, Əli Tudə İran tarixində ilk dəfə olaraq Təbrizdə Milli Filarmoniya yaradır. “Öz gözlərimlə” kitabında Əli Tudə yazır: “Bu təkcə Təbrizdə deyil, bütün İranda açılan ilk filarmoniya idi. Salondakılar intizarla səhnəyə baxır, əllərindəki konsert proqramını dönə-dönə oxuyurdular. Ancaq proqramda yazılmamış bir çıxış da vardı. Bu da konsert başlamazdan əvvəl milli hökumətin lideri Seyid Cəfər Pişəvərinin edəcəyi nitq idi. Bunu yalnız filarmoniyanın müdiriyyəti bilirdi”.

Milli hökumət onu ali mükafatla, “21 Azər” medalı ilə təltif edir. O zaman Əli Tudənin 22 yaşı vardı... Üzünə gülən taleyi yenə ondan üz döndərir. Qanlar bahasına qurulmuş hökuməti süqut edir. Əli Tudənin üsyankar ruhlu kitabları mətbəədə yandırılır. Əli Tudə barədə şah xüsusi fərman verir: “Tutulduğu anda məhkəməsiz-filansız qətlə yetirilsin!”.

O, yenidən Azərbaycana üz tutur. Budəfəki mühacirlik Əli Tudə üçün ömürlük taleyə çevrilir.

Ayrılığın həsrətini köksündə gəzdirdi və bütün yaradıcılığı boyu Vətən, Cənub həsrəti mövzusuna sadiq qaldı. Poeziya yolunda yorulmadan çalışdı və böyük Əli Tudə irsi qoyub getdi. “Cənub nəğmələri”, “Məhbusların son sözü”, “Arazın o tayında”, “Qəzəb”, “Təbriz yolu”, “Mühacir qeyrəti”, “Mənim səsim”, “Yarımçıq dastan” - bir sözlə, 40-dan çox kitabın müəllifi kimi ədəbiyyat tariximizdə yer aldı.

Əli Tudə 1996-cı il fevralın 26-da vəfat edib. Onun yaradıcılıq yolu nəsillər üçün örnəkdir. Ədəbi əsərlərindən, həyat və yaradıcılığından oxuyub-öyrənməli hələ çox şey var. Azərbaycan oğulları Vətənin cəngavər şairinin, məğrur şairinin - heç vədə öz yolundan dönməyən, öz məsləkindən əl çəkməyən Əli Tudənin indi az qala hər birisi bir şüara çevriləcək qədər mənası olan şeirlərindəki vəsiyyətlərini öz həyat amalına çevirməlidirlər.

Ruhları şad olsun.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2023)