Bakıda əsən ədəbiyyat rüzgarının ildönümü Featured

Rate this item
(0 votes)

Xəbər verdiyimiz kimi, oktyabrın bu ilk günləri 2019-cu ildə möhtəşəm bir hadisənin - Avrasiya materikinin ədəbiyyat üzrə LiFFt festivallar festivalının Bakıda keçirilməsinin ildönümüdür. Bu münasibətlə “Ədəbiyyat və incəsənət” portalı festivalin canlı şahidi olan yazıçı Kənan Hacının festival bitən kimi dərhal “Ədəbiyyat qəzeti” üçün yazdığı “Ədəbiyyat üzrə 4-cü Avrasiya festivallar festivalının unudulmayan üç günü və Bakıda ədəbiyyat rüzgarı” yazısını dərc edir.
Gəlin o möhtəşəm anları bir daha yaşayaq.

Sakit, aydın bir payız səhəri... Azərbaycanın paytaxtı Bakı şəhərində ədəbiyyat rüzgarları əsir. Dünyanın 52 ölkəsindən 150-dən çox yazıçı-şair, ədəbiyyat tənqidçiləri, mədəniyyət xadimləri Heydər Əliyev Mərkəzində "LiFFt-2019" IV Avrasiya ədəbi festivallar festivalında iştirak etmək üçün Bakıya gəliblər. Avrasiya materikinin ədəbiyyat üzrə 4-cü "LiFFt" festivallar festivalı Birləşmiş Millətlər Təşkilatının himayəsi altında keçirilir. "Avrasiya Xalqları Assambleyası" Beynəlxalq Qeyri-Hökumət Təşkilatları İttifaqının, Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi və "Söz" Layihəsinin, Bakı Kitab Mərkəzinin tərəfdaşlığı ilə keçirilən festivalın təşkilatçıları Avrasiya xalqlarının "LiFFt" Mədəni Layihələrinin İnkişafına Dəstək Fondu və Heydər Əliyev Fondudur. Genişmiqyaslı maarifçilik layihəsi olan "LiFFt" Avrasiya mədəni məkanının tamhüquqlu tərkib hissəsinə çevrilib. Avrasiya ədəbi festivallarını birləşdirən "LiFFt" 2016-cı ildən etibarən hər il keçirilir.
Builki festival 2019-cu ilin BMT tərəfindən elan edilmiş Yerli Xalqların Dilləri İli Proqramına və böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr edilib.
Festivalın məqsədi Avrasiya ölkələrində yazıçıların və oxucuların yaradıcılıq və dostluq əlaqələrini möhkəmlətmək, vahid Avrasiya ədəbi məkanı yaratmaqdır.
Festivalın əsas vəzifələrinə aşağıda sadalanan məsələlər aiddir: Avrasiya ölkələrində festival hərəkatının birləşdirilməsi, Avrasiya xalqlarının mədəniyyətlərinin qarşılıqlı zənginləşməsinə kömək, peşəkar ünsiyyət imkanlarının genişləndirilməsi, ədəbi forumlar və festivallar təşkili sahəsində təcrübə mübadiləsi, ictimaiyyətin geniş dairələrinin, oxucuların qitənin mədəni həyatında iştiraka cəlb edilməsi, mütaliənin və ədəbi yaradıcılığın təbliği, oxucu mədəniyyətinin formalaşması, bütün xalqlar üçün ortaq mənəvi-əxlaqi dəyərlərin bərqərar olması yolu ilə yazıçıların və oxucuların qarşılıqlı zənginləşməsi.
LiFFt-2019" Avrasiya festivalı Avrasiya məkanında ədəbiyyatçıların qarşılıqlı yaradıcı fəaliyyəti, yer üzündə həyatın qorunub saxlanması naminə mədəniyyətə və qarşılıqlı hörmətə, sülhsevərliyə, millətlərarası mehriban qonşuluq və həmrəyliyə əsaslanan, beynəlxalq ictimai münasibətlərin yeni modelinin yaradılmasında iştirak edən, yazıçı və oxucuların geniş dialoqu üçün nəzərdə tutulan məkandır.
Belə bir mötəbər Ədəbiyyat Festivalının Azərbaycanda keçirilməsi xalqımız, ədəbiyyatımız üçün əlamətdar bir hadisədir.  2018-ci ildə Rusiyanın Soçi şəhərində keçirilən Avrasiya materikinin ədəbiyyat üzrə III "LiFFt" festivallar festivalında 27 ölkənin 170 yazarı arasında Azərbaycan yazıçısı Varis Yolçiyev qalib olub. Qaydalara uyğun olaraq, növbəti festival qalibin vətənində təşkil olunduğundan bu il tədbirə Bakı ev sahibliyi edirdi.
"LiFFt" 98 ölkə üzrə 5 milyard əhalinin yaşadığı geniş bir ərazini əhatə etdiyindən dünyanın ən kütləvi ədəbiyyat festivallarından hesab olunur. Festivalın Azərbaycan üzrə spikerləri xalq yazıçıları Anar, Elçin, Kamal Abdulla, Çingiz Abdullayev, xalq şairi Ramiz Rövşən, akademik Nizami Cəfərov, yazıçı-ssenarist Ramiz Fətəliyev, Azərbaycan üzrə koordinatorları Varis Yolçiyev, Nigar Həsənzadə, Günel Rzayeva və Əlibala Məhərrəmzadə idi.
Oktyabrın 1-də səhər saatlarında qonaqlar artıq Heydər Əliyev Mərkəzinə üz tutmuşdu. Bir azdan "LiFFt-2019" IV Avrasiya ədəbi festivallar festivalının açılış mərasimi başlanacaqdı. Ona qədər Azərbaycan yazıçıları ilə dünyanın müxtəlif ölkələrindən gəlmiş yazıçı və şairlərin bir-biri ilə tanışlığı, ünsiyyəti başlanmışdı. Qazaxıstanın böyük şairi, Azərbaycanın dostu Oljas Süleymenov foyedə görününcə onun ətrafında qələbəlik yarandı. Şəkil çəkdirən, ayaqüstü söhbətləşən yazıçı və şairlər Oljas Süleymenovu doğma, əziz bir insan kimi əhatəyə almışdılar. Hələ 10 il bundan öncə, 2009-cu ildə Bakıda olanda mərhum Natiq Səfərovun tərcüməsində çapdan çıxmış "Az-Ya" kitabını mənim üçün imzalamışdı. Deyəndə ki, mənim kitabxanamda sizin imzalı kitabınız var, gülümsədi. Dedi ki, "onu oxumayan yoxdur, hamı "Az-Ya"dan danışır, bu kitab o biri kitablarıma mane olur, başqa əsərlərimi də oxuyun". Onun Azərbaycanda "Türklər tarixdən əvvəl", "Gil kitab", "Sözün kodu" kitablarının da nəşr olunduğunu və həmin kitabların kitabxanamda yer aldığını dedim. "Buna sevindim" - dedi, - "xahiş edirəm həmin kitablara da bir göz gəzdirin". Baş üstə, dedim.
Azərbaycan yazıçılarının, həmkarlarımın üzündəki sevinc, həyəcan hissini görməmək mümkün deyil. Biz həm də qürur hissi keçirirdik. Azərbaycanda ədəbiyyat bayramı yaşanırdı. Dünya ədəbiyyatının ünlü simaları Bakıdaydı və bu günlər ömrümüzə yazılası günlər idi.
Saat 10-da festivalın açılış mərasimi başlandı. Azərbaycanın xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev  açılış mərasimində dünyanın müxtəlif ölkələrindən festivala gəlmiş çoxsaylı qonaqları salamlayaraq dedi: "Bu payız Azərbaycan üçün sözün həqiqi mənasında ədəbi payız oldu. Bu, ilk növbədə, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyi ilə bağlıdır. Bu yubiley dövlət səviyyəsində genişmiqyaslı silsilə tədbirlərlə qeyd edilir. Sevindirici haldır ki, "LiFFt-2019" IV Avrasiya ədəbi festivallar festivalı Bakıda keçirilir. Dünyada insanları ədəbiyyat, mədəniyyət qədər birləşdirən başqa bir qüvvə yoxdur. Bu gün müxtəlif dillərdə danışan insanlar ədəbiyyat vasitəsilə bir-birilə ünsiyyət qurur, ədəbi körpülər yaranır. Bu, ədəbiyyatın ən böyük uğurudur". Anar müəllim festivalın işinə və iştirakçılara uğurlar arzuladı.
Sonra "LiFFt" Avrasiya Xalqlarının Mədəni Layihələrinin İnkişafına Dəstək Fondunun direktoru, "Şairin və rəssamın kitabı" layihəsinin müəllifi rəssam Anvar Almuxametov çıxış etdi. O, festivalın təşkilatçılarına, xüsusən Heydər Əliyev Fonduna və "Avrasiya Xalqları Assambleyası" Beynəlxalq Qeyri-Hökumət Təşkilatları İttifaqına təşəkkürünü bildirdi.
Festivalın Təşkilat Komitəsinin sədri, "Avrasiya Xalqları Assambleyası" baş katibinin birinci müavini, Baş katibliyin rəhbəri Svetlana Smirnova "LiFFt-2019" IV Avrasiya ədəbi festivallar festivalının "gözəl ölkənin gözəl paytaxtında" keçirilməsinə yaratdığı imkana və dəstəyə görə Avrasiyanın çoxmillətli ədəbi ailəsi adından Heydər Əliyev Fonduna və şəxsən Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirdi. "Artıq ikinci gündür ki, festival iştirakçıları isti, doğma münasibətlərlə əhatə olunub, mahnı və rəqslər onların ruhunu oxşayır, Azərbaycan mətbəxinin ləziz təamlarından həzz alır, ən başlıcası Azərbaycan xalqının ürək genişliyini, qonaqpərvərliyini görürlər", - deyən S.Smirnova çıxışının sonunda festivalın loqosunu xatirə olaraq Azərbaycan Yazıçılar Birliyinin sədri Anara hədiyyə etdi.
Sonra "LiFFt-2019" IV Avrasiya ədəbi festivallar festivalının prezidenti və səfiri Marqarita Al çıxış etdi. O, Avrasiya qitəsinin bütün guşələrindən Bakıya gəlmiş yazıçıları və oxucuları salamladı. Onun sözlərinə görə, festival həmişə həmrəylik vasitəsidir və bu mənada "LiFFt-2019" IV Avrasiya ədəbi festivallar festivalı unikal bir hadisədir.
Sonra festivalın laureatları - rusiyalı şair, fəlsəfə elmləri doktoru, filosof və ədəbiyyat tənqidçisi, "metametafora" termininin və metakodun fəlsəfi nəzəriyyəsinin müəllifi Konstantin Kedrov-Çelişev, qazax şairi, yazıçı və ədəbiyyatşünas, Qazaxıstanın xalq yazıçısı, ictimai-siyasi xadim, diplomat Oljas Süleymenov, Azərbaycan yazıçısı, Azərbaycanın "Qızıl kəlmə" ədəbi mükafatı laureatı, yazıçıların Nyu-York Beynəlxalq Konqresinin iştirakçısı, festivalın ötənilki qalibi Varis Yolçiyev çıxış etdi. O, belə bir mötəbər, beynəlxaq ədəbiyyat festivalının Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsindən qürur duyduğunu dedi. Təntənəli açılış mərasiminin sonunda festivalın bayrağı səhnəyə gətirildi və Azərbaycan nümayəndəsi, yazıçı Varis Yolçiyevə təqdim edildi. Festivalın himni səsləndi. Sonra festival öz işinə başladı.
Qələm dostlarımızın sevincini paylaşmaq izaholunmaz bir hissdir. Hamı bir-birinə "tarixdə ilk dəfədir ki, Azərbaycana eyni vaxtda dünyanın müxtəlif ölkələrindən bu qədər yazıçı gəlir" deyirdi. Sözün, sənətin müxtəlif dillərdə danışan insanları birləşdirməsi doğrudan da möcüzə və fövqəladə bir duyğudur. Ədəbiyyatlararası dialoq, sözsüz ki, bütün xalqların ədəbiyyatının inkişafına, zənginləşməsinə xidmət edir. Azərbaycanın da bu görüşlərdən öz payını götürəcəyi şəksizdir.
Birinci plenar iclas "Müasir dünya ədəbiyyatının qlobal trendləri - gələcək dünya və gələcək insan obrazlarının proqramlaşdırılması və modelləşdirilməsi" mövzusuna həsr edildi. İngilis poeziyasının tanınmış nümayəndəsi, Kembric Universitetinin professoru Riçard Berenqartenin moderatorluğu ilə keçirilən iclas olduqca maraqlı keçdi. İclas müasir və gələcək sosial proseslərdə ədəbiyyatın rolu, ədəbiyyatın insan və cəmiyyətin inkişafında əhəmiyyəti, ədəbiyyatın yaratdığı modellərin müasir dövrdə təzahürü mövzusunda iştirakçıların maraqlı çıxışları ilə yadda qaldı.
Türk avanqard şeirinin öncüllərindən olan Tuğrul Tanyolun moderatorluğu ilə keçən plenar iclas "Müasir poeziya ədəbiyyatın önündə gələcək insan və cəmiyyət obrazlarını proqramlaşdırır" mövzusunda idi. Rus yazıçısı Konstantin Kedrovun, Serbiya Yazıçılar Birliyinin sədri, şair-ədəbiyyatşünas Radomir Andriçin, akademik Nizami Cəfərovun çıxışlarında poeziyanın müxtəlif üslubları və növləri, gələcəkdə poeziyanın aktuallığı, müasir dünya poeziyasında gələcək cəmiyyətin hansı obraza üstünlük verməsiylə bağlı olduqca maraqlı fikirlər səsləndi.
Üçüncü plenar iclas "Müasir qlobal dünyada insanların qarşılıqlı anlaşmasında və gələcək dünyanın formalaşmasında ədəbi tərcümənin artan əhəmiyyəti" mövzusunda idi. Rus yazıçısı Sergey Dmitrienkonun moderatorluğu ilə keçirilən iclasda Polşa yazıçısı Kşiştov Şatravski, rumın şairəsi Leo Butnaru, ispan şairi Raquel Lanseros müasir mədəniyyətlərarası ünsiyyətin əsas vasitəsi kimi ədəbi tərcümənin zəruriliyi və əhəmiyyəti, gələcək dünyanın formalaşmasında ədəbi tərcümələrin rolu mövzusunda çıxışlar etdilər.
Daha sonra isə festivala Azərbaycandan qatılmış müsabiqə finalçılarının təqdimatı başlandı. Festivalın laureatları sırasında istedadlı qələm dostlarımız Əjdər Ol,  Əyyub Qiyas, Günel Eyvazlı, İbrahim İlyaslı, Fərid Hüseyn, Mübariz Örən, Azər Qismət, Yaşar Bünyad, Qəşəm Nəcəfzadə, Əkbər Qoşalı, İntiqam Yaşar, Ümid Nəccari, Ulucay Akif, Nərgiz İsmayılova, Sadıq Qarayev, Xəyal Rza, Aləm Kəngərli, Ülviyyə Heydərova, Şahanə Müşfiq və digərləri var idi. Azərbaycan ədəbiyyatının Beynəlxaq Festivalda iştirakı və laureat statusunda təmsil olunması fərəh doğurur və dünya ədəbi sferasında Azərbaycanın gələcək uğurlarını şərtləndirir.
Axşam saatlarında ədəbiyyat üzrə "LİFFt-2019" IV Avrasiya  festivallar festivalının qonaqları və iştirakçıları böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən Nəsimi festivalının təntənəli bağlanış-qala tamaşasında iştirak etdilər.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edirdilər.
Qala-gecədə Azərbaycanın incəsənət xadimlərinin, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Milli Konservatoriyanın nəzdində yaradılan qədim musiqi alətlərindən ibarət "Əsrlərin sədası" ansamblının, həmçinin Türkiyə, İran, İordaniya və Mərakeşdən dəvət olunan musiqiçilərin,  amerikan caz ifaçısı Dan Tepferin, xanəndə Elsevər Muradovun ifaları dinlənildi. Tamaşada dahi şair İmadəddin Nəsiminin müxtəlif yaşlardakı obrazı aktyorların təqdimatında canlandırıldı.
Festivalın ikinci günü yaddaqalan tədbirlərlə zəngin oldu. İştirakçılar və qonaqlar Qubaya səyahət etdilər. Festival çərçivəsində Qubadakı "Şahdağ" otelində Avrasiya ölkələrindən olan yazıçılar, şairlər, dramaturqlar, ədəbiyyat tənqidçiləri və mədəniyyət xadimlərinin iştirakı ilə ədəbi görüş keçirildi. Əvvəlcə qonaqlar Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdilər. Lev Qumilyov Mərkəzinin direktoru Olqa Medvedko və Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Əlibala Məhərrəmzadənin moderatorluğu ilə keçirilən ədəbi tədbirdə Avrasiya ölkələrində yazıçıların və oxucuların yaradıcılıq və dostluq əlaqələrini möhkəmləndirmək, vahid Avrasiya ədəbi məkanı yaratmaq və digər mövzularda maraqlı fikir mübadiləsi aparıldı.
Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin əsərlərini ingilis dilinə tərcümə edən Riçard Berenqarten çıxışı zamanı böyük mütəfəkkir şair İmadəddin Nəsimiyə həsr etdiyi şeirini oxudu.
İtaliyalı Nobel mükafatçısı Paolo Rufilli Quba Soyqrımı Memorial Kompleksini ziyarətdən sonra sarsıldığını, 100 il əvvəl baş verənləri dəhşətli hadisə adlandırdı. "İnsan eşitdiklərindən dəhşətə gəlir. Elə buna görə mən o kədəri əks etdirən şeirimi oxumaq istəyirəm", - dedi və şeirini oxudu.
M.Qorki adına Ədəbiyyat İnstitutunun prorektoru Sergey Dmitrienko çıxışında azərbaycanlı gənclərin öz institutlarında tələbə kimi təhsil almasını arzu olaraq dilə gətirdi: "Bizim üçün böyük şərəfdir ki, bu festival rusların, azərbaycanlıların və digər millətlərin birlikdə, mehriban yaşadığı bir ölkədə keçirilir. Yazıçı həqiqəti yazmırsa, o, artıq yazıçı deyil. Əfsuslar olsun ki, son on il ərzində bizim instituta Azərbaycandan tələbələr gəlmir. Biz istərdik ki, onlar gəlsinlər, keçmişdə olan ədəbi tərcümə vərdişlərimizi və əməkdaşlığımızı itirməyək. Bu ənənə bərpa olunsun. Azərbaycanda olan inkişafı rus oxucusuna çatdırmaq lazımdır. Bizdə oxuyan tələbələrin təhsilləri pulsuzdur. Biz özümüz onlara təqaüd veririk. İnanırıq ki, gələn il bizə tələbələr gələcək. Arzu edirik, Bakıdan, Gəncədən, Lənkərandan, Qubadan olan gənclər institutumuzda təhsil alsınlar".
Özbəkistandan gəlmiş Rüstəm İqbol bildirib ki, ölkəsində Azərbaycan ədəbiyyatına böyük maraq var. "Biz tanınmış Azərbaycan yazıçılarının əsərlərini tərcümə edirik. Bizim ədəbi dostluğumuz əbədidir. Çox gözəl ahəngli diliniz var. Sizin xalqı sevməmək mümkünsüzdür", - deyə R.İqbol bildirdi.
İsraildən olan Geldman Mordexay isə Qubaya gözəl bir bayrama gəldiyini, lakin gördüyü soyqırımı mənzərəsinə görə təsirləndiyini dedi. "Burada mənim xalqım daşnaklar tərəfindən soyqırımına məruz qalıb. İsraildə bizim belə komplekslərimiz çoxdur. Bu dərd bizim ortaq dərdimizdir. Kompleksdə gördüklərim məni yaddaşımda olan acı xatirələrə qaytardı. İnsanın yaddaşını itirməsi fəlakətdir. Tarixi yaddaşı heç itirmək olmaz. Mən kompleksdəki şəkillərə baxdım və Polşada qətlə yetirilən yəhudiləri xatırladım".
Mərakeşli yazıçısı Camal Behanyan, Norveçdən olan yazıçısı Erdinq Kitelsen, Belçikadan gələn Silviya Mari çıxış edərək "LiFFt-2019" IV Avrasiya ədəbi festivallar festivalının əhəmiyyətindən, ədəbiyyatın dünyanı dostlaşdırmasından danışdılar.
Eyni zamanda festival çərçivəsində Bakı və Sumqayıt şəhərlərinə ekskursiyalar da təşkil edilmişdi.
Heydər Əliyev Mərkəzində keçirilən plenar iclaslardan biri də "Ədəbiyyatın gələcəyi: Yazıçılar və oxucular birliyi" adlanırdı. Nəsr, dramaturgiya və tənqid, müxtəlif regionlarda və qitələrdə gələcək yazıçı və oxucu obrazının inkişaf etdirilməsi və yenidən formalaşdırılması mövzusunda çıxışlar oldu. Gürcü şairi, köhnə dostumuz Şota İataşvili çıxışında - "bugünün oxucusu çox istəyir ki, yazıçı olsun" - dedi və bunun həm mənfi, həm də müsbət xüsusiyyətləri haqda danışdı. Rus tənqidçisi Lyudmila Vyazmitinovanın çıxışı da maraqlı məqamlarla yadda qaldı. Tənqidçi bildirdi ki, bugünün tənqidçisi, əslində, gələcəyin oxucularına xitab edir və o, sadəcə, izah edəndir, o, bədii mətnləri izah edir və oxucunu mətnin oxunuşuna hazırlayır. İsrail dramaturqu İdo Natenyahu çıxışında "ədəbiyyatın var olması oxuculardan asılıdır, oxucunun var olması üçün isə yazıçı çox iş görməlidir" - dedi. Rus şairi Yevgeni Popov yazıçı və oxucu obrazının tərifini verməkdə çətinlik çəkdiyini dedi və belə bir misal çəkdi: "Qırxayağa sual verirlər ki, sən necə yeriyirsən? O necə yeridiyini izah etməyə başlayanda gördü ki, artıq yeriyə bilmir". Y.Popov onu da qeyd etdi ki, yazıçı nə qədər desə ki, mən özüm üçün yazıram, onun mütləq bir-iki oxucusu var. Əgər yazıçını 2 nəfər oxuyursa, demək o, həm də başqaları üçün yazır.
Bu mövzuda fransız şairi Martin Dinkof, Almaniya yazıçısı Gerald Qroxler, Estoniya dramaturqu Vadi Urmas, ABŞ-ın nümayəndəsi Aleksandr Selimov maraqlı fikirlərini bildirdilər.
Sonra xalq yazıçısı Kamal Abdullanın moderatorluğu ilə "Avrasiya notası-dünyanın gələcəyi üçün model kimi müxtəlif ölkələrin və xalqların ədəbiyyat və mədəniyyətlərinin qarşılıqlı əlaqələri" mövzusunda plenar iclas keçirildi. Hindistan şairəsi Mamta Saqar, Koreya şairəsi Han Sunq Rea, Bolqarıstandan Marin Stoyanov, Rusiyadan Marsel Salimov, Çindən Meyer, Ukraynadan Natalya Varenik, İsveçdən Mimmi Berqstrom mövzu üzrə çıxışlar etdilər.
Bakı Kitab Mərkəzində görkəmli qazax şairi və ictimai-siyasi xadimi Oljas Süleymenovla görüş keçirildi. Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, yazıçı-publisist İlqar Fəhmi gecəni açaraq ölkəmizə gəldiyinə və Azərbaycan xalqına həmişə səmimi münasibət bəslədiyinə görə yüksək qonağa təşəkkür etdi. O qeyd etdi ki, ölkəmizdə Oljas Süleymenovun yaradıcılığına böyük maraq var. Onun kitabları böyükdən-kiçiyə hamı tərəfindən böyük sevgi ilə oxunur. İ.Fəhmi deyib: "Bu gün bu qədər çox insanın sizi görməyə gəlməsi çox mətləbdən xəbər verir".
Oljas Süleymenov öz təəssüratlarını belə ifadə etdi: "Bakı inanılmaz dərəcədə gözəl şəhərdir. Mən hər dəfə paytaxtınızın gözəlliyinə və bakılıların qonaqpərvərliyinə heyran oluram. Bu dəfə isə mənə gözəl Sumqayıt şəhərinə getmək nəsib oldu. Sumqayıt məndə gözəl təəssürat yaratdı. Sevindirici haldır ki, Azərbaycan sürətlə inkişaf edir. Çox sevinirəm ki, ölkənizdə mənim yaradıcılığımı yüksək qiymətləndirirlər. Bu görüşü təşkil etdiyinə görə Bakı Kitab Mərkəzinin rəhbərliyinə də təşəkkür etmək istəyirəm".
Axşam "Söz" Layihəsinin keçirdiyi poetik-musiqili fikir gecəsi də yaddaqalan oldu. İngilis şairi Riçard Berenqartenin eksperiment olaraq yazdığı şeirləri səsləndi. Rus şairi və musiqiçisi Viktor Pelenyaqrenin oxuduğu mahnılar tədbirə rəngarənglik qatdı. Xalq şairləri Ramiz Rövşən və Sabir Rüstəmxanlının çıxışları da yaddaqalan oldu.
Tədbirin üçüncü günü "Müasir Avrasiya yazıçıları" antologiyasının təqdimatı və Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olaraq Azərbaycan dilində nəşr olunan xarici müəlliflərin - Radomir Andriçin, Tuğrul Tanyolun, Leo Butnarunun kitablarının təqdimatı keçirildi.
Rus Kitabı Evində avanqard türk şeirinin öncüllərindən olan Tuğrul Tanyolla görüş də maraqlı keçdi. Tuğrul bəy möhkəm soyuqladığını və bu səbəbdən rahatsız olduğunu dedi. Amma tədbir başlayınca xəstəliyini unutdu, şövqlə ədəbiyyat, sənət haqqında maraqlı fikirlər səsləndirdi. Şair özünün təcrübələrini, yaradıcılıq sirlərini oxucularla bölüşdü. Tuğrul Tanyol fransız avanqard şeirindən daha çox təsirləndiyini bildirdi. Haydar Ergülən və Adnan Özerlə bir ədəbi platformada çıxış etdiyini dilə gətirdi. Görüşdə şair Fərid Hüseyn, şair Aysel Əlizadə, professor Cavanşir Yusifli, şair Həyat Şəmi və yazıçı Kənan Hacı şairin yaradıcılıyla bağlı fikirlərini bildirdilər.
Axşam saatlarında Heydər Əliyev Mərkəzində ədəbiyyat üzrə "LİFFt-2019" IV Avrasiya festivallar festivalının qonaqlarının və iştirakçılarının təntənəli şəkildə qırmızı xalça üzərindən keçidi və fotosessiya oldu. Üç günün yorğunluğu yazıçı Varisin simasında hiss olunur. Bütün təşkilatı məsələlərin əsas yükü həm də onun üzərində olduğundan nəfəs dərməyə macalı olmur. Amma hamımız kimi, o da xoşbəxtdir. Bakıda ədəbiyyat rüzgarı əsir.
Oktyabrın 3-də Heydər Əliyev Mərkəzində "LiFFt-2019" IV Avrasiya ədəbi festivallar festivalına yekun vuruldu. Bağlanış mərasimində Avrasiya Xalqları Assambleyası Baş katibinin birinci müavini Svetlana Smirnova və festivalın prezidenti Marqarita Al çıxış etdilər. Çıxışçılar "LiFFt-2019" festivalının yüksək səviyyədə təşkilinə görə dövlət başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildirdilər.
Festivalın müxtəlif nominasiyalar üzrə qaliblərinə mükafatlar təqdim olundu. Qızıl medala türk şairi Tuğrul Tanyol layiq görüldü. Tədbirdən sonra Tuğrul Tanyola yaxınlaşıb təbrik etdim və hansı hissləri keçirdiyini soruşdum. Şair bu sözləri dilə gətirdi:
"Bu mükafatın mənə məhz Azərbaycanda təqdim olunmasından qürur hissi keçirdim. Layiq görənlərə sonsuz təşəkkürlərimi bildirirəm!".
Bakıda keçirilən bu möhtəşəm Ədəbiyyat Festivalı uzun müddət yaddaşlardan silinməyəcək.