“Yaman yada saldı bu gecə səni…” - Vahid Əzizin poetik dünyası Featured

Rate this item
(0 votes)

Allahverdi Eminovun Xalq şairi Vahid Əzizin şeirləri haqqında “Bir həftənin payız ritmləri” resenziyasını təqdim edirik

 

 

 Qəribə görünməsin başlıq. Məgər şeir həftəlik olur? Yoxsa poeziya da payızı - ilin son ayları kimi "qocalır?" Belə düşünməzdim: şeir məhz bir saatın, bir günün və bir həftənin içində yazılır. Yaradıcılıq psixologiyasının təsdiqidir bu qənaət. Necə ki, mən böyük şairimiz Vahid Əzizi şəxsiyyət kimi poeziyasına da yaxından bələdəm. Desəm onun yaradıcılığını həmişə izləmişəm və xeyli silsilə məqalələr yazmışam. Günlərimiz olub, soyuq qış gecəsində soyuq otaqda isti söhbətlər etmiş, hətta bir şeirin yaranmasının şahidi olmuşam. Bəli, bir gecənin intizarında "Bahar" şeiri hasilə gəlib. Təzad deyilmi? Məhz poeziyanın da qəribəliklərindən biri də bu ovqata şairi kökləməkdir!

Vahid Əziz haqqında uzaqan başlamağı bir kənara qoyuram; onun poetik yaradıcılıq psixologiyasında maraqlı cəhətlər az deyil: O, olub aylarla, hətta ilcə bir şeir belə qələmə almamışdır, olub gecə yarıdan keçmiş mənə telefon açmış, bir neçə şeirini "mürəkkəbi qurumamış" oxumuş, ürəyini sadiq oxucusuna açmışdır. Mən səhəri diri gözlə açmışam, təəssüratımı bir yazımla yumşaltmışam. Poeziya təbii ki, şairin sirridir yazılana qədər - onu qoruyur müəllifi - sonra daha onun deyil, minlərin, milyonların ünvanıdır. Poeziyanın sirlərinə hələ də varid olunmur nədənsə, səbəbi nə? Şairdən ummağa nə var, yazır və oxuyuruq. Məsələ şeirin yaranma möcüzələrini araşdırıb az-maz tapmaqdır. Dəfələrlə demişəm: - Şeir (poeziya) kəşfdir, şeir oyundur, misralar əvvəlcə şairilə "gizlənpaç" oynayır, bəzən tapılmır da. Sonra özü üzə çıxır və məhrəmanə misralar bir-birinə sığınır, bir-birinə qısqanmır. Bir şərtlə: şairin ovqatı, sevgi həsrəti, olmuş duyğuların oyanışı səslənsin təxəyyülündə, qəlbindəg

Vahid Əzizin son şeirlərində ("Ədəbiyyat" qəzeti, 09.12.17) mən bu əlamətləri sezdim. Bir istəyin - sevginin mütəhərrik səslənməsi. Bir istəyin - sevginin həzin həsrəti. Bir ümidin - sevginin ölməzlik himni:

 

Gülüm, axı məni hamı tanıyır,

Bilmədiyin nə öyrənib getmisən?

İndiyədək çəmən məni qınayır,

Çiçəklərə gileylənib getmisən.

 

Yar olmaya, canım sənə qəfəsmiş,

Aramızdan nə çatlayıb, nə əsmiş?

Bəlkə sevgi sənin üçün həvəsmiş?

Ətrafında veyillənib getmisən.

 

...Sevənlərdir xatirələr qoruyan,

Torpaqları göz yaşıyla qoruyan.

Yollar çoxdur insanları ayıran,

Hara baxsan şaxələnib getmisən...

 

Sevginin sirri də bundadır: vaxtında tutdun - səninlə birgə qocalar, yaşlaşar və daşlaşar; buraxdın - əlindən çıxdı - sədaqət umma ondan. Sevgi axı məhəbbət deyil ki, hər bir əşyada: canlı da, cansız da insanı gözləyir. Sevgi böyük dərd-hicran qoyub uzaqlardan boylanar, ta payızacan. Vahid Əzizin poeziyasına bu payız qəfil, gözlənilmədən gəlib və neçə-neçə şeir yazdırıb. Əlbəttə, şabaşı ilə. Payızın varı da ağaclardan yığdığı yarpaqlardır ki, bir gün ömür "oynayanda" şabaş verir.

 

Bulud üç bir, iki bir,

Yavaş-yavaş yağdırır.

Yollar boyu toy gedir -

Payız şabaş yağdırır.

 

Daşınmaqda ot-ələf,

Qoymarıq olsun tələf.

Su içində bu tərəf,

Ya da o baş, yağdırır.

 

...Bir eşq sinəmin altda,

Od-alov çataçatda.

Qız-gəlin zarafatda -

Təndir lavaş yandırır.

 

Əsl payız ritmi. Mənə rus şairi Nekrasovun məşhur "Biçilməmiş ot" şeirini xatırlatdı...

Payız küləklərlə gəlir və şairin sümüyünü sızladır, ilahidən gələcək şeir payının intizarını gözləyir, qəribə deyilmi? Təsadüfi qənaətə gəlinməyib: şairlər Allaha daha yaxın insanlardır, inanıram. Payız Vahid Əzizdə həm də yaradıcılıq potensialına stimul gətirir. Onun şəhadətinə görə, ən məhsuldar işləməsi payız fəslinə düşür.

Bu da yaradıcılıq psixologiyasının bir əlamətidir və "Küləklər Bakıya qarlar gətirir", "Əsl Bakı havasıdır bu hava" şeirlərini "diqtə" etmişdir. Birinci şeir zəngin poetik atributları ilə diqqəti cəlb edir, şairin gerçək təxəyyülünün inikasıdır, yoxsa şeirin ahəngi - harmoniyası pozula bilərdi:

 

Küləklər Bakıya qarlar gətirir,

Yasamal bəyazlıq geyir əyninə.

Bakı elə bil ki, duzun itirir,

dənizi səpirlər küçələrinə.

 

Küləklər dağlardan qarlar gətirir,

baxdıqca görkəmi göz oxşayacaq.

"Dağlı təndirini" alov isidir,

Çörək bişirdikcə köz oxuyacaq.

 

Sulu qar küləklə qapını açdı,

dağlarda o qədər qartopu atdım.

bir topa ovcumdan yollara qaçdı,

onu gəzə-gəzə Bakıya çatdım.

 

Poeziyanın öz şeiriyyəti var və şairin ilhamı fəslin bakirəliyindən qida almalıdır, misralar detallarla obrazlaşmalıdır. Vahid Əziz payızı oxucuya yalnız təbiətinə görə çatdırmır - buna nə ehtiyac - payızın doğurduğu ovqat, oyatdığı düşüncələr, hisslərin təmizliyi - bu "üçlük" estetik zövqün gücünü büruzə verir.

Oxucu bir növ - yox, həqiqi mənada zənginləşir. Qar gətirən, küləyi, yedəyində daşıyan payız Bakının, elə bütöv məkanın həmişəlik qonağı ola bilməz, bu, yeknəsəklik olardı.

 

Qışın bu şəhərdə həyatı qısa,

Qar yerdə uzağı, iki gün qalar.

Küləklər ya könlün açar bir qıza,

Ya da örpəyini başınnan alar.

 

Xırda detaldır, ictimai mətləbə ehtiyac da yoxdur, amma qar çirki içinə çəkib əridib bu kiri-pasağı özüylə aparması - ehtiyac var.

Qardan sonra bəyazlıq, "təşvişə" düşmür, gilavara ehtiyac var ki, dənizə tələssin, xəzrini qabaqlasın. Məncə, ölməz şairimiz Sabirin "Uşaq və buz" şeirinin ab-havasını duyan cocuğun hisslərini xatırlatdı!

İkinci şeirində Vahid Əzizin öncə, duyğu azadlığı qabarıqdır. Vətənin sosial və mənəvi ponoramı. Hər bir dürlü iş görünür və müəllifin dərindən yaşantısı. Mənəvi mərdliyin təzahürü və poetik məftunluq. Və bir qədər keçmişə qayıdım:

 

Bir arada səngimişdi rüzgarlar,

Elə bil ki, qoyulmuşdu girova.

Bir az isti, bir az soyuq, bir az qar -

Əsl Bakı havasıdır bu hava.

 

Və şair əhval-ruhiyyəsinin poetik işığı, coşğunluq yüksəlişinin görüntüsü: sevgidən başlanan insan ruhi ehtiyacının ödənişi. Bu, gənclərin "elçi daşı"ndan başlayıb haqq və həqiqətdə toxdayır. Şair "elçi daşından" təsadüfi başlamır:

 

Nələr çəkər qəlblər elçi daşında,

Oğlanları sevər on beş yaşında.

Şimşək çaxar gözəllərin başında -

Əsl Bakı sevdasıdır bu sevda.

 

Və xüsusi şairlik zövqü ilə məmləkətimizin Abşeron məkanının təbii nemətlərini tərənnüm edir:

 

Bağlarında qızıl güllər al yanaq,

Ləzzət verər şor qoğalla qayğanaq.

Ətri gözəl, qənd, zəfəran, xeyli yağ -

Əsl Bakı halvasıdır bu halva.

 

Gözəl Bakı Abşeronun maralı,

Qala bilməz Xəzərindən aralı,

Duyulmaqda dəyişdikcə əhvalı -

Əsl Bakı qovğasıdır bu qovğa...

 

Vahid Əzizin payız ritmləri ovqatında estetik idealın (poeziyaya məxsus təyinat) bədii şərhidir, insanın içində və şüur fəhmində canlanan nüansların təsiridir. Oxucu bu poetik aktı qeydsiz-şərtsiz qəbul edir.

Yenə şeirin baş qəhrəman şair mənidir. O, oxucu sevincinə və kədərinə şərik çıxır, baxmayaraq poeziyada "görünmür", amma oxuyan kəs dünyanı unudur, emosionallıqdan düşüncəyə gəlir, fikir sözə çevrilir, maddiləşir.

Şairin "Savayı" şeirində haradasa real Mən var ki, uzaq illərə qayıtmaq istəyir; alınacaqmı?

 

Körpə idim - yerim isti, özüm tox,

Nə istəsəm yetişərdi havayı.

Öyünməyə daha gözəl günüm yox,

El-obamda o günlərdən savayı.

 

Xəyalımda ömrün hər bir yaşında,

Gözlədiyim soyuq elçi daşında.

Nə diləyim beşiyimin başında,

Nə deyən dodaqlardan savayı.

 

Həzinlik, ana nəvazişi, beşik fenomeni; bunlar necə də xoşdur, bir şair varlığının keçmiş daş abidəsidir. Lakin heç də belə getmir ömrün axarı: münasibətlər haqqında təsəvvürlər, xeyir və şərin izləri, əməllərin və hadisələrin dolaşmış düyünləri və nəhayət:

 

Mərd olanı zindan belə sındırmır,

Zirvələrdə qarlar belə dondurmur.

Bu dünyada heç nə məni yandırmır -

Odu sönmüş ocaqlardan savayı...

 

Ocaq sönməsin, sönərsə özüylə səadət və şöhrət nurunu da aparır, əvəzində təşvişli və həyəcanlı payızı gətirir. Şairin - müəllifin mənəviyyat və əxlaqca təmiz Məni!

Şairin mövcudata poetik baxışı - bədii arxelogiyaya sövq etməsi! Şairin psixoloji və həyat qütblərinə güclü meyli! Bu "triada"nın doğurduğu assosiativ çalarlar - mən poeziyaya bu zövq pəncərəsindən baxıram.

Pəncərələri tam açmaq hər tənqidçiyə nəsib olmayan ümiddir. Və narahatçılıq da keçirirsən: nə vaxtsa peşəkar tənqid poeziyanın, hətta bir şeirin poetikasının anatomiyasını açmalı olacaqdır.

Subyektiv hisslərindən uzaqlaşacaqdır, əsl poetik nümunələrin dəyərini çəkəcəkdir. - Sualsız! Mərhum professor Cəfər Cəfərov yazmışdır:

"Tənqidçinin də xoşuna gələn və ya gəlməyən cərəyanlar, üslublar, məktəblər vardır, lakin tənqidçinin başlıca silahı bu özünəməxsusluq deyildir, onun gücü obyektivliyindədir ki, bunun xatirinə o, çox zaman subyektiv hisslərindən əl çəkməlidir".

Vahid Əziz poeziyasına, hələlik qiyməti verilməyən bu dolu yaradıcılığa da şamil etməkdən çəkinmirəm. Belə zəngin şairlərimizin yaradıcılığı nəzərdən qaçırılmamalıdır.

Unutmayaq hər bir ömrün, xüsusilə, söz, fikir adamının illəri nə vaxtsa payıza dirənir, yalnız bu zaman kəsiyində tərəflər kəsilmir. Gec deyilmi? Onu unutmayaq ki, əsl şairlər və poetik ürəklilər nə yaxşı öz kökündən düşmür, gözəlləri unutmur, hətta bir gecənin həzinliyinin həsrətini arzulayırlar.

Həsrətin, intizarın enerjisi sönmür. Vahid Əziz "Yaman yada saldı bu gecə səni" şeirində nəydi pıçıldadığı.

 

Qəlbimi çəkdiyim həsrət üşüdür,

Köksüm isindikcə şəkillərini

Yoxluğun yandıran olmazdı bu cür -

Yaman yada saldı bu gecə səni.

 

Səni xəyalımda tutub gedirəm,

Özgə kimim var ki, pənah gətirəm?

Qorxuram özümü elə itirəm -

Boynuna sarmanam görüncə səni.

 

...Yuxuda lal-dinməz keçdin yanımdan,

Həyatda dözməzdim havalanmadan.

İnan ki, canını barmaqlarımnan

Didərəm, yanımdan gedincə sənin...

 

Bu da şairin içində boğduğu ehtirasın həsrəti! Onu söndürməyə dəyərmi? Şairin iztirab aləminin məsud və səadət səltənətinin nikbin şöhrət nuru. Haçansa yanacağı alovun son yeri, son közərtisi...

Vahid Əziz poeziyasının payız ritmləri beləcə yarandı, ilahiləşmiş həsrətin məsud günlərində, poeziyanın təbii diqtəsində. Nə yaxşı belə olur, nə yaxşı payız duyğulandırır.

 

Yaşın çoxaldıqca fəsilbəfəsil,

Tanı düşməninlə, dostlarını bil.

Payızı qayğıkeş, yaşı şirindi,

Vətənin qışları, yayları göz

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2023)