Kitabxanalarımızdan Hüseyn Cavidin və Hacı Zeynalabdin Tağıyevin yubileylərinə töhfələr

Rate this item
(1 Vote)

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, filosof-şair, böyük dramaturq Hüseyn Cavid, bir də  Azərbaycan milyonçusu, xeyriyyəçi, ictimai xadim, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyev. Hər ikisinin yubileyi gündəm təşkil edir. 

 

Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan Hüseyn Cavid sənətdə heç kimə bənzəməyən, orijinal bir yaradıcılıq yolu keçib və özündən sonra ölməz əsərlər qoyub gedən söz ustasıdır. Bütün yaradıcılığı boyu xeyirlə şəri qarşılaşdıran və ümumbəşəri xeyrin qələbəsinə öz sənətkar töhfəsini verən ədibin anadan olmasının ötən il 140 ili tamam olub. 

Bu məqsədlə Azərbaycan Milli Kitabxanası “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından “Hüseyn Cavid” adlı biblioqrafiya hazırlayıb.

1904-2022-ci illəri əhatə edən vəsaitdə ədibin kitabları, dərsliklərdə, məcmuələrdə, dövri mətbuatda çap olunan əsərləri, həyat və yaradıcılığını əks etdirən ədəbiyyat öz əksini tapıb. Həmçinin xarici dillərdə və dünyanın aparıcı kitabxanalarında mühafizə olunan əsərləri və haqqında ədəbiyyatın biblioqrafik təsvirləri də vəsaitə daxil edilib. 

Biblioqrafik göstərici ilə tanış olmaq istəyənlər http://anl.az/down/H.Cavid.bib.pdf linkindən istifadə edə bilərlər.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası isə Hacı Zeynalabdin Tağıyevin 200 illiyi münasibətilə virtual sərgi hazırlayıb. Bu virtual sərgidə Azərbaycan xalqının inkişafı üçün əlindən gələni əsirgəməyən böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ictimai, maarifçilik, xeyriyyəçilik fəaliyyəti, inşa etdirdiyi mədəniyyət, elm, təhsil, səhiyyə müəssisələri, Azərbaycanda mətbuat işi sahəsində gördüyü işlər haqqında geniş məlumat verilib. Materialda Hacı Zeynalabdinin elm, mədəniyyət, təhsilin zəruriliyi haqqında söylədiyi dəyərli fikirlər, layiq görüldüyü təltif və mükafatlar da yer alıb.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda Hacı Zeynalabdinin xatirəsinin əbədiləşdirilməsi – Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, Bakıda heykəlinin ucaldılması, adına ev muzeyinin olması haqqında məlumatlar da əks olunub. Virtual sərgidə milyonçunun həyat və ictimai fəaliyyətindən bəhs edən “Müasirləri Hacı Zeynalabdin Tağıyev haqqında”, “Azərbaycan milyonçuları”, “Allahın eşqi ilə”, “Savadlı millətin təməli-savadlı qadın (H.Z.Tağıyevin Bakıdakı qızlar məktəbi)” adlı Azərbaycan, rus və ingilis dillərində olan kitabların biblioqrafik təsviri verilib.

 

“Ədəbiyyat və incəsənət”

(26.01.2023)