Ağlasığmaz hədiyyə və bu qədər sevgi… Featured

Rate this item
(0 votes)

Unudulmaz sevgi romanlarından parçalar

 

XIX əsrin sonlarında Azərbaycan bir neft bumu yaşamışdı, bir neçə olduqca imkanlı yerli və əcnəbi neft milyonçuları peyda olmuşdu, belələrindən biri də Murtuza Muxtarov idi. Liza adlı slavyan mənşəli xanımla ailə quran Murtuza bəy həyat yoldaşına sonsuz sevgi bəsləyirdi, addımbaşı bu sevgini isbatlamağa çalışırdı. Təsəvvür edin, bəy öz xanımını Venesiyanı gəzməyə aparır, əzəmətli, olduqca gözəl bir binanı görəndə xanım heyranlığını gizlətmədən köks ötürərək söyləyir ki, "Belə binada yaşayanlar necə də xoşbəxtdirlər". Bəy heç nə demir. Bakıya qayıtdıqdan sonra Venesiyaya mütəxəssis göndərib həmin binanın dəqiq çertyojunu gətizdirir. 3-4 il ərzində məşhur memar Ploşkonun layihəsi ilə qotik üslubda bina tikilir, 1912-ci ildə ərsəyə gətirilir. 

Murtuza bəy gəzinti adı ilə Liza xanımı faytona mindirib binanın qarşısına aparır. Heyrətindən nə deyəcəyini bilməyən Liza xanım binanın kimə məxsus olduğunu soruşur, Murtuza bəy deyir, gəl, ev sahibi ilə tanış olaq. Qapını açan qulluqçu "Bu evin sahibi kimdir" sualına "Bu evin sahibi Liza xanımdır" cavabını verir. Həmin an Liza xanımın duyduğu bəxtəvərliyi heç bir sözlə ifadə etmək olmaz. Hazırda yeni ailə quranların kabinləri kəsilən və Səadət sarayı adlanan həmin o möhtəşəm binanın sahibi olmaq, əlbəttə, qürurverici idi.

Təbii ki, hədsiz var-dövləti olan bir neft kapitalisti üçün həyat yoldaşına nəyisə hədiyyə etmək ilk baxışda adi görünə bilər. Amma bu qədər dərinə gedən, içdən gələn bir münasibət, bu qədər mümkünlükdən çıxan, qeyri-mümkünlüyün ən müxtəlif çalarlarına bürünən bir münasibət adi deyil axı!

Bu da bir "storqe" nümunəsi.

 

“Qırmızı ləçəklər”, Varis 

 

“Ədəbiyyat və incəsənət”

(24.01.2023)