“Yüz ev tikən cənnətini bu dünyada qazanar” -

Rate this item
(1 Vote)

“Poetik qiraət” rubrikasında bu dəfə sizlərə şair Əkbər Qoşalının yeni yazdığı şeiri təqdim edirik. İctimai motivli bir şeirə üstünlük verib Əkbər bəy, adətən lirikaya  meyillənsə də. 

 

 

Eşitdim ki, mən yaşayan şəhərdə

nə zamanmış belə inanc varıymış. 

O inancla evlər tikib adamlar - 

səksən olub, doxsan olub, 

yüzü görən olmayıb…

Kainatın cilvəsidir elə bil:

Olmur, cənnət sınaşıqla olmayır… -

Amma yenə o inancın işığı 

ev tikdirib adamlara, 

ev tikdirir bu gün də… - 

Əgər kimsə, 

bilə-bilə yalan danışıbsa da, 

Yenə kimsə, o yalanı bu şəhərdə yayıbsa, 

cənnət olsun məqamı!

 

Mənim gözəl şəhərimdə 

ayrı bir inanc da var - 

Deyərlər ki,

“Bir ev yıxan 

        cəhənnəmi

bu dünyada satın alıb 

elə bil”…

 

Gəl görəlim, yenə evlər yıxılır…

Cəhənnəmi satın alır gözgörəsi

tanıdığmız adamlar… 

O qaranlıq 

niyə çəkir adamları? - bilmirəm…

Görən, onlar özlərini 

aldadırlar nə ilə?..

 

Yenə evlər tikilir,

Yenə yıxılır evlər…

 

Tikin, qardaşlar, tikin,

Bəlkə yüzə çatmadınız,

cənnət görmədiniz bəlkə…

Amma 

          evyıxanlar 

                 cəhənnəmdəsə,

Demək, 

         evtikənləri 

          unutmayıb Yaradan…

 

Eviniz yıxılmasın…

 

“Ədəbiyyat və incəsənət”

(23.01.2023)