“Ulduz” jurnalının sentyabr sayı işıq üzü görüb

Rate this item
(0 votes)

“Ulduz” jurnalının sentyabr sayı işıq üzü gördü. Jurnalın bu sayı Qismət Məsimin “Özüylə söhbəti və şeirləri” ilə açılır.
Jurnalın bizim “Ədəbiyyat və incəsənət” portalı ilə birgə layihəsi olan “Şənbə qonağı”nda İntiqam Yaşarın təqdimatında Xalq yazıçısı Kamal Abdulla ilə maraqlı müsahibə dərc edilib.
Yaşar Süleymanlının ilk dəfə bizom portalımızda dərc edilən "Reinkarnasiya" hekayəsi xüsusi maraq doğrurur.
İlham Abbasovun "Vətənində narazılıq doğuran laureat" başlıqlı yazısı Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, fransız yazıçısı Martin dü Qarın həyat və yaradıcılığından bəhs edir.
Qulu Ağsəsin "Beşdə beş" essesi tənqidçi Əsəd Cahangirin 55 illik yubileyinə ithaf edilib. "Debüt" rubrikasında gənc yazar Amin Namazlının "Ömrün işığı" hekayəsi, "Polemika"da İslam Sadıqın Aşıq Ələsgər və Aşıq Əsəddən bəhs edən "İki böyük sənətkarla bağlı iki böyük yanlışlıq" başlıqlı araşdırma yazısı, "Tərcümə saatı"nda Xatirə Nurgülün tərcüməsində Yevgeni Zamyatinin "Şir" hekayəsi, "Qürbət şeirləri"ndə Fransada yaşayan şair Şəhriyar İbrahimovun şeirləri, "Tribuna"da Abid Tahirlinin "Müqəddəs gün-15 Sentyabr zəfəri mühacir qələmində" yazısı dərc olunub.
Xalq şairi Sabir Rüstəmxanlının təqdimatında gənc yazar Sevinc Yunuslu haqqında yazı və onun  şeirləri, Əli Əmirlinin ustad dərsləri, Ruzbeh Məmmədin və Aygün Yaşarın şeirləri də jurnalın bu sayındadır.
“Dərgidə kitab"da  Türkan Turanın "Təzadların vəhdəti" başlığı altında hekayə və yazıları yer alıb.
Şair-publisist Anar Məmmədovun “Kor olsun ayrılıqları” xatirə yazısı mərhum şair, jurnalist və folklorşünas Əhməd Oğuza həsr edilib. “Təbriz eli"ndə Əkrəm Bağırov cənublu yazıçı Sadiq Hidayətin keçdiyi həyat və yaradıcılıq yoluna nəzər salır, yazıçının "Üç damla qan" hekayəsi təqdim edilir.
Dünya ədəbiyyatı da jurnalın bu sayında təmsil olunur, klassik dünya ədəbiyyatının parlaq nümayəndəsi Mixay Emineskunun şeirləri Səlim Babullaoğlunun tərcüməsində oxucuların görüşünə gəlib..
Təranə Vahidin "Yaddaşsız kölgələr"i, Aybəniz Məmmədəliyevanın "Şirmayı dillərin nəğməsi" və “Naxış” hekayələri, Xəyalə Zərrabqızının İkinci Qarabağ müharibəsində haqq sözümüzü dünya ictimaiyyətinə çatdırmaqda yorulmadan fəaliyyət göstərmiş türkiyəli jurnalist Fulya Öztürkdən bəhs edən yazısı, eləcə də Ayişə Nəbinin "Qucağımdaymış ölüm",
“Sərgi"də gənc rəssam Gülbəs Ayvazın işləri yer alıb.
Bir sözlə, oxuyun, zövq alın!