“İgidlərin sözü” layihəsindən: Orxan Səlifov, “Mən şəhid olmuşam, ölməmişəm ki...”

Rate this item
(0 votes)

Xəbər verdiyimiz kimi, “Söz” ədəbi layihəsi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə tezliklə  “İgidlərin sözü!!!” adlı antologiya  işıq üzü görəcək. Bu gündən etibarən döyüşən əsgərlərimzin şerlərini öz ifalarında dinləyicilərə, “SÖZ” layihəsinin pərəstişkarlarına və geniş oxucu kütləsinə layihə təşkilatçıları YouTube platformasında və digər sosial medialarda təqdim etməyə başlayıb.
“İgidlərin SÖZÜ” kitabında toplanan şerlərin, esselərin içərisində həm də döyüşlər gedən anda yazılanları vardır. Xatırlatmaq istəyirik ki, “İgidlərin SÖZÜ” kitabının ideya müəllifi  “SÖZ” ədəbi layihəsinin rəhbəri  Nigar Həsənzadə, kitabın redaktoru isə Aida Eyvazlı Göytürkdür.
“İgidlərin sözü” kitabında aprel şəhidləri Nazim Şamaxılı, Mikayıl Vahabzadə, Mirsalam Cəfərov,  II Qarabağ şəhidləri polkovnik-leytenant  Elzamin Təhməzov,   mayor Mehman Süleymanov,  şəhid əsgərlər Şahgündüz Cabbarov, Murad Mayıl oğlu Nəbiyev, Vətən müharibəsi iştirakçıları Vüsal  Hətəmov, Kərəm Aydın, Emin Piri, Sərxan Yolçuyev, Həsən Kür, Orxan Səlifov, Cavid Əli oğlu , Tofiq Əhməd, Eyvaz Əyyub, Araz Əfəndi, Səbuhi Qurbanov, Elvin İntiqamoğlu, Oğuz Alparslan, Nicat Ağayevin yaradıcılıqları yer alıb.
“Ədəbiyyat və incəsənət” portalı sizə layihəyə qatılmış gənc şair Orxan Səlifovun “Mən şəhid olmuşam, ölməmişəm ki...” şeirini təqdim edir. Şeir Ağdamın Çəmənli kəndində qələmə alınıb.

Mən bu gün şəhidəm, qan içindəyəm,
Ölüm başım üstə günahım kimi.
Yıxılıb, qalmışam səngər icində,
Sahibsiz, boş qalan silahım kimi..

Mən şəhid olmuşam, ölməmişəm ki,
Tanrı şərəf yazdı taleyimizə.
Şəhidlik  ən uca zirvə sayılır,
Həmin o zirvədən baxacam sizə.

Siz də üzülməyin , mən üzülmürəm,
Axı öz arzuma çatıram bu gün.
Torpağın üstündə gəzəsiz deyə,
Torpağın altında yatıram bu gün.

Mən öldüm, nə qaldı məndən geriyə ?
Bir məzarım qalıb, hər yanı daşlı.
Tozlu cəkmələrim, qanlı paltarım,
Hə, bir də anamın gözləri yaşlı...