Ekspress-sorğu: Sizcə kitablara marağın azalmasının hansı səbəbləri vardır? Featured

Rate this item
(4 votes)

Kitablara marağın azalmasının hansı obyektiv və subyektiv səbəbləri var? “Ədəbiyyat və incəsənət” portalının ekspress-sorğu rubrikasını Habil Yaşar təqdim edir. 

 

Kənan Hacı, yazıçı

Bütün dünyada kitaba maraq azalıb. Kapitalist dünyası insana asudə vaxt qoymur ki, insan mənəvi inkişafını təmin etsin. Bizim insanların da kitab oxumaq imkankarı günbəgün məhdudlaşır. Bu da vəhşi kapitalizmin amansız reallıqlarındandır. İnsan 24 saat ərzində ancaq necə, hardan pul qazanmaq haqda düşünür. Beyində kitaba yer qalmır. Biz yaxın gələcəkdə bunun acı fəsadlarını görəcəyik. Təəssüf ki, mən bir yazıçı olaraq heç bir çıxış yolu görmürəm. Bu də məni dərin depressiyaya salır. Yazıçı heç yerdən motivasiya ala bilmir, qonorar sistemi ləğv olunub. Belə mənəvi böhran içində nə yazmaq olar axı? Oxucudan da əlimizi üzmüşük artıq. Və taleyimizlə barışmışıq.

 

Məlahət Hümmətqızı, şair

Əlbəttə  bunun bir çox səbəbləri var. Texnologiya inkişaf etdikcə insanlar kitab alıb oxumağa tənbəllik edirlər. Bütün məlumatları internet səviyyəsində almağa  çalışırlar, kitab oxumaq istəyənsə elektron  kitabxanadan istifadə edir. Hər şeyi maddiyyata da bağlamaq olmaz. Kitab oxumaq istəyən həvəsi varsa, nə olur olsun,  istədiyi kitabı alıb oxuyacaq. Fikrimcə,  insanların kitab oxumasını istəyiriksə kitaba maraq, məhəbbət yaratmalıyıq. Orta və ali məktəblərdə yazıçı və şairlərlə  görüşlər keçirilməli, şagird və tələbələrə kitablar  paylanmalıdır. Şəhərimizdə çoxlu kitab mağazaları açılmalı və bu mağazaların sayı artırılmalıdır. Yadımdadır, mən məktəbdə oxuyanda  qəsəbəmizdə böyük kitabxana və bir neçə kitab mağazası var idi. Və valideynlərimdən aldığım cib xərcliyini mənasız şeylərə yox, kitablara  xərcləyərdim. İndi qəsəbəmizdə hər addım başı özəl klinika, restoran və çayxana var. Son illər kitaba maraq yaratmaq üçün ölkəmizdə kitab yarmarkaları, imza günləri keçirilir. Insanlar təşkil olunmuş  yerlərə gəlir kitab alır, oxuyurlar. Əlbəttə ki, bu sevindirici  haldır. Belə tədbirlərin keçiirlməsi  insanlarda kitaba maraq oyadır və bu ənənə tədqirəlayiqdir. İnsanlar bilməlidir ki, kitab oxumağın insan orqanizmi üçün faydaları   çoxdur. Mütaliə bilirsiniz nələrə qadirdir? Stresi azaldır, yuxusuzluğu aradan qaldırır, insanların empati duyğusunu  gücləndirir, beyin funksiyasını sürətləndirir, depressiyadan xilas edir, yaddaşı gücləndirir. 

Hər kəsə kitab oxumağı tövsiyyə edirəm.

 

                          

İradə Allahverdiyeva, müəllim

Təəssüf ki, müasir insanlar üçün bədii ədəbiyyat virtual kompüter oyunları, videolar və daha çox şeylərlə əvəz olundu. İndi xəbərləri bilmək və elmi fikrin ən son nailiyyətlərindən xəbərdar olmaq üçün oxumağa qətiyyən ehtiyac yoxdur. Televiziya ekranından və ya Kompüter, telefon ekranından məlumat çəkmək kifayətdir. Buna görə də şagirdlərin oxu fəallığının aşağı olması, oxunmuş mətn üzərində düşünmək istəməməsi müşahidə edilir.

 

 

Tural Nəbiyev, yazar

 Məncə, kitaba marağın azalmasının səbəblərindən biri internet və sosial şəbəkələrdir. Bu gün sosial şəbəkələrdən müsbət yöndə istifadə edənlər var. Ancaq, böyük əksəriyyət TikTok, facebook, instaqram kimi səhifələrdə boş vaxtlarını gündəmdə olan hadisələri izləməklə keçirirlər. Boş vaxtını bu işlərə sərf etmək insanları kitab oxumaqdan uzaqlaşdırır və onların kitaba olan marağını azaldır.

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2023)