Huşsuz heykəlin hekayəti - Vaqif Səmədoğlunun mono-pyesi Featured

Rate this item
(0 votes)

1-ci hissə

 

Köhnə postamentin üstündə məğrur, özündən razı bir heykəl durub. Qürur hissiylə xoşbəxt gələcəyə baxır, yəqin. Heykəlin ətrafında bir müddət sakitlik hökm sürür. Ancaq sonra həngamə qopur. Hay-küy, çoxlu insan səsi, sözləri eşidilməyən şüarlar, çığır-bağır. Və elə bil sökülən, uçulan divarlarınmı, evlərinmi səsi. Alqış sədaları və sairə. Xülasə, mərəkə... Bayaqdan kefini pozmayan, mərmər, ya bürünc ləyaqətini saxlayan heykəl səs-küy artdıqca xırda-xırda diksinməyə başlayır, qorxu və təəccüblə ətrafına, uzaqlara göz gəzdirir. Əlini gözlərinin üstünə qoyur.

Heykəl: Bu nədi, camaat? Bu nə müsibətdi? Ay insan, ey insan oğlu! Kaş nənən ananı, anan da səni doğmayaydı! Kaş birinizin də anası qız çağında atanıza rast gəlməyəydi! Ya da gərək elə o başdan Allah-taala hamınızın əcdadlarını, ulu babalarınızı impotent yaradaydı. İndi bu qələti, bu vəhşiliyi törətməzdiz! Çünki yer üzündə biriniz də olmazdız, hər iki babanız o söz, impotent olsaydı... Gör bir neyləyirlər... vay, vay, vay! Adə, əlin qurusun, neyləyirsən? O, Veneradı! Venera! 

(Heykəl sözünü deməyə başlayandan səslər kəsilmir)

Uçurtdular, onu da uçurtdular. Hayıf. Gül kimi əndamı varıydı. Ağappaq. Bir balaca kök olsaydı... Getdi... Gördüz? Görürsüz, ay camaat? Mən burdan yaxşı görürəm. Bütün aləmi. Hər yanda, o tərəfdə də, bu tərəfdə də dəstə-dəstə, sürü-sürü millətlər yığılıb heykəlləri uçururlar. Odu, ha! Ənvər Xoca da getdi işinin dalınca. Odu, ha! Batista da, Rza şah da. Bolşeviklər şahların, diktatorların heykəllərini dağıdırlar, demokratlar kommunistlərin. O bunu, bu onu. Bütün dünyada vurhavurdu, mən ölüm. Vay atam, bir dəstə adam da əllərində bel, çiyinlərində külüng, bura sarı, bura tərəf gəlirlər. De- yəsən, məni də manşırlayıblar. Yəqin, yerimi uçulmaqdan qabaq o... az qala demişdim, o... deyib bunlara. Venera. Yunan ilahəsi özü uçulanda qoyar məgər yer üzündə türk heykəli qalsın? Qoymaz. Dünyasında qoymaz. Gəlirlər. Adə, ay babaları impotent olmamışlar, bu heykəlləri sonradan uçurt- maqçün ucaldırdız yer üzündə? Qoyun ayaq üstə duranımız dursun, oturanımız rahat otursun da yerində! Yemək istəmirik, içmək istəmirik sizdən! Qışda demirik: soyuqdur, üstümüzə yorğan salın, yayda - ay yandım, mənə su - bağırmırıq. Upravdomun başının üstünü alıb yağ, ət talonu istəmirik. Nə komblokdan, nə demblokdan deputatlığa namizədliyimizi vermirik. Adə, ay millət, daşıq da! Bürüncdən, qranitdən, mərmərdən, nə bilim nədən, türkün sözü, qayırıb qoyublar bizi postamentlərin üstünə. Eh, aramızda elələri var idi ki, 200-300 il kirimişcə durmuşdu yerində, nəfəs də almırdı. Onları da o söz... Adə, ay müsəlman, ay xristian, yəni padşah, yəni kral heykəlləri evinizin içində saxladığınız xrustal vazlardan da pis idi? Bəzəyirdilər də şəhərlərinizi. Meydanlarınızda durmuşdular özləri üçün. Yox, xosumvay elədiniz, getdilər işlərinə. Niyə? Neyçin? Yox, mən sizinçün nə Nikolayam, nə Lenin, nə Stalinəm. Nə Ənvər Xoca, nə ingilis qubernatoruyam, nə Kolumbiya diktatoru. Məndən keçdi, babası impotent olmamışlar, nənəsi qız qarımamışlar. Məni uçura bilməyəcəksiniz. Gəlin, gəlin...

 

Boya-başa çatdım bizim bu ellə,

Çiynimdə lopatka, əlimdə bellə!

 

Urra! Gəlirlər! Ay.... ! Mənə bir dənə lom, bir dənə daş dəyə bilməz. Özüm düşəcəyəm burdan. Öz ayaqlarımla. Mən adi heykəl deyiləm. Mən bic heykələm. Bu boyda dünyada bir köpəkoğlu, bir it qızı bilmir mən kiməm, kimin heykəliyəm. Hansı köpəyin belindən gəlib, hansı qancığın qarnından çıxmışam. Qolum birindəndir, qıçım birindən. Bic heykələm, bic. Nə özümdən xəbərim var, nə heykəltəraşımdan. Nə anadan olduğum gün yadımdadı, nə tünbətün olduğum gün. Nə vaxt yaşadığımdan, kim olduğumdan da xəbərim yoxdur. Vallah, bilmirəm bu heykəli də mənə neyçün qoyublar. Bəlkə, qəhrəmanlığa görə, bəlkə, oğraşlığa görə?! Bilmirəm. Yadımda deyil. Bəlkə, şair olmuşam, bəlkə, partiya və dövlət xadimi. Ola bilsin, 26-lardan biriyəm. Bəlkə, 11-ci qızıl ordunun pulemyotçusuyam? Bəlkə, Otellonun abidəsiyəm? Yox, buralarda, zənci olsa da, ingilisə heykəl qoymazlar. Xülasə, bicəm, bic heykələm. Ay balam, əsilsiz-nəsilsiz, dədəsindən-nənəsindən xəbərsiz adamlar olmur? Olur. Heykəllər də eləcə. Odur, düşürəm aşağı. Zəhmət çəkib məni uçurmayın, özüm gedirəm. Özüm. Ayaqla. 

 

Boya-başa çatdım bizim bu ellə,

Çiynimdə lopatka, əlimdə bellə!

 

(Heykəl yavaş-yavaş aşağı düşür. Düşüb ağır ayaqlarıyla postamentin ətrafında gəzişir. Postamentin üstündəki silinmiş yazını oxumaq istəyir, görə bilmir.) Hayıf, bir dənə eynək heykəli olsaydı, gözümə taxıb oxuyardım. Bilərdim, kiməm, nəçiyəm. Neyçin mənə bu andıra qalmışı qoyublar. Bəlkə ağıllı-başlı adam, hətta şəxsiyyət olmuşam? Kim bilir, kim bilir, kim?

 

Mən neyçin böyüdüm bizim bu ellə? Çiynimdə lopatka, əlimdə bellə!

 

Eh, heyhat. Heç zad düşmür yadıma. Urus dilini də tamam unutmuşam. Beş-on söyüş xatırlaya bilirəm ancaq. Onları da burda necə deyim? Arvad- uşaq var. Səni görüm gorbagor olasan, ay fəhlə-kəndli hökuməti! Səndən qabaq qoyulmuş heykəlləri söküb dağıtdın, özünküləri saxlaya bilmədin. Gə- rək bu hökumət ancaq quşlara, heyvanlara heykəllər ucaldaydı. Nikolayı yıxan günün sabahı, Lenin əl-üzün də yumamış 47 dənə dekret yazmışdı. Bir də gərək elə it-pişik haqqında fərman verəydi. Adam da adama heykəl qoyar?... Görəsən, perestroyka necə gedir? Camaat acından ölmədi ki? Yox əşşi, ölsəydilər, bir-birini qıra bilməzdilər. Diridilər. Ölülərdən onunçün xoşum gəlir ki, bir-birləriynən işləri yoxdur. Hər kəs öz gorunda başını aşağı salıb, öz işini görür... Vay dədə, vay. Ay başlar gedib ha bu dünyada. Təkcə heykəl başları yox. Diri, dipdiri insan bədəninin üstündəki başlardan deyirəm. Gedib, gedib! Mənə nə? Cəhənnəmə ki! Bəs, mən kiməm? Sən Allah, bir bu avaraların heykəl qoymağına baxın. Adı, famili elə yaziblar ki, postamentin üstündə, yəqin, birinci yağışın suyu yuyub hərfləri aparıb. Ay babası impotent olmamışlar, bu zibili qoyursuz - qoyun, amma heç olmasa uçurdana qədər buna qulluq da eləyin də. Moskvada Marksın heykəli olub quşxana. Sülh göyərçinləri kişinin üz-gözünü yaman biədəb günə qoyublar. Adə, bu həmən o Marksdı ki, sizə pivə içə-içə marksizm verib. Heç olmasa onun qayğısına qalın. Yanına heç olmasa bir dənə aftafa qoyun. Yox, qoymazlar. Vaxtları yoxdur... Amma mən kiməm? Bilmirəm. Allahın Belinskisi yadımdadı, özüm yox.

 

Huşum da yox oldu bizim bu ellə, 

Çiynimdə lopatka, əlimdə bellə.

 

(Heykəl bir az ağır-ağır səhnəni dolaşır. Nə isə axtarır, nəyi isə yadına salmaq istəyir. Bacarmır. )

... Darvin yadımdadı, meymun-insan məsələsi də. Amma Darvin onu deməmişdi hansı meymunlar dönüb adam olublar. Axmaqlar. Dılğır meymunlar əllərinə ağac, daş alıb adam olublar. Ağıllıları hələ də meşələrdədi. Hərif, frayer təkcə adamlarda olmur ha, heyvanlarda da rast gəlmək olur onlara... Kaş mənim də ulu əcdadlarım ağlı başından çıxmamış meymun olaydı. İndi nə özüm varıydım, nə heykəlim, nə uçulmaq, daşa basılmaqdan qorxum. Bu saat oturmuşdum daşın üstündə. Banan yeyirdim özümçün. Hərdənbir sinəmi, qoltuğumun altını qaşıya-qaşıya tüklərimin arasında bit axtara- axtara kefə baxırdım. Görəsən, dünyada meymun heykəli var? İt heykəli var. Leninqradda var. İvan Pavlov qoymuşdu. (Pauza) Bəlkə, mən böyük alim olmuşam? Hə? Olmamışamsa, o İvan Pavlov haradan yadıma düşdü? Yox əşşi, nə olsun, Çan Kayşi də yadımdadı. Axı, özüm heç çinli də deyiləm.

Eh, Sovet hökumətinə bel bağlayanın ağlı yoxdur. Əvvəl-axır huşu başından çıxacaq. Heykəli sökülüb stroymateriala dönəcək. Hayıf... 

 

Əcəb işə düşdüm bizim bu ellə, 

Çiynimdə lopatka, əlimdə bellə.

 

Bəlkə, bu postamenti götürüb əkilim burdan? Aparıb qoyum başqa bir yerdə. Sakit dolanan bir ölkənin bir şəhərində. Meydana - zada buraxmasalar da, hər halda, bir zavod, ya fabrik qabağında durmağıma, mənə elə gəlir ki, etiraz eləməzlər. Hə? Görəsən, Fransada Kirov adına zavod var? Lap olsun, mən ki Kirov deyiləm. Buna bax, sən Allah, heç müsəlmanın da Kirov olmamağı yadından çıxar? Deyəsən, mənimki sklerozun yekəsindəndir. Skleroz da muğam kimi bir şeydir; gah zilə qalxırsan, gah bəmə enirsən. İndi zildəyəm, zəminxarədə zəngulə vururam. (Bir-iki ağız oxuyur, xoruz bura- xır.) Yox, bu da fıs çıxdı, xanəndə də olmamışam. Huş da yoxdu, səs də yoxdu. Bir də, Sovet hökuməti ifaçı-musiqiçilərə heykəl qoymur. Bəstəkarlara qoyur, xanəndələrə yox. O yadımdadı, onu unutmamışam, indiki kimi yadımdadı. Bakıda bir dənə də olsun xanəndə heykəli yox idi. (Qəflətən heyrətə gəlir, özünü itirir) Bakı, Bakı... Bakı hardaydı, ə? Bakı nəyiydi, ay kişi, ay insan? Sən öl, başımdan sovuşub gedib. Məni uçurtmaq halaldı. Bu daha skleroz olmadı, millətə xəyanət oldu. Tapdım. Mən xalq düşməniyəm! Ay- hay... Xalq düşməninə heykəl qoyarlar? Əcəb... Nədən ölməyim də yadımda deyil. Bəlkə, müharibə qəhrəmanıyam, cəbhədə öldürüblər məni? Qoy bir bədənimə baxım, görüm deşik var? Güllə deşiyini deyirəm. Yoxdur. Güllə deşiyi yoxdur. Cürbəcür təbii şeylər var. Biri də indi lazım deyil mənə. Keçdi. Amma o məsələ yaxşı yadımdadı. Onu, şükür, unutmamışam.

 

İmpotent olmadım bizim bu ellə,

Çiynimdə lopatka, əlimdə bellə.

 

Bir dənə şüar buraxmaq istəyirəm: Bütün dünya heykəlləri, birləşsin! Yox, darmadağın eləyərlər lap. Heykəllərin inqilabına qarşı bütün dünya qalxar... Deyirəm, bəlkə, heykəllərin mahnı və rəqs ansamblını yaradım? Heykəllərin özfəaliyyət dərnəyi! Lap elə teatr! Sən öl, nə olar! Müsibət! Dramaturqlar bizdə - Şekspir, Mirzə Fətəli! Rəssamlar bizdə - da Vinçi, Rembrandt! Qiyamət teatr yaratmaq olar ölülərdən! Ölüm və həyat. Deyəsən, burda bir az axmaqladım. Belə anda fikrə getmək məsləhətdi. Görəsən, necə fikirləşsəm yaxşıdı? Ayaq üstə, ya oturan yerdə? Heykəl ayağını postamentinə görə uzadar. Atalar deyib bunu. Nə vaxt, bilmirəm, yadımdan çıxıb. Hansı atalar deyib - bilirəm. Ögey atalar. Odur, hamımız ayıq və ayaq üstə düşünüb götür-qoy eləməliyik. Ayaq üstə. Oturmayın. Nə cana xeyri var, nə millətə. Adam ancaq həbsxanada oturmağa məcbur olur. Görəsən, heykəlləri nə üçün həbs eləmirlər? Uçurmaqdansa, yerindən götürüb, qazamata basmaq yaxşıdı. Məsələn, mən Stepan Şaumyanın heykəlini aparıb qoyardım Bayıl həbsxanasına. Təkadamlıq kameraya. Əvvəlcə lap məhkəmə də qurardım, iş kəsərdim. Tutaq ki, 10 il həbs cəzası, sonra da 10 illik sürgün - Xəzərin dibinə. Vallah, deyəsən, ağlabatan fikirdi. Mən ölüm! Əlimin altda bir dənə kağız, bir dənə də qələm heykəli olsaydı, götürüb Ali Sovetin, mən nə bilim, nə heyətinə məktub yazardım. Özü də rus (özgə) dilində ki, sonra deməsinlər filankəsin heykəli millətçidi. Yaxşı, ay camaat, millətçi deyiləmsə, deməli, beynəlmiləlçiyəm. İnternasional. (İnternasional oxuyur)

Yəni, 

 

Millətçi olmadım bizim bu ellə, 

Çiynimdə lopatka, əlimdə bellə!

 

(Davamı var)

 

“Ədəbiyyat və incəsənət”

(10.01.2023)