96-nı aşırdın, 100-ə nə qaldı... Featured

Rate this item
(0 votes)

Böyük Azərbaycan yazıçısı, “Şərəf” ordenli, “Vicdan susanda” romanı ilə yüz minlərlə insanın sevimlisinə çevrilmiş Vidadi Babanlı ailə üzvləri ilə birgə 96 yaşını qeyd etdi. Ad günündə qızları Leyli və Aygün, oğlu Vüqar, gəlini Tomris, qardaşı oğlu, akademik Məhəmməd Babanlı iştirak edirdilər. Amma bu hələ hamısı deyil.

 

Qəfildən  “Qazax” Xeyriyyə-İctimai Birliyinin sədri İlham Pirməmmədov, birliyin idarə heyətinin üzvü Sultanxanım Nəsibova, BDU-nun Mülki Hüquq kafedrasının müdiri, professor Məhəbbət Dəmirçiyeva və yazıçı Varis təşrif buyurdular. Və onlarla birgə gələn aşıq Avdı öz sazı ilə məclisə rəng qatdı. Dərhal Vidadi müəllim ondan bir “Ruhani” havası istədi, Avdı da məharətlə sazını dilləndirdi.

Müdrik yazıçı indi onun üçün hər doğum gününün bir yubiley olmasını dilə gətirdi, həyatdan heç vaxt narazılıq etməməyi, məğrur və qürurlu yaşamağı hamıya tövsiyə etdi. Xatirələrini danışdı.

Xüsusən “Vicdan susanda” romanı ilə Kommunist Partiyasının necə qəzəbinə düçar olması, bu romanın vaxtı ilə tək Azərbaycanda deyil, postsovet məkanında necə rüzgar qoparması yada düşdü.

Bu yaşda insanı tək qoymaq olmaz, bu yaşda insanın darıxması ağrılıdır. Ona görə də Vidadi müəllim daim qapısının açıq olmasını, qonaqlı-qaralı olmasını arzulayır. İnsanlarla ünsiyyətinin bir an da olsa kəsilməsi onu qorxudur.

Və təsəvvür edin ki, 100 yaşın nəfəsini duyan 96 yaşlı yazıçı bu yaşında gəlinləri Tomrisə diktə edərək yazdırdığı son təhkiyələrinin işıq üzü görməsini, onlara cəmiyyətin necə reaksiya verəcəyini gözləyir. Bu yaşda belə iti zəka, inanın ki, möcüzədir.

Vidadi müəllimi təbrik edir, ona yetişmədiyi arzusu qalıbsa ona yetişməyi arzu edirik.

Məclisin şirin yerində nəticəsi Moskvadan zəng edərək söylədi: “Mən ulu babama ən azı 100 il yaşamağı arzulayıram. Gerisini isə Allah bilər.”

Var ol, böyük şəxsiyyət!

 

Şəkildə: Məclisin iştirakçıları səbəbkarı əhatə ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2023)