Yenə o bağ olaydı… - Bu gün Mikayıl Müşfiqin anım günüdür Featured

Rate this item
(0 votes)

Məzarı olmayan nadir sayda insanlardan biridir Sovet imperiyaaının qurbanı Mikayıl Müşfiq. Biz onu ürək ağrısı ilə nakam şair adlandırırıq. Və doğum günündə, ölüm günündə Xəzərə qərənfillər səpməklə onu yad edirik.

Yanvarın 6-sı XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, nakam şair Mikayıl Müşfiqin xatirəsini anma günüdür. O, həyatdan erkən getsə də, özündən sonra yaradıcılıq eşqi ilə dolu lirik nümunələr qoyub. Və bu gün onun vəfatından düz 85 il ötür.

 

“Ədəbiyyat və incəsənət” bir daha Mikayıl Müşfiqin tərcümeyi-halını diqqətə çatdırır: Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya göz açıb. Atası müəllimlik edib, “Vüsuqi” təxəllüsü ilə şeirlər yazıb. O, 1902-ci ildə Xızıdan Bakıya köçüb. Çox körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb. Onun körpə qəlbi bu itkilərdən yaralansa da, həyatdan küsməyib və hər zəhmətə qatlaşaraq ardıcıl təhsil alıb. 1915-1920-ci illərdə rus-Azərbaycan məktəbində, 1920-1927-ci illərdə əvvəlcə Bakı Darülmüəllimində, sonra isə 12 nömrəli ikinci dərəcəli məktəbdə, 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinə müəllimliklə başlayıb, Bakı məktəblərində yeddi il dərs deyib.

Mikayıl Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib. Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları nəşr olunub. 1957-ci ildən başlayaraq “Seçilmiş əsərləri”, “Əsərləri”, “Duyğu yarpaqları”, “Əbədiyyət nəğməsi”, “Könlümün dedikləri”, “Həyat sevgisi” və digər adlar altında kitabları çap edilib. Şairin ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunub, kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə işıq üzü görüb.

Mikayıl Müşfiq tərcümə ilə də məşğul olub. A.Puşkinin “Qaraçılar” (Ş.Abbasov ilə birlikdə), M.Lermontovun “Demon” poemalarını (R.Rza ilə birlikdə), S.Marşakın “Huşsuza bax, huşsuza” şeirini, T.Şevçenkonun, Ö.Xəyyamın və başqa şairlərin irsindən nümunələri, eləcə də M.F.Axundzadənin “Şərq poeması”nı Azərbaycan dilinə çevirib.

Sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da amansızlıqla güllələnib. Nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb.

Onun zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək (“Çoban”, “Mənim dostum”, “Qaya”, “Sındırılan saz”, “Səhər”, “Azadlıq dastanı”) lirik növün əksər janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb.

Mikayıl Müşfiq poeziyası şifahi xalq və yazılı klassik ədəbiyyatımızdan bəhrələnib. Folklora dərindən bələd olması və ondan məharətlə istifadə etməsi şairin poeziya dilinin axıcılığını, əsərlərinin maraqla oxunmasını şərtləndirir:

 

Mən gəncəm, bilirəm, istiqbalım var,

Hələ bədr olmamış bir hilalım var,

Yelkənim açılır, qara yel, əsmə!

Mənim bu dəryada bir sandalım var

 

Mikayıl Müşfiqin poeziyasında oxucunun ürəyindən xəbər verən yığcam, lakin dərin məzmunlu ifadələr çoxdur: “Həyat həm gülməkdir, həm ağlamaqdır”, “Bədbəxt bu dünyada tək yaşayandır”, “Həyat ondan küsənləri incidər”, “Nə qədər yaraşır insana gülmək!”

Rəngarəng mövzuları əhatə edən Mikayıl Müşfiq poeziyası milli və bəşəri keyfiyyətlərə malikdir. Milli musiqi alətlərimizdən olan tarın konservatoriyada tədrisi qadağan ediləndə, şair cəsarətlə məşhur “Oxu, tar!” şeirini yazıb. Bu şeir hər bir azərbaycanlının qəlbini riqqətə gətirməyə, onu mübarizəyə ruhlandırmağa qadirdir. “Bayram axşamı” şeirində Novruz bayramına dair uşaqlıq xatirələrini danışmaqla müəllif sovet rejiminin milli adət-ənənənin yaddaşlardan silinməsinə yönəlmiş siyasətinə qarşı çıxıb.

Ədibin poeziyasında Azərbaycanın tərənnümü xüsusi yer tutur. Onun Vətənə sonsuz məhəbbətinin və poetik istedadının qovuşduğu belə əsərlər (“Ölkəm”, “Ey Dan ulduzu!” və s.) poeziyamızda Vətən mövzusunun ən yaxşı bədii ifadələrindəndir.

Mikayıl Müşfiqin “Sevgilər”, “Maralım”, “Yenə o bağ olaydı!” şeirləri bəşəri mövzu olan sevginin Azərbaycan poeziyasında yaddaqalan nümunələrindəndir. İnsanın ən ülvi hisslərinin səmimi dillə tərənnüm edildiyi bu əsərlər oxucuya romantik, müqəddəs hissləri duymağı, qorumağı aşılayır və bu gün də tərbiyəvi əhəmiyyətə malikdir.

Müşfiq poeziyasının qüdrəti onun milli mövzudan qaynaqlanan şeirlərinə bəşəri məzmun verməsindədir. Sovet rejimində “Azadlıq dünyanın dərin ruhudur, Azadlıq sənətin, şeirin ruhudur!”, - deyən şairin əsərləri millət, Vətən mənafeyini əsas tutanlar üçün əsl həyat məktəbidir.

Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Onun şeirlərinə mahnılar bəstələnib, ədəbi irsi çoxsaylı elmi-tədqiqat əsərlərinin predmetinə çevrilib. Şairin əbədiyaşar sənət naminə çəkdiyi zəhmət layiqincə qiymətləndirilib. Onun xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib, Xızıda xatirə muzeyi yaradılıb.

Ən əsası, hər bir azərbaycanlının ürəyində Müşfiqin yeri var. Əgər vətəndaşlıq poeziyasında Səməd Vurğunun “Azərbaycan” şeiri nömrə birdirsə, lirik poeziyada da Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeiri nömrə birdir.

 

Yenə o bağ olaydı…

 

Yenə o bağ olaydı,

yenə yığışaraq siz O bağa köçəydiniz. Biz də muradımızca

fələkdən kam alaydıq, Sizə qonşu olaydıq. Yenə o bağ olaydı,

səni tez-tez görəydim, Qələmə söz verəydim. Hər gün bir yeni nəğmə,

hər gün bir yeni ilham, Yazaydım səhər axşam. Arzuya bax sevgilim,

tellərindən incəmi ? Söylə ürəyincəmi ?

 

Yenə o bağ olaydı,

yenə sizə gələydik,Danışaydıq, güləydik. Ürkək baxışlarınla,

ruhumu dindirəydin, Məni sevindirəydin. Gizli söhbət açaydıq,

ruhun ehtiyacından, Qardaşından, bacından. Çəkinərək çox zaman

söhbəti dəyişəydin, Mənimlə əyişəydin. Yenə də bir vuraydı,

qəlbimiz gizli-gizli, Sən ey əsmər bənizli.

Bu yaz bir başqa yazdır,

bu yaz daha da xoşdur, Vay o qəlbə ki, boşdur! Hər üfüqdə bir həvəs,

hər bucaqda bir umud, İnsanlar daha mə'sud. Duyğular daha incə,

fikirlər daha dərin, Ürəklər daha sərin. İnsanların vüqarı,

tələbi daha yüksək, Yolumuzdan daş, kəsək, Təmizlənmiş bir az da.

Ellərin keyfi sazdır, Bu yaz, bir başqa yazdır!

 

Yenə o bağ olaydı,

yenə o qumlu sahil, Sular ötəydi dil-dil. Saçın kimi qıvrılan,

dalğalara dalaydım, Dalıb ilham alaydım. Əndamını həvəslə,

qucaqlarkən dalğalar, Qəlbimdə qasırğalar, Fırtınalar coşaydı,

qısqanclıqlar doğaydı, Məni hirsim boğaydı. Cumub alaydım səni

 dalğaların əlindəni, Yapışaydım belindən. Xəyalımız üzəydi,

sevda dənizlərində, Ləpələr üzərində, İlhamımın yelkəni,

zərrin saçın olaydı, Sular xırçın olaydı.

Bu nə gözəl şeirdir,

bu nə gözəl mənzərə, Gəlin baxın Xəzərə. Çıxalım Buzovnada

 kiçik qayalıqlara, Seyrə dalım bir ara... Gecələr sayrışarkən,

ulduzlar lalə kimi, İşıqlar jalə kimi. Çilənib dağılarkən

ətrafa damla-damla, Ən yaxın bir adamla. Nə gözəldir dinləmək

suların nəğməsini, Təbiətin səsini! Nə gözəldir dolaşmaq,

isti yay fəsilləri, Bu sərin sahilləri!

 

“Ədəbiyyat və incəsənət”

(06.01.2023)