Kamal Abdulla:” Hətta “Yarımçıq əlyazma”nı pisləyənlərin özləri də onun təsiri altından çıxa bilməyiblər. Featured

Rate this item
(0 votes)

 

Ədəbiyyat və İncəsənət” portalının “Şənbə qonağı” rubrikası ən çox izlənilən rubrikalar sırasındadır. İl yarım ərzində bu rubrikada bir çox tanınmış ədəbiyyat xadimləri ilə sizləri görüşdürən İntiqam Yaşarın ən çox maraq doğuran müsahibəsi Azərbaycanın Xalq yazıçısı, Akademik Kamal Abdulla ilə olan müsahibədir.

-  Kamal müəllim, yubiley iliniz mübarək olsun!70 yaşlı Kamal Abdulla arzusunda olduğu əsəri yaza bilibmi?

 

 -Yox, təbii ki yaza bilmədim, heç bilmirəm ki, o nə əsərdir. İndiyə qədər yazdıqlarımın hamısı sən dediyin o fantom əsərə doğru bir addımdır.  Amma axırda görəcəyik, o fantom əsər yoxmuş və sən havanı qucaqlayırsan.

 

-Gənc yaşlarınızda yaradıcılığa başlayarkən hədəfiniz nəzm olub, yoxsa nəsr?

 

-Nəzm olub. Demək olar ki, 9-10 yaşımdan kiçik şeirlər yazmışam. Onlara şeir demək olmaz əlbəttə ki. Bu meyil məktəb illərində də davam edib. Mənim orta məktəbdə çox gözəl bir ədəbiyyat müəllimim var idi - Zərbəli Səmədov. Allah ona rəhmət eləsin. O, Sovet dövründə  Sosialist Əməyi Qəhrəmanı adını almış yeganə ədəbiyyat müəllimi idi. Zərbəli müəllim məni ədəbiyyata hazırladı. Qafiyəni, ritmin nə olduğunu, şeirin necə yazıldığını o mənə öyrətdi. Mən bu günə qədər də ona minnətdaram. Orta məktəbdən sonra mənim, elə hesab edirəm ki, yarıciddi bir ədəbi dönəmim başladı. Bu da universitet illəri idi. Orada mənim bu günəcən dostluq elədiyim Ramiz Rövşən, Sabir Rüstəmxanlı və rəhmətlik Nüsrət Kəsəmənli var idi. O istedadları görəndə şeir yazmaq həvəsim bir az öləzidi. Bir az nəsr əhvalına keçmək istədim. Gördüyüm hadisələr, mənasına varmağa çalışdığım bəzi məqamlar vardı ki onlar nəsr düzəninə uyğun gəlirdilər. Onlardan şeir yox, bir hekayə çıxardı, bir povest çıxardı. Və beləliklə yavaş-yavaş dünyanı dərk etdikcə, onun mənalarının bir-birindən ayırmağının mümkünlüyünü dərk etdikcə, məndə nəsr ovqatı gücləndi. Mən hekayalər yazmağa başladım. O vaxtlar mənə elə gəlirdi ki, mən ömrümdə böyük bir mətn yaza bilməyəcəyəm. Amma zaman göstərdi ki, sən saydığını say, gör fələk nə sayır. Zaman gəldi, içimdən gələn nəsr havasının qarşısını tutan divarı sökə bildim və “Yarımçıq əlyazma” ortaya çxdı.  Düzü, qarşıma heç bir məqsəd qoymamışdım. Sadəcə, mən hiss hiss edirdim ki, Dədə Qorquda başqa cür yanaşmalıyam. Məni buna təhrik edən daxili bir həvəsim var idi. Və mən o romanı ortaya qoya bildim. Sonra da artıq, kiçik nəsri necə yazmağın anlaşılmaz düyününə düşdüm. Yəni,  mən yazanda elə bil ki, öz-özünə roman havası gəlir. Hətta həcmcə bəlkə də o qədər böyük olmayan mətn yazarkən görürəm ki, bu, balaca romandır, böyük hekayə deyil. Amma öncə əlbəttə ki, nəzm olub. Çox zəif, mənim indi də saxladığım, hərdən oxuyub güldüyüm bir dönəmim olub.

 

-Hazırda şeir yazırsınız?

 

-Yox, şeir yazmıram. O bir hava idi, bu havanı özümdən keçirdim və nəticəsi olaraq “Nar çiçəkləri” adlı şeir kitabım çap olundu. Mən elə hesab edirəm ki, bəzi şeirlərim heç də pis alınmayıb.

 

-Elə cəmi bir şeir kitabınız çıxıb?

-Bir ciddi şeir kitabım deyərdim.  Sonra mən şeir tərcümələri etdim. Mənə çox maraqlı gələn dönəm oldu. Nəsrə tam keçdikdən sonra rus poeziyasının gümüş dövrü şairlərinin mifoloji mövzuda yazdığı şeirləri Azərbaycan dilinə təcümə etdim. Məncə,  pis alınmadı. İndiyə qədər o da bir kitab kimi çap olunub. Kitabın adı “Gümüş dövrün sirrləri” dir. Gümüş dövrün şairlərindən orada 
Nikolay Qumilyov, Konstantin Balmont, Mixail Kuzmin, Valeri Bryusov, Anna Axmatova, Osip Mandelştam, Kuzmin vardı.  Bu mifolojinin mənim içimdə olan göynəyi idi ki, o dövrə və istiqamətə də gedib çıxdı. Və poeziya ilə bu şəkildə vidalaşdıq. Amma indi mənim romanlarıma baxanda həmin o poetik misraların əks-sədasını görə bilərsən. “Unutmağa kimsə yox” elə adı ilə də mənim bir misramı qoruyub saxlayır. Yəni, poeziya bu şəkildə öz davamiyyətini sürdü.

 

-“Yarımçıq əlyazma”da da bu nəzərə çarpır.
-Əlbəttə sən dediyin kimi “Yarımçıq əlyazma”da da onun əks-sədasını görmək mümkündür.

 

-Yazıçı Kamal Abdulla və alim Kamal Abdullayev zaman bölgüsündə necə razılığa gəlirlər?
-Sənə deyim ki, bu suala cavab vermək bir qədər çətindir. Onu mən hiss edə bilmərəm, onu oxucu hiss edə bilər ki, burada yazıçılıq çoxdur, yoxsa alimlik. Amma mənə elə gəlir ki, bunlar bir-birini ideal bir şəraitdə tamamlamalıdır.

 

-Kamal müəllim, bir zamanlar ədəbi ictimaiyyətdə, sözün müsbət mənasında, çox böyük səs-küy yaradan “Yaradıcılıq fakültəsi”ni yaratdınız. O fakültədən istədiyiniz nəticəni ala bildinizmi?
-Həm ala bildim, həm də ala bilmədim. Yəni, indi dediyin kimi sənin yaddaşında belə bir fakültə, onun missiyası qalıbsa, deməli nə yaxşı. Demək, biz hardasa doğru bir yolun olmasını heç olmasa göstərə bildik. Bu yol lazımlı yoldur və bu yolu qoruyub saxlamaq lazımdır. Ala da bilmədim, ona görə ki, o fakültənin davamı olmadı. Onu da hesab edirəm, bəlkə də bu, mənim günahımdan oldu. Amma mən əlimdən gələni etdim. Görünür, daha artıq çaba göstərmək lazım idi. Bilirsən, niyə mənim əlim soyudu?! Bir də gördüm ki, sanki bu fakültə heç kimə lazım deyil. Məndə o təəssüratı yaratdılar. Amma əvvəl hiss edirdim ki, bu çox adama lazımdır. İndi ədəbiyyatımızda yeri olan məşhur insanlar var ki, o fakültəni bitiriblər. Ondan əvvəl elə yerləri bitirmişdilər ki, həmin təhsillə onlar heç bir şeyə nail ola bilməzdilər.
- Mühit baxımından da çox gözəl idi.
-O fakültədə mən tək fəaliyyət göstərmirdim. Orada Azərbaycanın bir çox görkəmli alimləri - Azad Mirzəcanzadə, Rəhman Bədəlov, Niyazi Mehdi, Aydın Talıbzadə və başqaları dərs deyirdi. Ora yaxşı bir mədəniyyət mərkəzinə çevrilmişdi.

 

-İkinci dəfə də belə bir fakültə indi rəhbərlik etdiyiniz Azərbaycan Dillər Universitetində təşkil olundu. Amma həmin effektivlik özünü göstərmədi.
-Mən gördüm ki, bu lazım deyil. Çünki insanlar özlərinə daha çox inanırdılar əsassız şəkildə. Əlinə qələm alan bir gənc yazar özünə əssasız şəkildə inanırsa, iddiası imkanlarından artıqdırsa, ona nə "Yaradıcılıq fakültəsi”, nə saydığım amillər lazımdır. Özü öz yolunu gedəcək. Allah eləsin o yolu axıracan gedə bilsin. İndi sənin rəhbərlik etdiyin qurum (Dünya Gənc türk Yazarlar Birliyi –red.) ki var, o qurum gənclərdə iddia yaratmalıdır, amma “əsassız” sözünün qarşısından xətt çəkməlidir. İddia və ədəbi iddia olmalıdır. Mənim də ədəbi iddiam var, Anarın da, Çingiz Abdullayevin də, Varisin də, sənin də. Ədəbi iddia hamıda var, hamıda olmalıdır. Amma əsassız ədəbi iddia olmamalıdır. Bax, o qurumlar bununla mübarizə aparmalıdır. Mən səni inandırıram ki, əgər əsassız ədəbi iddiaların qarşısına xətt çəkə bilsəniz, Azərbaycan ədəbiyyatı həmin gənclərin timsalında çox rahat, çox sakit, son dərəcə faydalı bir məcraya dönər.

 

-Ədəbi mühitin bu günü və 30 il əvvəli arasında paralellər aparsaq, hansı nəticəyə gəlmək olar?

 

-O ədəbi mühitdə mən bir boşluq hiss edirəm. Ədəbiyyat adına ətəyindən tutmalı bir əsər, öz ədəbi kredonu yönəltməyə çalışdığın bir istiqamət görmürəm. Ona görə də açıq deyim, “Yarımçıq əlyazma” yarandı. “Yarımçıq əlyazma” bu boşluğu doldurdu. 2004-cü ildə çapdan çıxan bu əsər, roman olaraq bu boşluqları doldurdu. Ondan əvvəl mən hesab edirəm ki, ədəbiyyatımızda dediyim bu boşluq var idi. Bəli, başqa-başqa uğurlu əsərlər ola bilər, gəlin, açıq danışaq, “Yarımçıq əlyazma” impuls verdi bütün yaradıcı şəxslərə. Bu əsərdən sonra həvəs yarandı roman yazmağa, məşhur olmağa. “Yarımçıq əlyazma” qısa zamanda Şah İsmayıl kimi bir çox ölkələri fəth etdi. Bu əsər Fransada, Brazilyada, Rusiyada, Türkiyədə çap olundu. Bu bir təlatüm kimi gəldi. Dedilər ki, nə yaxşıdır, bir roman da mən yazım, bu ölkələrdə çap olunsun. Hamı başladı hekayədən romana keçməyə. “Yarımçıq əlyazma”dan sonra yaranmış hər hansı bir romanı de, mən bir ədəbiyyatşünas kimi sübut edim ki, ən azından “Yarımçıq əlyazma”nın əks-sədası və ya təsiri ilə yaranıb. Hətta “Yarımçıq əlyazma”nı pisləyənlərin özləri də onun təsiri altından çıxa bilməyiblər. Mifoloji təsirdir bu. “Yarımçıq əlyazma” bir mifoloji əhval-ruhiyyəni, mifoloji baxışı, mifoloji dünyagörüşü ədəbiyyatımız üçün sabitləşdirdi.

 

-Ədəbiyyatın geniş kütləyə xitab eləməsi məsələsinə dair fikirləriniz maraqlıdır. İndi bunun üçün vasitələr çoxalsa da sanki, bir məhdudlaşma var. Halbuki, əksinə olmalıdır.
-Ədəbiyyatın geniş kütləyə xitab eləməsi məsələsindən başlayaq. Ədəbiyyat, yazdığın əsər sənin özünün özünə xitabındır. Sənin özünə demək istədiklərindir ki, sən onu yazırsan. Mənim aləmimdə sən heç bir böyük kütləyə, cəmiyyətə xitab eləmirsən. Sən onu yazdın, nöqtəsini qoydun, kifayətdir. Ondan sonra cəmiyyət özü onu axtarıb tapacaq. Mən heç vaxt qarşıma məqsəd qoymuram ki, xalq üçün yazım. Mən özüm üçün yazıram. On nəfərin də xoşuna gəlirsə nə yaxşı. Mənə elə gəlir ki, Tolstoy da, Dostoyevski də, Eko da, Borxes də özü üçün yazıb. Özü üçün yazmaq o demək deyil ki, oturub fikirləşib özümə bir hekayə yazım. Hətta Borxesin belə bir hekayəsi var, “Mən və Borxes” adında. Mən ona bir hekayə də həsr eləmişəm: “Adaşlar”.  Əslində, sən özün özünə yazmırsan, yazının daxili ruhu sənin özünə yönəlir. Sən bundan kənara qaça bilməzsən. Sənə elə gəlir ki, sən xalqa müraciət edirsən. Yox, bütün daxili yük sənə yönəlir.

 

-Qələbə ilindən sonra ədəbiyyatda yeni şəkillənmələr, mövzu rəngarəngliyi baxımından nələr gözləyirsiniz?
-Mən çox şey gözləyirəm. Qələbə ili Azərbaycan ədəbiyyatı üçün də bir dönüş nöqtəsi olmalıdır. Qələbəni biz ədəbiyyat vasitəsi ilə hələ tam şəkildə əks etdirə bilməmişik. Müharibə barədə qələbədən əvvəl və sonra yazılmış əsərlər var.  Məsələn, Aqil Abbasın “Dolu” povesti və başqalarının yazdığı nümunələr var. Bunların sayı çoxalacaq. Ciddi əsərlər çoxalacaq. Amma qələbədən zaman keçməlidir. Sən o qələbənin varisi olduğunu özün özünə isbatlamalısan. Özün özünçün dəqiqləşdirməlisən ki, bu qələbə Azərbaycan əsgərinə, Azərbaycan övladına, Azərbaycan cəmiyyətinə, Azərbaycan prezidentinə məxsusdur. Bu hissləri sən beynindən keçirəndən sonra əlbəttə ki, dönüş özünü göstərəcək.

 

-Bizdə 10 milyonluq ölkə üçün kifayət qədər ədəbi mətbuat varmı?
-Ədəbi mətbuat mən istərdim ki, daha çox olsun. Qəzet-jurnallar, portallar çox olsa yaxşıdır. Sizin yeni açılan bu portal böyük bir tələbatın nəticəsində ortaya çıxıb. Yəqin ki, sabah kimlərsə nəsə bir yeni ehtiyac hiss edəcək, digərləri də açılacaq. Əlbəttə azdır. 10 milyonluq ölkə üçün çox azdır. Ciddi ədəbiyyatla bağlı olan ədəbi orqanlar heç vaxt kifayət qədər ola bilməz.

 

-Televiziyaları izləyirsinizmi?
-Mütəmadi olaraq, yox. Bilirsiniz, mən bir dilçiyəm. Mənim bir dilçi kimi əsəbimə toxunan məqamlarla rastlaşanda mən buna dözə bilmirəm. Və nə cür mübarizə aparmağın da yolunu özüm üçün bəlkə də axıra qədər bilməyəcəm. Bu yaxınlarda məni AzTV-də yaradılmış Bədii Şuranın tərkibinə daxil etdilər. İndi görək orada biz nə edə biləcəyik. Mən oxunan mahnılarda sözlərin doğru-düzgün tələffüz edilməməsinə dözə bilmirəm, mən televiziyalarda baş alıb gedən şit zarafatlara dözə bilmirəm. Baxmayaraq ki, harın-harın insanlar oturub əl çalırlar, dişlərini göstərə-göstərə gülüşürlər. Mən biabırçı şəkildə aparılan ad günləri və s. kimi şeylərə dözə bilmirəm. Mən ilk növbədə ciddilik və professionallıq tərəfdarıyam. Mən qalib xalqın qalib mədəniyyətinin nümayişinin tərəfdarıyam. Gündəlik marağa getməmələri üçün televiziyalar ictimaiyyəti və xalqı öz arxalarınca aparmalıdırlar. “Bu, xalqın xoşuna gəlir, bunu hökmən efirə verim” yanaşması qətiyyən olmaz. Xalqın xoşuna gələn hər şeyi efirə vermək olmaz. Diringi çalğılar və s. kimlərinsə xoşuna gələ bilər. Amma olmaz, onları sən özün tərbiyə eləməlisən. Onlar buna razı olmasalar da, arxanca aparmalısan. Bu gün razı deyillər, sabah sənə “sağ ol” deyəcəklər. Mən Bakı Slavyan Universitetində rektor olanda vacib ədəbiyyat oxunmasını şərt kimi qoymuşdum. Əgər tələbələr imtahana girirlərsə semestr boyu oxuduqları bədii ədəbiyyat haqqında məlumat verməli idilər. Tələbələr az qala üsyan etdilər, etiraz etdilər. Mən razılaşmadım, dedim olmaz, bunu edəcəksiniz. O tələbələrdən çoxu universiteti bitirəndən sonra mənim yanıma gəldilər və təşəkkür etdilər ki, “Kamal müəllim, çox sağ olun ki, o vacib ədəbiyyatı tələb kimi qoydunuz. Mən orada oxuduqlarımın hesabına işə düzəldim.  Bildilər ki, mən, tutalım,“Martin İden”i oxumuşam, dedilər, bunu götürün işə”. Ona görə də sən öz mədəni kredonu, eqonu ortaya qoymalısan ki, insanlar sənin arxanca gəlsinlər, sən insanların arxasınca getməməlisən.

 

-Bir vaxtlar bütün televiyalar yanında Bədii şuralar yaradıldı, amma formal xarakter daşıdı. Heç bir müsbət keyfiyyət dəyişikliyi nəzərə çarpmadı.
-Mən dediyim Şura yeni yaranıb. Mən öz fikirlərimi orada deyəcəyəm. O fikirlər öz əksini tapmasa, yəqin ki orada iştirak etmək də mümkün olmayacaq.İlk növbədə musiqi ilə bağlıdır bizdə problem. Səsi olan hər kəsə heyran bir pərəstiş var. Bu belə olmaz. Mən o səsdə Azərbaycan dilində bədii şəkildə tələffüz olunmuş sözləri tanımalıyam. Rəşid Behbudovun, Şövkət Ələkbərovanın, Gülağa Məmmədovun, Rübabə Muradovanın, Sara Qədimovanın, Əlibaba Məmmədovun  ifasında tanıdığım kimi. Bu sözləri ifada tanımasam bu müğənninin səsi lap Aya çatsın, mənə maraqlı deyil. Mən ad çəkmək istəmirəm, amma heyranlıqla təqdim olunan o adamların oxuduqları mahnıda mahnınının adından başqa bir söz tanımazsınız. Sözləri tanıtmaq lazımdır, sən sözü oxuyursan mənə. Sən onu səsinin əsirliyinə salmısan, onu məhv eləmisən.

 

-Son vaxtlar oxunan mahnılarda bir amil də var ki, müğənni özü yazır, özü də oxuyur.
-Bax, bu da təzə meydana çıxıb. Bu çox böyük bir problemdir. Musiqi parçası nəyə görə sevilir? Rəşid Behbudovun bir tanınmaz sözünü təsəvvür edə bilərsiniz? Ona görə də bir tərəfə qoyun Rəşid Behbudovun ifalarını, bir tərəfə də qoyun bu gün çoxlarının hay-küylə pərəstiş etdikləri bir müğənnini. Xarici ölkələrdə Azərbaycan muğamını təbliğ edir, gör orada Azərbaycan sözü var? Azərbaycan dilində bir söz var? Yenə deyirəm, istəyir onun səsi Aya qədər çatsın, Aya qədər nəfəsini saxlasın, o zaman o mənə maraqlı ola bilər ki, o səsin mənə təklif etdiyi sözləri mən başa düşə bilim, tanıyım.

 

-Ədəbi tənqid və oxucu arasında olan bağ indi necədir, 30 il öncə necə idi?
-Ədəbi tənqid çox təəssüf ki, özünü taleləri həll eləyən bir müqtədir kimi görməyə başladı. Yəni, mən deyirəm bu belədir, deməli belədir. Yaxud da əksinə. Ədəbi tənqid öz əsas missiyasını unutdu. O başa düşə bilmədi ki, tənqid ancaq pisləmək demək deyil. Tənqid həm də əsərin yaxşı elementlərini oxucuya göstərmək və əsəri oxucuya tanıtmaqdır. Tənqid budur. Bizdə isə tənqid özünü yazara ağıl verən instansiya kimi görür. Halbuki, tənqid yazıçının yazdığı əsəri oxucuya çatdırmağın yollarını fikirləşməlidir. Bizdə təəssüf ki, kontekst anlayışı yoxdur. Bu, tənqiddə də, ədəbiyyatşünaslıqda da əksər hallarda yoxdur. Bir-iki tənqidçi ədəbiyyatşünas tanıyıram ki, onlarda bu var. Yəni sən Çingiz Abdullayevin yaradıcılığından danışırsansa, sən ancaq ondan danışmamalısan. Sən onun kontekstindən danışmalısan. Çingiz Abdullayevin ətrafında, yanında hansı detektiv janrında yazanlar var, hansı detektiv yazmayanlar var. Çingiz Abdullayev bir detektiv adası kimi hansı ədəbi mühitdədir. Sən bunları mənimçün aydınlaşdıra bilsən, deməli, sən Çingiz Abdullayevin özünü də daha yaxşı təqdim edə bilmisən. Bizdə isə başlarını salırlar bir kitaba, başlayırlar orada dil xətaları axtarmağa. Sən korrektorsan, redaktorsan, kimsən axı?

 

-Tərcümə haqqında fikirləriniz maraqlıdır. Hansı strategiya lazımdı Azərbaycana dünyaya çıxış üçün?
-Mən Tərcümə ensiklopediyasının hazırlayanı və redaktoru olmuşam. İlk dəfə ölkədə belə bir kitab nəşr olunub. İndi biz bunun ikinci nəşrini hazırlayırıq. Mən istərdim tərcümə məsələsinə siz bu ensiklopediyanın kontekstində baxasınız. O ensiklopediyanı bir müzakirə edək. Çünki, ikinci təkmilləşdirilmiş nəşr çıxmalıdır yaxın vaxtlarda. Oxusanız, bəlkə siz də nələrisə əlavə etmək istəyəcəksiniz. Bəlkə sizin yanınızda olan ədəbi mühit adamları da nələrisə əlavə etmək istəyəcəklər. Yəni, bunu biz milli bir məsələyə döndərməliyik. Bu ensiklopediya həm Azərbaycan dilinə tərcümə olunmuş əsərləri, həm də Azərbaycan dilindən tərcümə olunmuş əsərləri ehtiva edir. Çox möhtəşəm  bir işdir. Tərcümə işi son dərəcə böyük bir işdir və son dərəcə strateji və sistemli xarakter almalıdır. Bütün dünyada sistemli şəkildə gedir bu iş. Bizdə kim nəyi istəyirsə, kim nəyi sevirsə gətirir ki, mən bunu tərcümə eləmişəm, çap edək.

 

-Yerli müəlliflərin xaricə çıxarılması, əsərlərinin dünya ölkələrində çapı barədə nə deyərdiniz?
-Çox ağıllı sualdır. Bu sualı xahiş edirəm dövlətin yaratdığı tərcümə mərkəzi var, oraya verəsiniz. Hökumətin maliyyəsini təmin etdiyi mərkəz var, qoy, onlar bu suala cavab versinlər. Onlar izah etsinlər ki, niyə Slavyan Universiteti və ya Azərbaycan Dillər Universiteti Tərcümə ensiklopediyası nəşr edir, biz nəşr etmirik, yaxud da nəşr edə bilmirik.

 

-Ədəbi gənclik mühitdə diqqətinizi çəkirmi?
-Mən gənc dövrümdə Yazıçılar İttifaqının bir plenumuna getmişdim. Onda Mirzə İbrahimov sədr idi. Ona qarşı müəyyən hücumlar olurdu, “siz niyə bunu etmirsiz, onu etmirsiz” deyirdilər. İradlardan biri də bu olmuşdu ki, “siz gənclərə heç bir yardım etmirsiniz”. Mirzə İbrahimov cavab verəndə, dedi, düz danışmırsınız. Mən Yusifə də, Anara da, Elçinə də, bir sözlə bütün yazıçıların uşaqlarının adını çəkdi ki, hamısına dəstək oluram. Bircə orada Əkrəm Əylisinin adını çəkə bilmədi, onda Əkrəm Əylisliyə baxdım ürəyim ağrıdı. Bircə onun dayağı yox idi. Həmin vaxt Mirzə İbrahimovun gənc hesab etdiklərinin hamısının əllidən çox yaşı vardı. O gənclər ki, biz 20-30 yaşlarında təsəvvür edirik, bəzən müəyyən yaş dövrünə çatmış adamlar onları yox, özlərinə yaxın bir kütləni gənc bilirlər. Sən məndən gənci soruşursan, mənim yadıma hansısa 50 yaşlı bir yazıçı düşür. Halbuki, 20-30 yaşlı gənclər düşməlidir. Təəssüf ki, bizim aramızda o ədəbi əlaqə qırılıb. Bizim aramızda ədəbi əlaqələrin olması üçün sizin kimi ədəbi mətbuata ehtiyac var. Bu o demək deyil ki, ənənəyə görə götürüb 20 yaşlı bir şairin və ya mənim bir silsilə yazılarımı verəsiniz. Vacib olan odur ki, siz o silsiləni dağıdasınız. Yeni ruh gətirəsiniz. 50 yaşlıları 20 yaşlılarla yanaşı verəsiniz. Bunlar bir yerdə görünsünlər. İmzaları qoyuram kənara, şeirləri oxuyum, görüm, bunlar bir nəfəsin, bir ruhun, bir daxildən gələn səsinmi ifadəsidir?! Bu mənə maraqlıdır.

 

-Hazırda Azərbaycanda böyük miqyaslı ədəbi layihələr gerçəkləşdirə biləcək ədəbiyyat adamlarından biri də sizsiniz. Bu zamana qədər fəaliyyətiniz bunu deməyə əsas verir. Bundan sonra bu tip böyük ədəbi layihələr gerçəkləşdirmək fikriniz varmı?

 

-Mən çox çalışdım ki, ədəbi prosesə bir dinamika, bir canlanma gətirim. Bunun üçün də bir  “Ədəbiyyat adamı” adlı mükafat təsis etdim. 5 nəfər olmaqla o mükafatı iki dəfə təqdim edə bildik. Sonra pandemiya imkan vermədi. Amma “Ədəbiyyat adamı” adlı pullu mükafatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümünə uyğunlaşdırmaqla davam etdirəcəyəm.

-Minnətdarıq Sizə, bu maraqlı söhbət üçün, əziz Kamal müəllim!

 

QEYD: Musahibə 26 iyun, 2021-ci ildə götürülüb.

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2022