“Şuşa İli”nə kitabxanalarımız nə kimi töhfə verdilər?

Rate this item
(0 votes)

İndi ən müxtəlif sahələrdə sona çatmaqda olan “Şuşa İli”nə yekun vurulur. Bəs bu ili ölkəmizin aparıcı kitabxanaları necə başa vururlar? Bəri başdan deyək ki, kitabxanalarımız tərəfindən il boyu müxtəlif layihələr, tədbir və təqdimatlar həyata keçirilib.

İl ərzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən MKS-lərin mərkəzi kitabxanaları və filialları, həmçinin regional mədəniyyət idarələrinin əhatə etdiyi kitabxanalarda da müxtəlif tədbirlər keçirilib, sərgilər açılıb.

 

1.

Başlayaq əsas kitabxanamızdan. 

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası çoxsaylı tədbir və layihələri ilə bərabər, ötən ildən Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi “Qarabağa kitabla gedək!” kitab toplama kampaniyasını da davam etdirib. Layihə çərçivəsində müvafiq qurumlar və ayrı-ayrı şəxslər tərəfindən işğaldan azad edilmiş ərazilərdə yaradılacaq kitabxanalar üçün ümumilikdə 110 min nüsxədən çox ədəbiyyat hədiyyə edilib.

Milli Kitabxana “Şuşa İli” münasibətilə Mədəniyyət Nazirliyi ilə birgə “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı. Biblioqrafiya”, “Xan Şuşinski. Biblioqrafiya”, “Xurşidbanu Natəvan. Biblioqrafiya” kitablarını nəşr etdirib. Bundan əlavə, “Zəfərimizin təntənəsi 2022-ci il “Şuşa İli”dir” adlı elektron metodik vəsait hazırlanıb, “Şuşa ABŞ və Böyük Britaniya mətbuatında: 1827–1915-ci illərə aid qəzet materialları əsasında” adlı kitab nəşr olunub, “Şuşa”, “Şuşa əl işləri”, “Şuşa zərgərlik məmulatları”, “Şuşanın görkəmli şəxsiyyətləri. Bülbül”, “Şuşa məişət əşyaları”, “Şuşa bizimdir! Qarabağ Azərbaycandır!” adlı virtual sərgilər, “Qarabağın incisi Şuşa” və “Biz səni dirçəldəcəyik, əziz Şuşa!” adlı elektron məlumat bazaları hazırlanaraq ictimaiyyətə təqdim edilib.

Qeyd edək ki, il ərzində Milli Kitabxanada müxtəlif kitab təqdimatları keçirilib. Görkəmli şəxsiyyətlərin yubileyləri, əlamətdar günlərə həsr edilən bir neçə adda elektron məlumat bazası, eləcə də onlarla virtual sərgi hazırlanaraq istifadəçilərin ixtiyarına verilib.

Bu il həmçinin Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələri daha da genişlənib. Seçeni adına Macarıstan Milli Kitabxanası, İsrail Milli Kitabxanası və Albaniya Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandum, eləcə də Koreya Respublikasının Xalq Tədris Mərkəzi arasında kitab mübadiləsi haqqında protokol imzalanıb.

2.

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası il ərzində “Şuşa İli”, Zəfər Günü və digər əlamətdar hadisələrlə bağlı müxtəlif tədbirlər həyata keçirib, kitablar nəşr etdirib. Kitabxananın nəşrə hazırladığı “Sən azadsan!” kitabda gənc yazarların Vətən müharibəsində şanlı Zəfərə həsr olunan şeir, esse və hekayələri toplanıb. VIII Bakı Beynəlxalq Kitab Sərgisində nəşrin təqdimatı olub.

Kitabxanada müxtəlif mədəni-kütləvi tədbirlər, müəlliflərlə görüşlər, imza günləri təşkil edilib. Həmçinin Cəfər Cabbarlının ev-muzeyi ilə birgə istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyi münasibətilə “Çırpınırdın, Qara dəniz” adlı tədbir və “Əhməd Cavad – 130” adlı elektron məlumat bazasının təqdimat mərasimi, digər tədbirlər gerçəkləşib. 

3.

F.Köçərli adına Respublika Uşaq Kitabxanası da 2022-ci ili müxtəlif tədbir və layihələrlə, virtual təqdimatlarla başa vurub. Respublika Uşaq Kitabxanası və İ.Kryange adına Moldova Milli Uşaq Kitabxanası arasında “Sərhəd bilməyən incəsənət” layihəsi çərçivəsində Bakı Avropa liseyində “Novruz – milli-mənəvi dəyərlərimiz” adlı virtual görüş təşkil edilib. 

Kitabxana “Şuşa İli” ilə bağlı tədbirlər, Vətən müharibəsinin ikinci ildönümü münasibətilə vətənpərvərlik mövzulu layihələr həyata keçirib, o cümlədən şair-publisist Sevindik Nəsiboğlunun “Möhtəşəm Zəfərin nişanəsi” kitabının təqdimatı olub.

Respublika Uşaq Kitabxanası da VIII Bakı Beynəlxalq Kitab Sərgisində yeni nəşrlərin – “Təhsil” nəşriyyatı ilə birgə ərsəyə gələn Raziyyə Rəhimzadənin “Qədim Bakı haqqında əfsanələr” və Tural Axundovun “Şuşa tarixin obyektivində” kitablarının təqdimatını keçirib.

 

Bir sözlə, kitabxanalarımız “Şuşa ili”nə layiqli töhfələr veriblər.

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2022)