“Qaldırdım bütün ağ bayraqları eşq cəbhəsində” – Ramil Əhmədin şeirləri Featured

Rate this item
(1 Vote)

Son günlərini yaşadığımız 2022-ci ilin əsas ədəbiyyat hadisələrindən biri də Qubada keçirilən SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turu oldu ki, 32 finalçının əsərlərindən ibarət Antologiya üzümüzə gələn il “Azərkitab” Yayınlarında nəşr olunacaq. Festivalın rəsmi media dəstəkçisi olan “Ədəbiyyat və incəsənət” portalı antologiyaya daxil ediləcək əsərlərlə oxucularını tanış edir.

 

Ramil Əhməd

1 yanvar 1994-cü ildə anadan olub. 2015-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini, 2018-ci ildə Memar Sinan Gözəl Sənətlər Universitetinin Yeni Türk Ədəbiyyatı ixtisası üzrə magistratura pilləsini bitirib. 2015-ci ildə “Zaman tuneli” adlı şeirlər, 2018-ci ildə “İki şəhərin yazıları”, 2021-ci ildə “Orxan Pamukun evində” kitabları nəşr olunub.

2015-ci ildə Gənclər və İdman Nazirliyinin “Gənclər Mükafatı”nı qazanıb. “Zaman tuneli” kitabı 2020-ci ildə Türkiyədə də nəşr olunub. Ədəbiyyat sahəsindəki fəaliyyətlərinə görə 2013-cü ildə Prezident təqaüdünə, 2021-ci ildə “Gənclər üçün Prezident Mükafatı”na layiq görülüb. 2021-ci ildə Mədəniyyət Nazirliyinin “Vətənpərvərlik mövzusunda ədəbiyyat müsabiqəsi”nin esse janrı üzrə qalibi olub. 2018-ci ildən İstanbul Universitetinin doktorantıdır. 

Ramil Əhməd, ekspertlərin fikrincə, ilk öncə gözəl lövhə ustasıdır. Rəssam kimi molbertini açır, rəng palitrasından lazımınca istifadə edib gördüyünü kətana köçürür.

 

 

 

Pişik kölgəsindən başladı gecə...

 

Sakit kimsəsiz küçə,

Bir pişik kölgəsindən başladı gecə...

Çatmadı köməyə 

Otuz iki hərfin bircə dənəsi

Çözülmədi bu əlifba bilməcəsi...

 

Uçub getdi

dilimin ucundakı qışdan 

Unudulmağın isti qoynuna

qaranquş sözlər...

Hanı söz?

Hansı söz?

 

Necə tapım o sözü? 

Necə deyim həsrətimi?

Necə deyim səni sevdiyimi,

sənə öldüyümü?

Gözlədiyimi – bu ömrə gələsən deyə

Gizlədiyimi – özüm belə bilməyim deyə...

Necə, necə, necə? 

Pişik kölgəsindən başladı gecə...

Susdu köksüz piano səsi, 

Su qatılmış pivələrlə keçən yay da bitdi,

Sentyabrla gəldi payız

Bir halımı düşün – 

oktyabrsız, noyabrsız, yalqız...

 

Sənsiz bir saat keçməzkən,

gün necə keçir, həftə, ay necə? 

Keçir bir-birini təkrarlayan addımlar,

Keçir küçəmizdən qərib adamlar...

Bəlkə sən də gəldin,

Gəldin bəlkə, bu gecə...

Bəlkə, bəlkə, bəlkə də....

 

Pişik kölgəsindən başladı gecə...

 

 

Həsrətin uğultusu

 

Səni xatırlayıram 

Uzaq bir bozqırda,

Damından payız damcılayan

kirayə evin soyuq otağında...

 

Uzanmışam kürəyi üstə

tavandakı hörümçəyin toruna

balıq kimi düşür gözlərim,

Səslər axıb dolur qulağıma...

 

Mətbəxdən başlayır səslər, 

Damcılayan suyun və 

məmur maaşımın alın yazısı – 

yarıboş soyuducunun fasiləli səsi...

Sonra damda gəzişən adsız quşların quğultusu, 

İki küçə o yandan gələn it hürüşməsi,

Pişiklərin canında qovulmaq əndişəsi... 

Küləyin pərdəni aramla tərpədişi... 

Bir də adamsızlığın, həsrətin uğultusu...

 

Küncdən küncə qaçan qaraltılar – siçanlar

Görəsən yeməyə bir şey tapdılar?

Süfrədəki kişi tənbəlliyinin ruzisinə daraşan qarışqalar 

Çörək qırıntısı sevinciylə yuvalarına qayıtdılar...

 

Saatın iki saniyəsi qulağımda qafiyələnir: 

sən/siz, sən/siz, sən/siz, sən/siz...

Bir saniyə çəkmir “sən”in sevinci,

Bir saniyə sonra “sənsiz” olur, 

Dünyanın bütün rəngləri solur...

“Sən”in yaxınlığı, “siz”in uzaqığı

Və “sənsiz”in Sibir sürgünündən

Dərviş səbriylə keçirəm,

Bir yandan da xatırladır mənə sənsizliyi

Borcdan bağlanan telefonumun tozlu səssizliyi...

 

Həm evimin hər yerindəsən

Həm də uzaqsan, yoxsan, 

Bəlkə də indi mənimtək kürəyi üstə uzanmısan,

Bəlkə mətbəxinizdən su damır,

Bəlkə soyuducun da doludur, 

Bəlkə gəzişmir evinizdə siçanlar,

Bəlkə məhəllənizdə əsmir küləklər,

Bəlkə pişikləriniz də qorxmur qovulmaqdan, 

Bəlkə sizin küçənizdə itlər unudub hürməyi, 

Bəlkə qadın səliqəsinin qurbanıdır evinizin hörümçəyi...

Bəlkə telefonun borcunu da ödəyib ərin. 

 

Mənim şəhərimdə, 

mənim küçəmdə, 

mənim otağımda olanlar 

Sənin şəhərində,

sənin küçəndə, 

sənin otağında olmayanlarla eyniləşir... 

 

Keçir bu gecədən bir qatar,

Gecənin son səsidir uzaqlaşan. 

Bitir bizim şeirimiz, başlayır bir roman: 

Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, 

bədbəxt ailələrin hərəsi bir cürə bədbəxtdir…”

​​​​​​​

​​

 

Söykənmişəm səsinə 

 

Gözlərin azanımdır – 

Gündə min yol məni sevgiyə çağıran...

Könlüm sənə səcdədə,

Qəlbim qəlbinə sonsuz bir rüku...

Bu sevda nə sevdadır belə? – 

Sultanlığı olmayan bir quyu...

 

Adın dodağımda dua kimi səsləndi,

Yaxşı olmağıma bəsdir bir “necəsən”in, 

Gül qoxudu gülməyin.

Gəmiləri torpaqdan keçirən

Fatehin inadkarlığıyla

istədim səni!

 

Səndən məcburi köçkün bədənimi harada gizlədim,

Vətənim mənim?

Harada yoxa çıxsın bu canım ki

qurtulum bir kimsə olmaqdan? 

Mən bu dünyada heç kim olmaq istəyirəm,

Bircə sənin nəyin olum, bilmirəm...

 

Ayaqlarımın gücü yox,

söykənmişəm səsinə...

Uzun gecələr

həsrətindən çəkilmir, 

Söykənmişəm səsinə, 

Səsinin dəydiyi sözləri bir-bir öpmək istəyir könlüm.

O sözləri söz edən hərfləri bir-bir bağrıma basmaq,

Hər kiçik zərrə qədəriylə sevmək səni.

 

Qaldırdım bütün ağ bayraqları

Eşq cəbhəsində,

Təslim, təslim,

Təslim bu sevdaya!

Söykəndim səsinə,

Quşlara dedim şükranlığımı

Çatdırsın səni mənə verənə

aləmlərin rəbbinə... 

 

​​​​​

Azadlığım

 

Sənlə gedə bilmədiyim 

bütün parklar 

ağaclardan hörülmüş həbsxanalardır.

 

Sənlə gedə bilmədiyim 

Bütün şəhərlər

Binalardan hörülmüş həbsxanalardır.

 

Sənlə gedə bilmədiyim 

bütün küçələr

adamlardan hörülmüş həbsxanalardır.

 

Sənlə üzə bilmədiyim

bütün dənizlər

sulardan hörülmüş həbsxanalardır.

 

Sənsiz

məhbusam

ağaclar, binalar, adamlar, sular arasında...

 

Hardasan, mənim azadlığım?

 

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2022)