Yazı makinasına “sevgilim” deyərmiş...

Rate this item
(0 votes)

Bu gün Xalq yazıçısı Əzizə Çəfərzadənin doğum günüdür

 

Ədəbiyyat tariximizdə iz qoyan yazıçılardan biri, tarixi romanları ilə sevilən, şəxsiyyəti ilə ziyalılığa nümunə olan Əzizə Cəfərzadə əslən şamaxılıdır, 1921-ci il dekabr ayının 29-da Bakı şəhərində anadan olub. Qara gələn 1937-ci ildə əski əlifba ilə yazılan kitabların yandırılması əmri veriləndə Əzizə Cəfərzadə evlərindəki kitabları kisəyə yığaraq aparıb basdırıb ki, ələ keçməsinlər.

İlk gəncliyində pilot olmaq istəyib, aviasiya klubuna yazılıb, orada gələcək həyat yoldaşı ilə tanış olub. Müharibə başlayan ildə - 1941-ci ildə gənclər ailə qurublar, bir qızları dünyaya gəlib. Tale Əzizə Cəfərzadəyə qarşı amansız olub, uşaq qundaqda ikən Əzizənin əlindən düşüb, baş zədəsi alaraq tələf olub. Bir daha övladı olmayan qadın məcbur qalıb qardaşı oğlu Turanı oğulluğa götürüb.

Dövlət Universitetinə qəbul olan Əzizə əmək fəaliyyətinə çox erkən başlayıb, təhsil ala-ala müharibə illərində Ağsu rayonundakı Çaparlı kəndində müəllimlik edib. 1945-ci ildə o, növbəti zərbəni alıb, əlində ərəb əlifbası ilə çap olunan türk ədəbiyyatına aid kitab olduğuna görə universitetdən xaric edilib. Amma sonradan hər halda ekstern yolla universiteti bitirə bilib. Müharibəyə görə kişi kadrların çatışmadığı dönəm idi, Əzizə kimi savadlı xanımlara da zəruri ehtiyac yaranmışdı, 1944-1946-cı illərdə Əzizə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Ssenari şöbəsinin rəisi, sonra 1947-1949-cu illərdə teatr texniki məktəbinin müdiri, 1950-1955-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunda  kafedra müdiri olub. İki il respublika xaricində çalışıb, uzaq Kamçatkada Pedaqoji İnstitutda dosentlik edib, 1957-1974- cü illərdə Azərbaycan EA Əlyazmalar İnstitutunda şöbə müdiri, 1974-cü ildən isə BDU-nun professoru olub.

Əzizə xanım ədəbi fəaliyyətə 16 yaşında başlayıb, 1937-ci ildə “Əzrayıl” adlı ilk hekayəsi “Ədəbiyyat” qəzetində çap edilib. Və çox maraqlı bir detal. Əzizə Cəfərzadə Azərbaycan Sovet ədəbiyyatında azadfikirli kimin tarixə düşən azsaylı yazarlardan biridir. Onun 1948-ci ildə nəşr edilmiş ilk kitabı Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan olunaraq yandırılıb. O, Anna Axmatova kimi “burjua lirikasını” tərənnüm etməkdə günahlandırılıb.

Əzizə Cəfərzadənin əsərləri Azərbaycan dili­nin saflığı və təmizliyi uğrunda mübarizənin bariz nümunəsinə çevrilmişdi, yüzlərlə oçerk, elmi tədqiqat və publisistik məqalələri dövri mətbuatda çap edilirdi. Klassik Azərbaycan ədəbiyyatının, xüsusilə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində elmi tədqiqat işləri də aparırdı bu fədakar insan.

1979-cu ildə Hacıqabulun Tağılı kəndində məktəb tikdirib. Bunun üçün Moskvada çap olunan kitablarının bütün qonorarını xərcləyib. Tikintinin sonuna az qalmış qiymətli mirvari boyunbağısını da satası olub.

Həyat yoldaşı Qana prezidentinin baş pilotu təyin olunanda Əzizə xanımın ömrünün Afrika dönəmi başlayıb, o zaman o, “Qızıl səyahət” adlı kitab yazıb. Ona yazıçı kimi şöhrəti isə Seyid Əzim Şirvaninin həyatından bəhs edən “Aləmdə səsim var” romanı gətirib. “Vətənə qayıt”, “Bakı-1501”, “Cəlaliyyə”, “İşığa doğru” kimi tarixi roman və povestləri də məşhur olub.  Əsərləri bir çox xarici dillərə - rus, fars, tacik, ərəb, qazax və s. tərcümə edilib.

Əzizə Cəfərzadə biz tələbələrinə Azərbaycanı işğal etmiş Çar Rusiyası, Sovet imperiyası barədə həqiqətləri açıb söyləməkdən belə usanmırdı, hətta məlumat var ki, xüsusi orqanlar onun dərslərini izləmək üçün auditoriyalarda səsyazma cihazları gizlədirmişlər.

1981-1989-cu illərdə Əzizə xanım Respublika Qadınlar Şurasının sədri vəzifəsində çalışıb,  “Xalqlar dostluğu” ordeni və müstəqil Azərbaycanın ali mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilib, 2001-ci ildə “Azərbaycan anası” və “Xalq yazıçısı” fəxri adına layiq görülüb, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.

Yazı makinasına “sevgilim” deyərmiş. Ömrünün axırlarında yazı makinası ilə yaza bilmirmiş, barmaqları gücdən düşübmüş. Ona makinaçı tapsalar da, sonralar bundan imtina edib. Səsini diktafona yazdırıb sonra üzünü köçürtdürürmüş. Son Füzuli haqqında “Eşq sultanı” adlı romanını da diktofona diktə etmişdi.

Ürək çatışmazlığı varı idi, amma ailə üzvlərindən bunu gizlərdi. Sonralar bədəninə su yığılıb, 2003-cü il sentyabrın 4-də 82 yaşında vəfat edib. Onu vəsiyyətinə əsasən Hacıqabulun Tağılı kəndində - bir vaxtlar məktəb inşa etdirdiyi həmin kənddə dəfn eləyiblər.

Ruhu şad olsun bu böyük, aləmdə səsi qalan ziyalımızın!

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2022)