“Qar çiçəyim, sındır buzu…” - güneyli şair Ramin Yaşarın şeirləri Featured

Rate this item
(1 Vote)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi, Təbrizdə yaşayıb yaradan şair Əli Çağla bu dəfə sizləri güneyli şair Ramin Yaşarın yaradıcılığı ilə tanış edir. 

 

Ramin Yaşar

Yaşar təxəllüsü ilə şeirlər yazan Ramin Cəbrayili 1987-ci ildə Təbriz şəhərində doğulmuşdur. O, geologiya fakültəsi üzrə bakalavr dərəcəsinə qədər təhsil etmişdir. 18 yaşından ədəbi dərnəklərdə fəaliyyət edibdir. O, DGTYB-nin üzvüdür.

 

 

SALAM TÜRKÜN BAYRAĞINA

 

Ay-ulduzlu gözlərinlə,

Çağır gələk ocağına.

Körpə-körpə duyğumuzu,

Al günəşin qucağına.

 

İzin ver, dinləyək səni,

Sən ey Savalanın savı.

Söylərinə qonaqlandır,

Sevginə can atan avı.

 

Qıyım sanma canımıza,

Qıy, qoy olanlar ər olsun.

Sınaq-sınaq sına bizi,

Sınaqların sinər olsun.

 

Şuşa-şuşa, Laçın-laçın

Biz qalxmışıq ayağına.

Təbriz-təbriz, Bakı-bakı,

Salam,

Salam türkün bayrağına…

 

 

GÖZLƏRİN

 

Qonaq gəldim, qonağını bir anlıq,

Bəbəyində de saxlasın gözlərin.

Göz-göz olmuş göy qurşaqlı yaramı,

Bağlamayır, de bağlasın gözlərin.

 

Sevgi adlı boyağına boyandım,

Savaşında şəhər-şəhər talandım.

Dağlatmağa dağlarımı dolandım,

Dağlayan yox, de dağlasın gözlərin.

 

Sara deyil, Xan Çobanam seldə mən,

Şeirdə mən, mahnıda mən, dildə mən,

Sınıqmışam vətəndə mən, eldə mən,

İnanmırsan de yoxlasın gözlərin.

 

Olmamağın məni məndə oturdub,

Dərd ordusu bayrağımı yatırdıb,

İnadlığım əzrayılı qudurdub,

Da ölürəm, de ağlasın gözlərin;

Gözlərimi de bağlasın gözlərin.

 

 

UŞAQLAR AYIQ ORDUDUR

 

Can ürəklər, can könüllər,

Sudan duru, aydan arı.

İsti-isti, şirin-şirin,

Qaçın gəlin mənə sarı.

 

Qaçın gəlin ay uşaqlar,

Gəlin vətəndən danışaq.

Qızıl almada dil açıb,

Güllü gülşəndən danışaq.

 

Danışaq, söyləyək Azər,

Babəkin "Baycan" yurdudur.

Ay-ulduzlu gələcəyə,

Uşaqlar ayıq ordudur.

 

 

AZƏRİN İYİRMİ ALTISI

 

Kitablara od vurdular,

Varaq-varaq dilim yandı.

Azərin irmi altısı,

Od, odluğundan utandı.

 

Oda, alova baxmayın,

Utanmaz faşismlər oddan.

Anamın dili külləndi,

Sürgün oldu atam yurddan.

 

Bir soyqırım, bir türk qırım,

Azər qır, baycan qırım,

Azərbaycan yaralanıb,

Qanı axdı şırım-şırım.

 

Qara qorxu asma, kəsmə,

Havamız kəsmə şikəstə.

Dağların ürəyi dağ-dağ,

Vətən düşkün, torpaq xəstə.

 

Salam-salam dar ağacı,

Salam-salam ulu üsyan.

Qar çiçəyim, sındır buzu,

Ya azad ol, ya sən də yan.

 

 

ŞERİM

 

Damcı-damcı, damla-damla,

Gözümə yaş düzər şerim.

Yaranışla tanışdıqca,

Hər ağrıya dözər şerim.

 

Təbiəti naxış-naxış,

Süzgün-süzgün, axış-axış,

Boylandıqca baxış-baxış,

Canı candan üzər şerim.

 

Nə büdrəyib, nə də çaşıb,

Addım-addım dağlar aşıb.

Duyğu-duyğu məndən coşub,

Ürək-ürək gəzər şerim.

 

Zaman-zaman başı duman,

Varlığında var həyəcan,

Sevgilisi Azərbaycan,

Vətən-vətən süzər şerim.

Damcı-damcı, damla-damla,

Gözümə yaş düzər şerim.

 

 

GÜNEY

 

Hər səhər üz tutub üzünə sarı,

Günəş gözlərinə baxaram güney.

Dərdini Təbrizin ərkindən duyub,

Soyuq əllərini sıxaram güney.

 

Ahına qovrulub, oduna yanıb,

Sevginə can atıb, sözünü anıb,

Qutsal torpağını səcdəgah sanıb,

Gülgün ürəyinə axaram güney.

 

Sən yaşam yağışım, yaşayış payım,

Varlıq sırasında ulduzum, ayım,

Ağrından süd əmsə çörəyim, çayım,

Özüm öz evimi yıxaram güney.

 

Elə yad saçların daransın dara,

Şanlı arzuların otursun bara,

Xan Araz bağrımda olmasın yara,

Quzeyi köksümə taxaram güney.

Hər səhər üz tutub üzünə sarı,

Günəş gözlərinə baxaram güney...

 

Qeyd: Şeirlərin orfoqrafiyasına toxunulmamışdır.

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2022)