Tanrımla gəzirdik o gecə biz küçənizdə - güneyli şair Dərviş Təbrizlinin şeirləri Featured

Rate this item
(0 votes)

 

Portalımızın Güneydən gələn səslər rubrikasında Güney Azərbaycan təmsilçimiz Əli Çağla sizləri Dərviş Təbrizlinin şeirləri ilə tanış edir. 

 

 

Dərviş Təbrizli

Dərviş Təbrizli təxəllüsü ilə tanınan Məhəmməd Cavadi 1992-ci ildə Təbriz şəhərində anadan olubdur. 2007-ci ildən türkcə şeir və ədəbiyyat sahəsində çalışır. İndiyə kimi 3 kitabı ışıq üzü görübdür. 10 kitabdan artıq roman kitabını azərbaycan əski əlifbasına köçürübdür. Bir ildən artıqdır ki, pyes və ssenari yazmağa üz gətiribdir. Azərbaycanın böyük sənətkarı Cəfər Cabbarlının pyes yazılarını köçürüb və çapa hazırlayıbdır. İndi isə təbriz şəhərində gülüş tamaşasının səhnəyə çıxmasının, yazarı və baş yazarıdır.

 

 

GƏLMƏZ

 

Getmək zamanı gəldi, gedək durmağa gəlməz,

Dil susmalıdır, yox, daha söz sormağa gəlməz.

 

Döz, göz-gözə bir yolda doyunca baxa gözlər,

Həsrətlə çiyinlərdə boyun burmağa gəlməz.

 

Məndən sənə qoy bircə nişan qalsın əlində,

Qaytarma, o halqa daha heç barmağa gəlməz.

 

Boş sözlərə uydun sən özün, neynəsin özgə?

Təqsiri rəqibin nədi, yox vurmağa gəlməz!..

 

Yüz min dərəcə sifrdən azdır bu baxışlar,

Od sözlər ilə ağzımı yandırmağa gəlməz.

 

Əlcəkdə də əllər üşüyür, əl üz əlimdən,

Bum-buzdur əlin, əlləri dondurmağa gəlməz.

 

Dərviş, bu qədər eyləmə nisgil, sözü qurtar,

Hər bir gəlişin getməyi var, yormağa gəlməz.

 

 

SORUŞ

 

Şəklini fərş üstə doğrutdum, piçaqlardan soruş,

Saçlarınla, gözlərin rəngi boyaqlardan soruş.

 

İlmək-ilmək, arşın-arşın nazladım boyluqları,

Get ipəklərdən soruş, baş vur yumaqlardan soruş.

 

Tıqqa-tıqlar bu saatda taqqa-taqdır beynimə,

Qışqırır sənsizliyi bom-boş otaqlardan soruş.

 

Bu qoca şəhri ayaqdan saldım, axtardım səni,

İzlərim yorğundu, qoy yatsın, ayaqlardan soruş.

 

Sən gedən gündən məni görcək pıçıldar qonşular,

Halımı pıç-pıçların içrə qulaqlardan soruş.

 

Yaslıyam, sənsiz verir can bu yarım, can yastığım,

Gözlərimdə gizlənən sızğın bulaqlardan soruş.

 

Eşqi biz döndərmişik indi ögeylik eşqinə,

Gəl yaxınlaşdır, açım bir söz qabaqlardan soruş.

 

Mən özümdən də uzaqlaşdım, yetişdim tanrıya,

Bir günü tutsan soraq, məndən uzaqlardan soruş.

 

Çiyninə Dərviş çəkib illərdi sənsizlik yükün,

Qoy uyan uysun, ürək dərdin oyaqlardan soruş.

 

 

KÜÇƏNİZDƏ

 

Gördüm səni mən ilk dəfə öz küçənizdə,

Dil tutmadı heç bir yol atam söz küçənizdə.

 

Salxımla bitib gözlərim üstündə məhəbbət,

Gəl, əl uzadıb bircəsini üz küçənizdə.

 

Göstərmə gözəl gözlərini hər kəsə, vallah,

Çox qorxuram axir vuralar göz küçənizdə.

 

Min gənc o qara gözlərinin bəndinə düşmüş,

Çək zəncirə bir-bir hamısın düz, küçənizdə.

 

Sal sevgi odun könlümə bağrım başı yansın,

Bu sevgidən arzumdur olam köz küçənizdə.

 

Axşamdan inan sübhəcə səndən danışırdıq,

Tanrımla gəzirdik o gecə biz küçənizdə.

 

Təbriz dolusu sevgi gətirdim qucağımda,

Tökdüm, qapızda qoy qala təbriz, küçənizdə.

 

Tək qoyma, amandır, ürəyi incə bu Dərviş,

Addım ata bilməz daha sənsiz küçənizdə

 

 

YAĞIŞ ALTDA

 

Mən könlümü bir gün sənə satdım yağış altda,

Sandım ki, yatan baxtı oyatdım yağış altda.

 

Ağzımda susan dil səni görcək işə düşdü,

Ağzım dolu bir dəfə söz atdım yağış altda.

 

Güldün mənə, bir kəlmə danışcaq geri döndün,

Saldım üzümə azca yubaltdım yağış altda.

 

Gəzdik təpədən-dırnağa ıslandıq o axşam,

Sən hey sözü kəsdin, mən uzaltdım yağış altda.

 

Addımlarılan Təbrizi başdan-başa ölçdük,

Öpdüm səni atdıqca hər addım yağış altda.

 

Addım başı könlüm qəzəl istərdi gözündən,

Bilməm ki, nələr onda yaratdım yağış altda?

 

Düşdü araya ayrılıq, əl-əldən üzüldü,

Səndən ürək axirdə qopartdım yağış altda.

 

Minlərcə qəzəl lal qalıb ağzımda o gündən,

Sənsiz bu gün ağzım dolu yatdım yağış altda.

 

Dərviş, o yalan sevgini bir buxçaya yığdım,

Getdim görüşən yerdə boşaltdım yağış altda.

 

 

Qeyd: Şeirlərin orfoqrafiyasına toxunulmamışdır

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2022)