Türkiyənin Rusiyadakı səfirliyi XTNS-nin “Azərbaycan” pavilyonuna kitablar hədiyyə edib

Rate this item
(0 votes)

 

Türkiyənin Rusiya Federasiyasındakı səfirliyi Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) yerləşən “Azərbaycan” pavilyonuna tanınmış türkiyəli müəlliflərin kitablarını hədiyyə edib. 

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, nəşrlər Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Mətbuat və Kitabxanalar Departamentinin həyata keçirdiyi “TEDA” layihəsi çərçivəsində Azərbaycan dilinə tərcümə olunub. 

Türkiyənin RF-dəki səfirliyinin mədəniyyət və turizm üzrə attaşesi İlker Özkan kitabları pavilyona təqdim edərək vurğulayıb ki, Azərbaycan və Türkiyə qardaş ölkələrdir. O deyib: “Biz böyük heyranlıqla pavilyonla tanış olduq. Fəxr edirik ki, türkiyəli müəlliflərin məşhur kitablarını “Azərbaycan” pavilyonuna təqdim etmək fürsətimiz var”. 

Pavilyonun direktoru Səadət Qədirova Azərbaycan və Türkiyə arasında qarşılıqlı münasibətlərdən danışaraq deyib: “Türk qardaşlarımızın belə səfərləri bizim dostluq münasibətlərimizi möhkəmləndirir. Bu gün Türkiyə səfirliyi tanınmış türkiyəli yazıçıların Azərbaycan dilinə tərcümə olunmuş kitablarını bizə hədiyyə etdi. Belə aksiya sözsüz ki, faydalıdır. Qonaqlarımızın “Azərbaycan” pavilyonuna necə valeh olmalarını görmək çox xoş idi. Pavilyonun XTNS-nin əsl incisinə çevrilməsindən ötrü əlindən gələni edən Heydər Əliyev Fonduna bir daha təşəkkürümü bildirirəm. Türkiyə Azərbaycanın əsas müttəfiqidir və biz qardaş ölkənin dəstəyini yüksək dəyərləndiririk”. 

Qeyd edək ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Mətbuat və Kitabxanalar Departamenti uzun illərdir “TEDA” layihəsini həyata keçirir. Bu layihə çərçivəsində yaşadıqları ölkənin ana dilinə Türkiyə ədəbiyyatının tərcüməsi işində əcnəbi mütəxəssislərə maliyyə dəstəyi göstərilir.

 

“Ədəbiyyat və incəsənət”

(23.12.2022)