Ankarada Xurşidbanu Natəvanın 190 illiyi qeyd edilib

Rate this item
(0 votes)

 

Ankarada fəaliyyət göstərən Türk Dünyası Mədəniyyət Mərkəzində Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, “Azaflı” Sosial Yardım və Mədəniyyət Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan və Türkiyəni təmsil edən görkəmli simalar iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan “Azaflı” Sosial Yardım və Mədəniyyət Dərnəyinin sədri Arzuman Azaflı, xan qızı Natəvanın həyat və fəaliyyətindən danışaraq vurğulayıb ki, qədirbilən Azərbaycan xalqı xanım şairəmizin şəxsiyyətinə hər zaman ehtiram göstərib.

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədr müavini Pərviz Məmmədzadə, Professor Teymur Rzayev və başqaları çıxışlarında şairə Xurşidbanu Natəvanın poeziya yaradıcılığından bəhs ediblər. Vurğulanıb ki, nadir yaradıcılıq üslubu ilə hər zaman poeziya həvəskarları tərəfindən sevilən Xurşidbanu Natəvanın şeirləri bundan sonra da dillər əzbəri olacaqdır. 

Əməkdar artist, bəstəkar və pianoçu Turan Manafzadənin geniş konsert proqramı hərarətli alqışlarla qarşılanıb. 

Tədbir Azərbaycan Mədəniyyət Nazirliyinin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə keçirilib. 

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2022)