“Nə yaxşı ki, bütün qan qrupları torpağa düşür” – İntiqam Yaşar Featured

 

Bu ilin əsas ədəbiyyat hadisələrindən biri də Qubada keçirilən SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turu oldu ki, 32 finalçının əsərlərindən ibarət Antologiya üzümüzə gələn il “Azərkitab” Yayınlarında nəşr olunacaq. Festivalın rəsmi media dəstəkçisi olan “Ədəbiyyat və incəsənət” portalı antologiyaya daxil ediləcək əsərlərlə oxucularını tanış edir.

 

İntiqam Yaşar oğlu Cavanşir (İntiqam Yaşar) 



Bir udum vətən

 

Bu sərçələr yem dalınca
Tanrının yanından eniblər yanıma.
Son ümid, son güman kimi
Qonublar eyvanıma.

 

Hamı bir vaxt sərçə olur,
Hamı uçur dən dalınca.
Bir parça torpaq dalınca,
Bir udum vətən dalınca.

 

Düşür özündən xəbərsiz,
Lələk-lələk qanadları.
Yolur yağış qanadları,
Yolur külək qanadları.

 

Ürəyimə daman kimi,
Nə yaxşı ki, dən səpmişəm.
Məni görüb uçardılar,
Dəni dünəndən səpmişəm.

 

Hamı bir vaxt sərçə olur.
Hamı uçur dən dalınca.
Bir parça torpaq dalınca,
Bir udum vətən dalınca.

 

 

Torpaqların vətən olan tərəfi

 

Torpaqların vətən olan tərəfi,

qan azlığından əziyyət çəkir həmişə.
Qanını torpağa verir övladlar,
son cümləsinəcən...
Nə yaxşı ki, bütün qan qrupları torpağa düşür.
Taqətsiz vətənin üstünü örtməksə,
buluda düşür, ağaca düşür, yarpağa düşür...
Yoxsa...

 

Şəkil

Sən ey başdaşından boylanan şəkil,

Dünyaya baxmaqdan yorulmadınmı?

Burdan gəlib-keçən haqqa çatmaza,

Dişini sıxmaqdan yorulmadınmı?

 

Bir gəlib tozunu silənin də, yox.

Sən kimdin, nəçiydin - bundan kimə nə?

Bəlkə, bir istəyin, bəlkə, arzun var,

Utanma, çəkinmə, buyur, de mənə.

 

Əvvəllər bir qadın görərdim hərdən,

Gəlib dayanardı sənlə üzbəüz.

Deyəsən, heç o da baş çəkmir daha,

Nə dedin, xətrinə dəydi hansı söz?

 

Bəlkə, o qadın da köçüb dünyadan,

Köçübsə, görəsən, hardan boylanır?

Yəqin, başqa yerdə dəfn eləyiblər,

Yəqin, bir şəkil də ordan boylanır.


***

 

Yenə yağış yağır bu boş şəhərə,

Yenə ağacların duası çindir.

Adamsız şəhərdə bir ağac olmaq

Susuz səhralardan daha çətindir.

 

Meyvəsi kölgədir, kölgəsi meyvə,

Uduzur ömrünü gündə bir yoxa.

Bu ağac bəxtindən haçan yarıya?

Öyrənib ümidi hey boşa çıxa.

 

Göylər... ümid yeri... son güman yeri,

Göylər əl uzadar yerdəkilərə...

Yarı yolda qalmaz göydən gələnlər,

Gec də olsa çatar yerdəkilərə.

 

 

Üşüyən heykəl

 

Üşüyən heykələm yağışın altda,

Sinəmdə ürək yox, isinə canım.

Kim ayaq saxlayar, kim hal soruşar,

Adamsız şəhərdə adam dörd yanım.

 

Gözümdən min sual tuşlanıb göyə,

Sual yağışıyla cavab verirəm.

Yağış altda qalmaq bilirəm nədir,

Tanrı, mən sənə çox əzab verirəm.

 

Mənim bağışlanmaq istəyim yoxdur.

Son nöqtə torpaqdı, daşdı uzağı.

Bir gün biri çıxıb soruşacaq ki,

Niyə yağış altda qoydun uşağı?

 

 

 “Ədəbiyyat və incəsənət”

(21.12.2022)