“Ölüm, ölmək istəmirəm” - Musa Ələkbərlidən bir şeir

 

Poetik qiraət rubrikasında bu dəfə oxucularımıza istedadlı şairimiz Musa Ələkbərlinin “Ölüm, ölmək istəmirəm” şeirini təqdim edirik. Lirik ovqat daha çox bədbinlik ruhuna bürünsə belə gözəl şeirdir. 

 

 

Mən daha belə yaşamaq,

Belə ölmək istəmirəm.

Dünya səndən elə getdim

Bir də gəlmək istəmirəm.

 

Payızın gözüm yaşıdı,

Qışın başımın daşıdı.

Yayında üzüldü canım,

Olum yazının yaşıdı.

 

Çöl-çəmən nə yaman batıb

Nərgizlərin qoxusuna.

Adəm yəqin bu yaz girib

Həvvanın bal yuxusuna.

 

İçimdə bir hönkürtü var,

Başımda bir şimşək çaxa.

Ürəyimdən oxlanam mən

Elə gözüm baxa-baxa...

 

Bir ömrün ağrı-acısı,

Bir yaşamın cövrü gəlir.

Sözü bitən bir şairin

Sayıqlama dövrü gəlir.

 

Mən daha belə ağlamaq,

Belə gülmək istəmirəm.

Bir səda var qulağımda

“Ölüm, ölmək istəmirəm”.

 

“Ədəbiyyat və incəsənət”

(20.12.2022)