“Nə də qan qoxusu var bu qaranlıq gecədə” – Mehdi Dostəlizadə Featured

Bu ilin əsas ədəbiyyat hadisələrindən biri də Qubada keçirilən SilkWay Beynəlxalq Ədəbiyyat Festivalının Azərbaycan turu oldu ki, 32 finalçının əsərlərindən ibarət Antologiya üzümüzə gələn il “Azərkitab” Yayınlarında nəşr olunacaq. Festivalın rəsmi media dəstəkçisi olan “Ədəbiyyat və incəsənət” portalı antologiyaya daxil ediləcək əsərlərlə oxucularını tanış edir.

 

Mehdi Pərviz oğlu Dostəlizadə

 

Şərq xəbərləri

 

Əsir səmum küləyi, döyüşür fırtınalar,

Diri zərbələr vurur ölü divanələrə,

İndi lərzəyə gəlib dağılır bütxanalar,

Dönür malikanələr uçuq viranələrə;

...Xorasanda ölən var.

 

Bilmir hansı tərəfə əssin dəli küləklər,

Xarabanın sərhədi, ucu-bucağı yoxdur,

Bilmir hansı tərəfə qaçsın yetim bəbəklər,

Axı xarabalarda ata qucağı yoxdur;

...Xorasanda ölən var.

 

Baş qaldırıb hər kəsə, fələklər savaş açır,

Şahə qalxıb varlığın qəzəbinin atları,

Zaman da qorxusundan arxa cəbhəyə qaçır,

Geriyə axır indi dünyanın saatları;

...Xorasanda ölən var.

 

Ədalət doğulurdu atların izlərində,

Qazıb aşkar edirdi gizli dəfinələri,

Yatırdı türbələrin qızıl günbəzlərində,

Kimsəsiz körpələrin bütün xəzinələri;

...Xorasanda ölən var.

 

Kasıb ruhun nifrəti sayəsində sökülür,

Zəngin cismin rəngbərəng libasından naxışlar,

Kinli cəngavərlərin qılıncıyla tökülür,

Bəsit məmləkətlərə mürəkkəbdən yağışlar;

...Xorasanda ölən var.

 

 

Dənizin arxasında

 

Bu fikir dənizinin sahilinə lövbər at,

Tərgit elə bu saat

yol getmək vərdişini,

Müvəqqəti gəminin əbədi sərnişini.

 

Sənə yoldaşlıq edən qağayıyla vidalaş,

Sənə qanad çırpana sən də əlini yellə,

Bu qəfil ayrılıqdan qaça bilməyəcəksən.

O qanad çırpa-çırpa yerə enməyi bilir,

Sən əlini yellədib göyə uça bilərsən?

Uça bilməyəcəksən.

 

Qayıt, başqa gəmiyə

yol göstər, dəniz quşu,

Sən bizim adamlara suda gərəksən ancaq

Ucsuz xarabaların doludur öz bayquşu.

 

Axı nədən qorxmusan?

Bəmbəyazdır bənizin.

Düşüncələr başımın,

qağayılar dənizin.

 

Sən axı bu ümmanın sirlərini bilirsən,

Bilirsən ki, birinci ən fağır matrosların

yerə axır qanları,

Yəqin, bundan da sənin xəbərin var, qağayı,

Ən axırda boğulur gəmi kapitanları.

 

 

Qum fırtınası

 

Maşinist lokomotiv, sarvan dəvə sürərək,

Vaqon-vaqon gedirlər, ya kəcavə-kəcavə,

Yolçu olduqlarını hər kəsə bildirərək,

Yolsuzlar dünyasını yara-yara gedirlər,

Axı hara gedirlər?

 

Budur, cüzamlı qoca, səksən ildir yuxusuz,

Əbədi röya üçün yatır dəmir yoluna,

Xeyriyyəçi bir əqrəb, qumun altında gəzir,

Sağ əlinin gördüyü xeyirxah əməlləri

söyləmir sol qoluna.

 

Qatar rels üzərində uzanmış ümidsizi

doğrayaraq gedir yol,

Salam verir qəfildən yolun kənarındakı

acından şeir yazan arıq, cılız şairin,

iri, qızıl büstünə,

Karvan səhra qumuna dəniz damlası deyir,

Ölüdirildən kimi çıxır onun üstünə,

Vaqon arxaya dönüb tikələnmiş cəsədə

deyir: sağalacaqsan!

Dəvə baxır geriyə, ucadan çığırır ki,

Peter, yıxılacaqsan!

 

 

Səcdə

 

Nə də qan qoxusu var bu qaranlıq gecədə,

Bu qaranlıq gecədə —

Mütləq yalanlarını nisbi həqiqətlərə

Calayan Allahın da göz yaşını gizlədən

Əsrarəngiz cazibə qüvvəsi var necə də!

 

Kirpi balalarının tikan çıxıntısı da,

Məxmər kimidir indi,

Adam balalarının burun axıntısı da,

Cövhər kimidir indi.

 

Əcinnə anaların alov beşiklərinə,

Ata Allah deyilən o şəxsiyyətpərəstin

Cəfasını çəkənlər cərgə-cərgə sığınır.

 

Qadağalar təşnəsi Həvvanın da döşündən

Süd əmən körpələrin ruhsuz bədənlərinə

Şeytan ruhu toxunur.

 

İşığı yaradanlar işıqda kor olarkən,

Cənnət kor və koranə ölülərlə dolarkən,

Dirilər töküləcək cəhənnəmin dibinə,

Ruhani diz çökəcək zülmətin rahibinə.

 

Nə kəsilən, nə yanan, nə çarmıxa çəkilən,

Nə də qan qoxusu var bu qaranlıq gecədə,

Xəsarətsiz, yarasız məhv oluram necə də...

 

 

 

“Ədəbiyyat və incəsənət”

(17.12.2022)