Xurşidbanu Natəvanın xatirəsi anılıb

 

Ötən gün Abdulla Şaiqin mənzil-muzeyində “Xurşidbanu Natəvan–190. Məclisi-Natəvan” adlı tədbir keçirilib. İlk olaraq mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə Natəvan yaradıcılığında musiqi ilə poeziyanın qarşılıqlı əlaqəsindən, onun təşkil etdiyi ədəbi məclisdən danışıb. 

 

O, ədəbi məclislərdə klassik ədəbi nümunələrlə birgə musiqinin də səsləndiyini, muğam ifaçılarının da məclislərdə fəal iştirak etdiklərini vurğulayıb. 

Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq Əlaqələr və İctimaiyyətlə İş şöbəsinin baş mütəxəssisi Zümrüd İsmayılova Xurşidbanu Natəvanın rəssamlıq və tikiş bacarıqları haqqında məlumat verərək, onun özünün tikdiyi geyim nümunələrini göstərib. Zümrüd xanım qeyd edib ki, X.Natəvan öz əl işlərində güləbatın naxışlarından geniş istifadə edib və bu geyim nümunələri hazırda muzeydə qorunur, bəziləri isə hələ də restavrasiyadadır, tezliklə geniş ictimaiyyətə təqdim olunacaq. 

Muzeyin əməkdaşı Nurxanım Əskərova Xan qızı Natəvanın siyasi-ictimai, ədəbi və sənət fəaliyyəti haqqında geniş məlumat verib. Çıxışlar slaydlarla müşayiət olunub.

Sonra tədbir layihəsinin müəllifi, Abdulla Şaiqin mənzil-muzeyinin baş fond mühafizi Günel Əsədova Xurşidbanu Natəvan obrazında çıxış edərək, Xan qızının “Qərənfil” qəzəlini səsləndirib. O, həmçinin X.Natəvanın həyatı haqqında monoloqla çıxış edib.

Akademik Milli Dram Teatrının aktrisası Şəhla Əliqızının ifasında X.Natəvan qəzəllərinin ifadəli təqdimatı qonaqların maraq və alqışına səbəb olub.

Tədbirin davamında muğam üçlüyünün ifasında Azərbaycanın klassik muğamları səslənib.

 

“Ədəbiyyat və incəsənət”

(17.12.2022)