“Nəsimi barədə həqiqətlər” - 3-cü hissə Featured

prof. Ramazan SİRACOĞLU

 

Professor Ramazan Siracoğlu Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur. Daha sonra Azərbaycan SSR EA-nın (indiki AMEA) Şərqşünaslıq İnstitutunun aspiranturasını bitirib. 1986- 1993-cü illərdə Azərbaycan SSR EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi işləyib. 1994-2018-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində çalışıb. Hazırda  Karabük Universitetinin professorudur. 

Hələb o zaman çərkəz məmlüklərinin idarəsindəydi. Hələbdə Nəsiminin gizli təkkəsi yaranır və onun müridləri orada fəaliyyətə başlayırlar. Hicri qəməri 811-ci ildə ( miladi 1408 ) yazılmış “کتاب بشارت‌ نامه - Bəşarətnamə kitabı”na görə, Nəsimi hicri qəməri 807-ci ildə ( miladi 1405 ) ildə qətlə yetirilmişdir. Tədqiqatçılar M. Fuad Köprülü, A. Gölpınarlı və  A. Hüseyn də həmin tarixi Nəsiminin qətl tarixi hesab etmişlər.  Müdərris Təbrizi “Reyhanatu’l ədəb” əsərində 1405 tarixinin daha mötəbər olması fikrindədir.   “Bəşarətnamə” əsərində qeyd olunur ki, Nəsimi 36 yaşında qətlə yetirildi. “Ə’lamu’n nubəlai bitarixi Hələb” və “Kunuz  zəhəbiyyə fi tarixi Hələb” kitabında  İmadəddin Nəsiminin qətli barədə qeydlər var.  Həmin qeydə görə, Nəsiminin qətlinə Hələb sultanı Müəyyəd Şeyx əl-Mahmud fərman və  şeyx Şəhabəddin ibn Hilal fətva vermişdir. Tarixi mənbələrə görə isə, məmlük Müəyyəd Şeyx əl-Mahmudun hökmranlıq illəri 1412 - 1421-ci illərə təsadüf edir.  Bu dəqiq tarixdir. O zaman, Nəsiminin 1405-ci ildə qətl edilməsi haqqında fikirlər özünü doğrultmur. Nəsiminin Hələb şəhərindəki məzar sanduqəsində isə onun qətl edilməsi tarixi hicri qəməri təqvimlə 824-cü il ( miladi 1421 ) olaraq göstərilmişdir. Bizcə, bu tarix də dəqiq deyil.

İmadəddin Nəsimiyə olan sevgisini, məfkurə bağlığını göstərmək üçün çox şair öz şeirlərində Nəsimini xatırlayıb, hətta onun təxəllüsünü qəbul edib şeir yazmışdır. Ara-sıra müxtəlif kitabxanalarda  Nəsiminin nəşr olunmamış şeirlərinin aşkar edilməsi  xəbərləri də gəlir.  Bu bir tərəfdən yaxşıdır, digər tərəfdən  isə sonra  müəyyən problemlər yarada bilər. Nəsimişünaslar bu məsələdə çox ciddi olmalıdırlar. Fürsətdən istifadə edib mətbuatda Nəsiminin daha bir yeni əlyazmasının aşkarlanması haqqında subyektiv fikrimi bildirmək istəyirəm.

Maraqlıdır ki, Nəsiminin farsça “Divan”ında “دیوان فارسی حضرت سلطان العارفین و برهان المحققین و مالک طه و یس، ابوالفضل امیر سید نسیمی - قَدَّسَ الله سَرُّهُ العَزیز “- Divan-e farsi həzrət sultan’ul arifin və malik-e Taha vo Yasin, Əbu’l fəzl əmir Seyyid Nəsimi qəddəsə-l-lahu sərruhu’l əziz” sözləri yazıldığı halda, Azərbaycan türkcəsindəki divanında bu epitetlər bir qədər qısaldılmışdır: Divani- həzrət Seyyid Nəsimi qəddəsə sərrihu’l əziz”. Yeri gəlmişkən, “ - قَدَّسَ الله سَرُّهُ  - Qəddəsə-l-lahu sərruhu” ifadəsi böyük şəxsiyyətlərə ehtiram əlaməti olaraq işlənilir və “ALLAH onun məzarının torpağını pak etsin ” mənasındadır.

Ey sifati- bəhr- i zatın kövsəri-zat-i Xuda

Mə’dəni- fəzl-i vücudun ya Rəsuli- Kibriya.

Surətin “Taha” vü “Yasin”, zülfi-ənbəri- şanınız

Fərtəqib təti-s- səmavat duxani” “qul kəfa”

Surətin “İnna fətəhna”dır, cəmalın “qaf” imiş,

Ey yüzün misli “təbarək”, “sidr’ül müntəha”.

“Kuntu kənz”in mənisi səndən açıldı aləmə

Ey sifətin elm şəhri, vey dəlilin rəhnüma…

Sadəcə ilk dörd beyt əsasında  ( hürufilər bütün varlığın təməlində dörd ünsürün— su, od, torpaq, hava- olduğunu iddia edir, dördü müqəddəs bilirdilər  ) mülahizə yürütmək istədiyimiz örnək parçada xeyli üslubi və qrammatik səhvlərin olması bizdə “bu şeir doğrudanmı İmadəddin Nəsimiyə aiddir?” şübhəsi yaradır.

Örnək parçanın ikinci beytinin ilk misrasında yanlışlıq var: “Surətin “Ta Ha” vü “Ya Sin”, zülfi- ənbər şanınız”.  “Ta” “Ha” və “Ya” “Sin” “hurufi- muqəttəə”- “kəsilmiş hərflər” adlanan və Qurani-kərimdə 29 yerdə mövcud olan, mənalarını indiyədək dəqiq şəkildə  heç kimin aça bilmədiyi ilahi hikmətdir. Ayrı-ayrı oxunur, طاها və یاسین şəklində yazılması düzgün deyil,  həmin “hurufi- muqəttəə” müvafiq olaraq  طه və یس  şəklində yazılmalıdır. Misranın yanlış orfoqrafiyası həm də şeirin təfiləsinin pozulmasına səbəb olub. Əruz şeirində “əlif”, sait kimi oxunan “vav” və “yə” hərfləri qapalı heca yaradır, uzun və qısa saitlərin düzümü isə  şeir arxitektonikasını yaradan önəmli amildir.  

“Fərtəqib təti-s- səmavat duxani” “qul kəfa” ( Duxan surəsinin  10-cu ayəsinə aid olan bu ifadə, təhrif olunub, əslində , السَّمَاء بِدُخَانٍ – “səmau bi duxanin” şəklində olmalıdır ) – Göylərdən seyrək duman gələcəyini gözlə” , “söylə: yetər” ( “ qul kəfa” sözü də yanlış yazılmışdır, İsra surəsinin 96-cı ayəsindən götürlmüş həmin ifadə “əlif bi surəti-yə”-ilə yəni, “a”- kimi oxunan “yə” ilə yazılmalıdır: “كَفَى“ ) Nümunə gətirdiyimiz mətndə “sidr’ül müntəha” ifadəsi də yanlış yazılmışdır. Nəcm surəsinin 14-cü ayəsinə aid olan həmin ifadənin düzgün yazılış şəkli “  سِدْرَةِ الْمُنْتَهَى   - sidrət’ul muntəha“dır. İnanca görə, “sidrət’ul muntəha” göyün yeddinci qatında bitən  ağacdır, “Mələkut” aləmindən “Cəbərrut” aləminə keçid məqamında yerləşir. Oradan o tərəfə hətta  Həzrət Cəbrail də keçə bilməz. Daha sonra “Lahut” aləmi gəlir. O aləm haqqında heç kim heç nə bilmir. Əshabələri bir dəfə İslam Peyğəmbərinə “o aləmdə görəsən nə var?”- deyə soruşduqlarında Rəsulillah qısaca “   فیه ما فیه – Fihi ma fihi- O aləmdə o aləmdə olan var”- söyləmişdi. Çox sonralar Mövlana o sözə eyniadlı bir əsər yazmışdır.

Örnək parçanın sonuncu beytinin ilk misrasındakı “kuntu kənz” ifadəsi də yanlış yazılmışdır. İslam aləmində məşhur olan həmin ifadə əslində “ كنت كنزا مخفيا فأحببت أن أعرف فخلقت خلقاً  - Kuntu kənzən məxfiyyən fəəhbəbtu ən urifə fəxələqtu’l xəlqən- Mən bir gizli xəzinə idim, bilinmək istədim və məxluqu yaratdım“ şəklindədir və çox yayğın olan  hədisi-şərifdən alıntıdır. Nəsimi kimi dahi söz sərrafının kiçik bir parçada bu qədər yanlışlığa yol verməsi əsla və əsla mümkün deyil. Nəsimi hesab edirdi ki, ALLAH “qeyri-məhsus” qüdrəttir. “Qeyri-məhsus”, insanın sahib olduğu beş duyğu— “görmə, eşitmə, lamisə, dadbilmə, qoxu”—üzvünün heç biri ilə inikas etməyən misilsiz və əbədi güc anlamındadır. İnsan öz yaradıcısı ilə yalnız SÖZ vasitəsi ilə bağlantı qura bilər. SÖZdən başqa heç bir vasitə İNSANın istək, dilək və yalvarışlarını o ilahi dərgaha yetirə bilməz. Bütün hürufilər kimi, Nəsimi də sözə çox böyük diqqət və önəm vermişdir. Unutmaq olmaz ki, Nəsimi hürufiliyin banisi Nəiminin xələfidir, Nəimi özü ona “seyyid” titulu vermişdi, hürufilərin hamısı Nəsimiyə “əmir” deyə müraciət edirdilər.

Divan ədəbiyatının qaydasına görə, şeirin ilk beytinin ölçüsü bütün şeir boyu gözlənilir. Çox nadir hallarda, ( mütəvvəl qəsidələrdə, məsnəvilərdə ) şairlər yeknəsəkliyi aradan qaldırmaq naminə bilərəkdən şeirin bəhrini dəyişirdilər. Örnək parçanın ilk beyti “müzare” bəhrində ( məf’ulu fa’ilatu məfailu failun ), sonrakı beytlər isə rəməl bəhrindədir ( failatun failatun failatun failun ).  Eyni zamanda, bu iki fərqli bəhr, həm də əruzun müxtəlif  dairələrindəndir. Məlum olduğu kimi, rəməl bəhri “daireyi- müctəlibə”, müzare bəhri isə, “daireyi-müştəbihə” qrupundandır. Sözə böyük önəm verən, şeir sənətini mükəmməl bilən Nəsimi divan ədəbiyatının tələblərini əla bildiyi üçün başlanğıcda belə yazması təəccüblü təsir bağışlayır. Bu yanlışlığı yazını köçürmüş, qələmə almış katibin adına çıxmaq isə  inandırıcı görünmür. Ehtimal ki, bu örnək şeiri hürufilərdən kim isə çox sonralar yazmış, Nəsimiyə olan sevgisindən  o şeri Nəsimi adıyla tamamlamışdır, yaxud da  bu şeir XVII əsrdə yaşamış və özünü Qul Nəsimi adıyla Anadoluda  tanıtmış, Bəktaşi təriqətinə mənsub olan bir şairə  aiddir. Bəktaşilərin hürufilərin xələfləri olması faktı  isə inkarolunmaz bir gerçəklikdir. Nəsiminin başqa şairin şeirinə ehtiyacı yoxdur.

Nəsimiyə kafir deyən cahil, onun gözəl şeirlər yazdığını inkar edə bilmir: هذا الرجل كان كافرا ملحدا  وله شعر رقيق أ  - “Bu adam kafir və dinsiz idi, lakin zərif şeirləri vardı”. ( Bax: سبط ابن العجمي، موفق الدين    الجزء : 2  صفحة : -١٢٥ )

Axı bu kəlamları söyləyəni dinsizlikdə necə ittiham etmək olardı?

Kə’bə üzündür canıma, еşq ilə məscudam ana,

Еy zülfü kafir, gör nеcə gеrçək müsəlman olmuşam!.

Bəndə Nəsimi görəli nuri-Xuda üzündə mən

Indi şəhadət əhliyəm, çün əhli-iman olmuşam.        

Məşhur şairimiz  haqqında olan rəvayətlərdən birində deyilir ki, Nəsimi qətlə yetirildiyi günün ertəsi, erkən sübh çağı şəhər qapıçıları onu Hələb şəhərindən çıxan görüblər. Üst-başı al qan içində imiş. Qapıçılardan biri heyrətlə “bu vəziyyətdə haraya gedirsiniz, necə gedəcəksiniz?”- deyə soruşanda Nəsimi qətiyyətlə “Azərbaycanda bizimkilər xəbər tutublar, gələcəklər  məni aparmağa! Onları qarşılamağa gedirəm” deyərək  qeyb olub…

Çox istərdim ki, şəhid Nəsiminin Hələb qapıçılarına söylədikləri gerçək olsun…

 

Şəkildə: İmadəddin Nəsiminin Hələb şəhərindəki məzarı. Məzar sanduqəsində  belə yazılıb: Əlfatihə.  Həzə mərqədu’ş şəhidu’l mutəəbbədu’s sufi, əl kəbiru’l arifu billahi vəliyullah əş-Şəyx Əli İmadəddin Nəsimi. İstəşhədə fi sənəti 824 hicri. Rəhməhu’llahu Təala və qəddəsə sərruhu.

Fatihə. Bu məzar, ALLAHın və onun vəlisinin böyük bilicisi, sufi inancına etiqad edən Şəhid Şeyx Əli İmadəddin Nəsiminindir. Hicri 824-cü ildə ( miladi 1421-ci ildə) şəhadətə yetirilmişdir. Uca ALLAH  rəhmət eləsin, məzarının torpağı pak olsun.)

 

“Ədəbiyyat və incəsənət”

(14.12.2022)