“Məhbus qadının məktubları” Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı Poetik Qiraət bölümündə sizlərə şair Əlizadə Nurinin “Məhbus qadının məktubları” adlı lirik-psixoloji poemasını təqdim edir. 

 

                

Birinci məktub

 

Salam, görmədiyim yaz,

Salam, körpə çiçəklər.

Görən neynəyir indi

Sevdiyim biçənəklər?

 

Salam, ay çöldəkilər, 

Adamlar, otlar, nələr.

Təzə dost tapmışam mən-

Köhnəlmiş xatirələr…

 

Fələyə neynəmişəm,

Düşüb qaşı-qabağı?

Mənə niyə qəfəsdən 

Ömür düzəldib axı?

 

Dar otaqda yadıma,

O çöl, o hava düşür.

Burda gün görmək üçün

Hər səhər dava düşür…

 

Divar gəlir üstümə-

Əcəb işmiş, ilahi-

Divara kim yerimək

Öyrədibmiş, ilahi?!

 

İndi burda hamının,

Kədər olub “bəzəyi”

Burda bütün qadınlar

Bir-birinə bənzəyir…

 

…Məktub yazıram sizə 

Sözüm yanır varaqda.

Yaxşı görə bilmirəm- 

Günəş olmur çıraqda!

 

Yaxşı ki, yanımızda

Hələ kağız, qələm var.

…Gəlir nadzorun səsi-

Yoxsa evdən gələn var?!

 

Kiçik oğlum gəlibmiş-

Daha nə dərdim-sərim?

Qandalım açılanda

Bildim ki, var əllərim…

 

Oğlum işıq kimiydi,

Yaraşırdı adına.

Üzündən gün damırdı-

Əl apardım altına…

 

Məhbəs geyimimi də,

Bəyənmədi balacam:

,,Ana, böyüyüb sənə

Təzə paltar alacam…”

 

…Nə tez keçdi bir saat?

Əlim qaldı uzalı.

Ayrılıqlar dünyada

Qara şumdu-uzanır…

 

Gül gətirmişdi balam,

Qoxusu güldə qaldı.

Apardılar uşağı

Əli əlimdə qaldı…

 

…Düşürəm bu dünyadan,

Yenə çaş-baş düşürəm.

Yerişim  ləngdi , sanki

Belimdə daş düşürəm.

Ömür çoxmərtəbəymiş-

Yavaş-yavaş düşürəm…

 

İkinci məktub

 

Yenə məktub yazıram,

Sətirlər doluxsunub.

Gücü məktuba çatar

Bir məhbəsdə yoxsulun.

 

Heyif, azadlığımı,

Bir səhvimə satmışam.

Etdiyim bir günahdı-

Min günaha batmışam…

 

Zərbə aldım dünyanın,

Bu fələk-əyyaşından.

Məhbəsdəki qadınlar

Tanınar göz yaşından!..

 

Çöldə qalıb o günəş,

Özgənindi o işıq.

Bələdçimiz olmayıb-

Bu dünyada azmışıq…

 

Qıyqacı baxır sevinc,

Çəkir elə dərdi dərd.

Oğlum, biz olmasaydıq

Acından ölərdi dərd.

 

Yenə küləklər açıb,

Bəxtimin yaxasını.

Göz yaşıyla verirəm

Gözlərimin yasını…

 

…Gəlsən, ehtiyatlı ol,

Dünya dardı, dar, oğlum.

Tikanlı məftillərə

Barmağın batar, oğlum…

 

Bu gün yağış yağacaq,

Unutma ha çətiri…

…Ay yanıma gələnlər,

Mənə bahar gətirin.

 

Mənə bahar gətirin,

Oxşayım o baharı…

Qorxmayın, saxlamaram-

Sonra yenə aparın.

 

Məhbusa nə qalır ki?-

Şükür etsin-sağ qalır.

Bütün arzularına

Uzaqdan baxmaq qalır…

 

Bir məktub da yazmışam, 

Mən üzülə-üzülə.

Quşlara yalvarmışam-

Çatdırsın göy üzünə…

 

 

Üçüncü məktub

 

Bu, nə bölgüdü, allah?-

Açar, kilid bölmüsən…

Qəmi də adamlara 

Çeşid-çeşid bölmüsən.

 

Quş olmaq istəyənə,

Nədən qəfəs verirdin?

Eşitmirsən səsimi-

Bəs niyə səs verirdin?!

 

Uçmağa taqətim yox-

Bir qanadsız quşam mən.

Bu dünya uçmuş evdi-

Altında qalmışam mən…

 

Sən vurduğun ilmədi-

Sən toxuyan hanadı.

Niyə məhbəs otağı

Üzü günbatanadı?!

 

Məhbəsə yağış damır-

Üstüm-başım su olub.

Nədən adam olmayan

Adam oğrusu olub?!

 

Balam çörək istəyir-

Üzür burda ar məni.

Həyatı qaytar mənə-

Balama qaytar məni.

 

İcazə istəyirəm,

Tapşır hakimə, versin-

Göndərim əllərimi

Evdə çörək bişirsin…

 

Kədər-payız yağışı

Yağır ardı, ilahi.

Hesabı bilməyənlər,

Hesabdardı, ilahi.

 

Hər saat ölsəm də mən 

Ruhumu diri saxla…

Başımı saxlamırsan,

Bir baş kəndiri saxla.

 

Mənim dərdim sığarmı

Bir kitaba, bilmirəm.

Bilirəm yaxındasan-

Ancaq tapa bilmirəm…

 

Yanımdasan…nə olsun-

Özümü unutmuşam.

Göy üzü ətəyinsə,

Ətəyindən tutmuşam…

 

…Göz yaşı da içərik,

Demirəm ki, acıq biz.

Günəşdən muğayat ol-

İşığa möhtacıq biz…

 

“Ədəbiyyat və incəsənət”

(25.11.2022)