Respublika Gənclər Kitabxanası “Əhməd Cavad 130” adlı məlumat bazasını təqdim edib

Rate this item
(0 votes)

 

Bu gün Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası və Cəfər Cabbarlının ev-muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalqımızın milli istiqlal mübarizəsinə böyük töhfələr vermiş görkəmli vətənpərvər şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illiyi münasibətilə “Çırpınırdın Qara dəniz” adlı tədbir və “Əhməd Cavad 130” adlı məlumat bazasının təqdimat mərasimi keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı kitabxananın mediaya məlumatına istinadən xəbər verir ki, tədbirdə elm, ədəbiyyat, mədəniyyət xadimləri, təhsil işçiləri, muzey, kitabxana əməkdaşları, məktəblilər və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov bütün həyatını milli istiqlal ideyalarının gerçəkləşməsinə həsr etmiş, bir əlində qələm, bir əlində silah əsarətə, zülmə, istismara qarşı daim mübarizə aparan, milli istiqlal şairi Əhməd Cavadın bütün həyatını, canını, varlığını türkçülük və turançılıq ideyalarına həsr etdiyini söyləyib. O, Əhməd Cavadın vətənə, torpağa, Azərbaycan Türkiyə qardaşlığına, bayraqlarımıza ən çox şeir həsr etdiyini və onun tək Azərbaycan şairi deyil, Turan dünyasının şairi olduğunu vurğulayıb. Şairin yaratdığı ədəbi-ictimai ənənələrin bu günün yaddaşına, müasir gəncliyin şüur və əqidəsinə ötürüldüyünü, Əhməd Cavad ömrünün isə xatirələrdə, xalqımızın rəşadətli tarixində bu gün də yaşadığını bildirib. Onun sözlərinə bəstələnən Azərbaycan Dövlət Himninin bu gün azad olunmuş Azərbaycan torpaqlarında, Qarabağda, Şuşada səsləndirildiyini böyük qürur hissi ilə dilə gətirib. 

İnformasiya xidməti və media ilə iş şöbəsinin müdiri Günay Həsənova Əhməd Cavadın 130 illiyi ilə əlaqədar olaraq Respublika Gənclər Kitabxanasının həyata keçirdiyi silsilə tədbirlər haqqında məlumat verib. Sonradan kitabxana əməkdaşları tərəfindən hazırlanan “Əhməd Cavad 130” adlı məlumat bazasını təqdim edərək, burada ədibin həyat və yaradıcılığını əks etdirən məlumatların, onun haqqında söylənilən dəyərli fikirlərin yer aldığını, bundan əlavə, Əhməd Cavadın müəllifi olduğu əsərlərin, dövrü mətbuatda çıxan məqalə və şeirlərinin, dünya klassiklərindən tərcümə etdiyi ədəbiyyat nümunələrini və digər məlumatların olması haqqında danışıb.

Cəfər Cabbarlı ev-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı babasının adını daşıdığı Respublika Gənclər Kitabxanasının onun üçün çox doğma bir məkan olduğunu söyləyərək, bu tədbirin məhz mədəniyyət ocağında təşkilinə görə kitabxanaya dərin təşəkkürünü bildirib. Qəmər xanım Əhməd Cavad yaradıcılığından bəhs edərək, Türkiyə və Azərbaycanın müstəqilliyi uğrunda yorulmaz fəaliyyət göstərən, çalışan istiqlal şairimizin əziz xatirəsinin bu gün də qəlblərdə yaşadığını söyləyib.

AMEA-nın Məhəmməd Fizuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfzadə öz çıxışında Əhməd Cavad, Hüseyn Cavid, Mikayıl Müşfiq kimi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin bir epoxanın inciləri olduğunu, lakin təəssüf ki “Qırmızı terror”un qurbanı olaraq öz yaradıcılıqlarına vaxtsız son qoymağa məcbur edildiklərini bildirib. Əzizağa müəllim öz çıxışında Əhməd Cavadın Azərbaycan bayrağına, Turan və türkçülük ideyalarına əbədi sədaqətindən, misilsiz sevgisindən danışıb.

BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Məhbubə Qurbanova Əhməd Cavad yaradıcılığı haqqında qələmə aldığı məqalədən parçalar oxunub. 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev çıxışında “Çırpınırdı Qara dəniz” şerinin yazılma tarixindən danışaraq, Əhməd Cavadın yaradıcılığında müstəsna əhəmiyyətə malik olan vətənpərvərlik mövzusunun əhəmiyyətini vurğulayıb. Bu gün Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda vuruşan, qanı, canı bahasına doğma Vətənini qoruyan, Azərbaycana şanlı Zəfər tarixini yaşadan Azərbaycan əsgərinə Əhməd Cavad poeziyasının bir yürüş marşı, vətənpərvərlik çağırışı olduğunu söyləyib. 

AMEA-nın Məhəmməd Fizuli adına Əlyazmaları İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Qarayeva öz çıxışında Azərbaycan milli ideyasının poeziyada ən fəal tərənnümçüsü olan Əhməd Cavadın dünyagörüşündə islamçılıq və türkçülüyün bir vəhdət təşkil etdiyini söyləyərək, görkəmli ədibin millət və dinə münasibətdə türk-islam sintezindən çıxış etməsini və ömrünün sonuna qədər də bu ideyasına sadiq qaldığını söyləyib.

Tədbirdə BDU-nun hazırlıq kursunun türkiyəli tələbələri “Çırpınırdın Qara dəniz”, “Can Azərbaycan”, “Şəhidlər” şeirlərini, “Çanaqqala türküsü” nəğməsini, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri isə Əhməd Cavadın “Səhər-səhər”, “Azərbaycan bayrağına”, “Qaldı”, “Dönür” və digər şeirlərini səsləndiriblər.

Tədbir boyunca Əhməd Cavadın sözlərinə yazılmış musiqilər səsləndirilib, kitabxana əməkdaşları tərəfindən görkəmli ədibin həyat və yaradıcılığına həsr edilən videomaterial nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət” (24.11.2022)