“Bu dünyada o dünyanın cəhənnəm əzabını çəkmək…” Featured

Rate this item
(0 votes)

 

“Ədəbiyyat və incəsənət” portalına sevilən şairimiz Qulu Ağsəs yeni şeirini təqdim edib. Buyurun, ata həsrətinin ümumiləşdirilməsindən ibarət bu şeiri oxuyun. 

 

 

 

Atam

bu dünyada

o dünyanın

cəhənnəm əzabını çəkib,

 

Qırx bir-qırx beşdə

faşistlərlə döyüşüb Kerçdə -

atəş kəsiləndə,

ya da siqaret fasiləsində

 

Gülablıda odun doğrayıb,

axura ot töküb...

Üzünü xatırlamıram deyə,

hərdən elə bilirəm,

məni öləndən sonra əkib...

 

Bir tikə çörəyin dərdindən

gecə yatmayıb,

gündüz yatmayıb,

tabutdan başqa heç yerdə

ayaqlarını oxxaynan uzatmayıb...

 

Şəkli də qalmayıb

darıxanda  köksümə sıxım,

bütün ömrü dincəlsəm də doymuram -

atamın yorğunluğu

mənim canımdan çıxır...