Divarlar daş-daş göz yaşı tökür, qayıt… - Tural Turandan şeir Featured

 

5 il əvvəl yazdığım bu şeiri paylaşıram. Böyük şairimiz Vaqif Bayatlı Odər bu şeiri o vaxt "Ədəbiyyat qəzeti"ndə oxuyandan sonra mənə zəng vurub təşəkkür etmişdi... Siz də baxın, görün, bəyənirsinizmi? 

Tural Turan

 

*

 

Səndən əvvəl daşlar gəlin köçmüşdü bu evə,

səndən sonra mamır uzaqlıqlar böyütdü

bu daxmanın pəncərələri...

Kaş bu evin güzgüsünü də aparaydın;

bələyəydin, böyüdəydin...

toxuyaydın ayrılığın xalçasına ilmə kimi...

 

...Qayıt, əlindən tut

            ayaqları keyimiş məhəccərlərin,

qayıt, qadınsız yaşaya bilmir

            bu evin döşəməsi.

Sən gedəli tavanlar iməkləyir

            döşəmənin üstündə.

 

Üşüməsin deyə ayaq izlərini

bir cüt coraba büküb cibimə atmışam.

Ciblərim bələk olub ayaq izlərinə...

Qayıt, özün yürgələ ayaq izlərini.

 

Qayıt, beşiyində boğ,

böyüməsin üç yaşlı çarpayı tənhalığı...

...Sən gedəli bu evin divarları da

daş-daş göz yaşları tökür, qayıt...