Azərbaycanlı yazıçılar ermənilərin iç üzünü Moskvada açdılar Featured

Moskvada, İSP nəşriyyatında Azərbaycan yazıçıları Varisin və Əlibala Məhərrəmzadənin “A.M.İ.N.” adlı romanları işıq üzü görüb. Özü də nəşriyyat hesabına, Rusiyada çox bəyənilən “Müasir Proza Kolleksiyası” seriyasından, günümüz üçün kifayət qədər sanballı tirajla – 5000 nüsxədə. Roman alpinistlərin dağ zirvəsinə yüksəlməsi fonunda Qarabağ müharibəsinin gizlinlərindən danışır, o gizlinlərdən ki, MDB məkanının oxucuları əksərən onlardan xəbərsizdir. Seriyanın tərtibçisi Oksana Kovalevskyaya, nəşrin məsul redaktoru Yekaterina Şinkarenkodur. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı İSP nəşriyyatının rəsmi saytına istinadən xəbər verir.

 

Rusiyanın Qarabağ müharibəsində tutduğu mövqe təbii ki, hər bir azərbaycanlıya məlumdur. Kreml siyasətinin ayrı-ayrı məqamlarda erməni lobbisinin maraqları ilə uzlaşması uzun illərdir ki, Azərbaycan ictimaiyyətini narahat edir. Bu siyasətə elə həmin siyasətin vətənində əks mövqe sərgiləmək təbii ki, Azərbaycan üçün çox vacibdir. Və bu əks mövqe əgər olduqca güclü silah sayılan ədəbiyyatda, incəsənətdə sərgilənirsə, onun ikiqat effektindən danışmaq lazımdır.

“Bir gün üst-üstə yığılaraq günah dağın yarananda onun zirvəsindən üzüaşağı yuvarlanmaq zamanın yetişəcək. Barı savabların da tapılsın ki, pərqu kimi yerə döşənib səni parça-parça olmaqdan xilas etsinlər” üst yazısı ilə başlayan romanin dörd qəhrəmanı var, romanın adı da onların adlarının baş hərflərindən ibarətdir. Bakının Kubinka məhəlləsində yaşayan üçü azərbaycanlı, biri də yəhudi olan bu dörd gənc Qarabağ müharibəsinin ilk illərində könüllü olaraq cəbhəyə yollanmaq fikrinə düşürlər. Bir neçə il öncə - Qarabağ problemi yenicə başlayanda isə o vaxt məktəbli olan dostlar Şahdağın zirvəsinə qalxaraq o yüksəklikdə Ulu yaradandan Azərbaycanın haqq işində qələbə qazanmasını arzu etmişdilər.

Hər şey də bax bu iki niyyətin üzərində cəmləşib.

Roman o qədər maraqlı, süjet o qədər çəkicidir ki, rusiyalı naşirlər bu marağın naminə hər hansı siyasi təzyiqə məruz qalacaqlarını belə gözə alaraq onu çap etmək riskinə gediblər. Əlbəttə ki, bu, kifayət qədər diqqətçəkən faktdır.

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun əziz xatirəsinə ithaf edilən bu roman hazırda Rusiyanın kitab mağazalarında, habelə nüfuzlu LitRes elektron kitab platforması başda olmaqla əksər platformalarda satışdadır.

Azərbaycanlı oxucular üçün də xoş töhfə var. Cari ilin sonunadək roman “Azərkitab” nəşr evində Azərbaycan dilində Akademik Nizami Cəfərovun “Katarsis” adlı önsözü ilə işıq üzü görəcək.                                                

“Varislə Əlibala Məhərrəmzadənin birgə yaradıcılıq axtarışlarının son dərəcə uğurlu məhsulu olan “A.M.İ.N.” romanı zəmanəmiz üçün olduqca aktual problemlərə nüfuz etməklə yanaşı, zəngin həyat hadisələrini eyni bir məcraya gətirərək onlara məhz arxaik (və əbədi!) mənəvi-əxlaqi prinsiplər əsasında geniş şərh vermək cəhdləri ilə böyük maraq doğurur. Roman həm birnəfəsə oxunur, həm də elə ilk oxunuşdan oxucunun bütün varlığına hakim kəsilmək iqtidarında olan güclü bədii-estetik aura yaradır ki, bunu təsvir edilən hadisələrin gur işıq altında verilməsi, xarakterlərin təqdiminin istər mənfi, istərsə də müsbət “poza”lardakı sadəlövhlüyə varacaq qədər səmimiliyi, təhkiyənin nağıl-dastan plastikası konteksində yeri gəldikcə baş qaldıran, ümumi ideyanın açılmasına təkan verən psixoloji dramatizmi şərtləndirir.”

Bu isə akademikin önsözündən başlanğıcıdır.

Önsözün sonluğunu da diqqətinizə çatdırırıq: “...Və şübhə etmirəm ki, istedadlı qələm adamlarımızın bu birgə yaradıcılıq uğuru yalnız vətəndə deyil, onun hüdudlarından uzaqlarda da məmnunluqla qarşılanacaqdır”.

Hörmətli akademikimiz təbii ki, yanılmayıb. Romanın öncə vətəndə deyil, onun hüdudlarından kənarda - özü də ən çox ehtiyac duyulan coğrafiyada çap olunması əlbəttə ki, əsl uğurdur.