Kənan Hacı: “Tənqidçilərin başı titullu, pullu yazıçıları tərifləməyə qarışıb” Featured

 

“Ədəbiyyat və incəsənət” portalının 3X3 rubrikasında  çağdaş ədəbiyyatımızın 3 nümayəndəsinə 3 sualla müraciət edilib. Aqşin Yeniseydən, Orxan Fikrətoğlundan və Kənan Hacıdan əməkdaşımız Ümid Nəccari soruşub ki:

-Bugünkü Azərbaycan ədəbiyyatında ədəbi mühiti necə dəyərləndirirsiniz? Ümumiyyətlə, ədəbi mühit varmı?

-Azərbaycanda yazıçıların əsas problemi olan kitablarının az sayda satılmasına, ədəbiyyata diqqətin azlığına başlıca səbəblər nə ola bilər? Və çıxış yolunu nədə görürsünüz?

-Ölkəmizdə təşkil olunan kitab sərgiləri ədəbi mühiti canlandıra bildimi?

 

Kənan Hacının cavablarını təqdim edirik:

-Ədəbi mühit hələ də bulanıq mərhələdədir, heç cür durula bilmir ki bilmir. Mühiti şərtləndirən amillər hansılardır? Yazılan əsərlərin, nəşr olunan kitabların müzakirələrin keçirilməsi, alternativ düşüncə, fərqli ədəbi platformaların yaranması, oxucu-yazıçı təmasının intensivliyi... Bütün bunların heç biri yoxdur, varsa da dekorativ xarakter daşıyır. Kitab təqdimatlarında siz oxucu görürsünüz? İki-üç imzanı çıxmaq şərtilə əksər yazıçılarımızın kitab təqdimatlarında eyni simaları görürük, onlar da müəllifin öz qələm dostlarıdır. Çox yaxşı əsərlər yazılır, amma bu əsərlər sanki boşluğa düşüb itib-batır, tənqidçilərin başı titullu, yaxud pullu yazıçıları tərifləməyə qarışıb. Burda da dostbazlıq, tərəfkeşlik rol oynayır. Elə bir mexanizm yaranmalıdır ki, nə tənqidçi yazıçıdan asılı olsun, nə də yazıçı tənqidçidən tərif umsun. Muzdlu tənqidçilər, muzdlu yazıçılar, muzdlu şairlər əmələ gəlib. Belə bir vəziyyətdə hansı sağlam ədəbi mühitdən danışmaq olar? 

Ədəbi layihələrə eyni adamlar cəlb olunur, efirə eyni adamlar dəvət olunur, xaricdə keçirilən ədəbi festivallara eyni adamlar göndərilir, mükafatlara eyni adamlar təqdim olunur. Niyə? Nə səbəbə? Sanki ədəbi mühit elə bu beş-üç nəfərdən ibarətdir. Nəticədə ömrünü ədəbiyyata həsr etmiş nə qədər qələm dostlarımız kənarda qaldıqları üçün, qiymətləndirilmədikləri üçün ruhdan düşürlər, mənəvi zərbə alırlar. İmkanı olanlar öz hesablarına kitablarını xarici dillərə tərcümə etdirib başqa ölkələrdə çap etdirirlər, yenə öz hesablarına beynəlxalq kitab festivallarına gedə bilirlər. Bəs imkanı olmayanlar neyləsin? 

Bəziləri dövlətdən nəsə umurlar. Bu, düzgün deyil, hər şeyi dövlətin üzərinə yükləmək də olmaz. Baxın, ölkədə nüfuzlu nəşriyyatlar var, “Qanun” nəşriyyatı, Teas Press, “Parlaq imzalar”, “Xan”, “Mücrü” və sair. Bu nəşriyyatlar ölkədə yaxşı-pis, kitab bazarı formalaşdırıblar. Kitab sərgilərinin yükü də bu nəşriyyatların üzərindədir. Azərbaycan Nəşriyyatlar Assosiasiyası yaranıb, Bakıda, Sumqayıtda, Gəncədə kitab yarmarkaları keçirirlər. Əsas məsələ, kitaba sevginin olmasıdır. Sevgi və həvəs olandan sonra insan qarşıya qoyduğu məqsədə çatır. İndiki halda naşirlər, yazıçılar və oxucular birləşib sağlam mühit yaratmalıdırlar. 

Çox təəssüf ki, Azərbaycanda milli burjuaziya yaranmadı, taleyin ümidinə buraxılmış yazarlarımızı yalnız milli burjuaziyanın ədəbiyyata yatırım etməsi xilas edə bilərdi. Bu da baş vermədi. 

Kitab nəşri, yazıçıların əsərlərinin çapı bəzən kortəbii şəkildə baş verir. Yazıçılar dəhşətli bir ümidsizlik vəziyyətindədir. Təsəvvür edin, ölkədə ədəbi jurnallar yox dərəcəsindədir. Yazıçılar Birliyinin “Azərbaycan”, “Ulduz” jurnalları və “Ədəbiyyat qəzeti” də olmasaydı, vəziyyət necə olardı? Yeganə qonorar verən ədəbi nəşrlər bunlardır. Bir də “Ədəbiyyat və incəsənət” portalı. “Ədəbi ovqat”, “Yazı” jurnalları redaktorların şəxsi vəsaiti hesabına nəşr olunur və çap xərcini belə çıxarmır, müəlliflərə qonorar vermək iqtidarında deyillər. Ədəbi mühit o zaman canlana bilər ki, alternativ ədəbi qurumlar yaransın, müstəqil ədəbi qəzetlər, jurnallar dərc olunsun, yazılan əsərlər müzakirə olunsun. Rəqabət mühiti yaranmalıdır.  Heç olmasa, qardaş Türkiyədən nümunə götürmək olar.  

-Bu sualınıza qismən cavab verdim. Əlavə olaraq onu deyə bilərəm ki, ölkədə kitab sənayesi yetərincə formalaşmayıb. Bizdə ədəbiyyat tək-tük şəxslərin fədakarlığı hesabına yaranır. Kitab insanların həyatının tərkib hissəsinə çevrilməyənə qədər vəziyyət dəyişməyəcək. Bu barədə dəfələrlə yazmışam, müsahibələrdə də demişəm. İnsanımızın kitaba münasibəti kökündən dəyişməlidir. O, anlamalıdır ki, kitab gündəlik mənəvi qidadır, necə ki, hər gün yemək yeyirik, hər gün də kitab oxumalıyıq. Onda şüurumuz inkişaf edəcək. Bunun üçün televiziyalar qələm adamlarını təmənnasız təbliğ etməlidir. Düşük müğənnilər, şoumenlər bu xalqın zövqünü hər gün zorlamaqla məşğuldur və teleaparıcılar özləri də fərqinə varmadan genefondu məhv etməklə məşğuldurlar. Beş şou verilişi verəndə iki veriliş də ədəbiyyata, kitaba ayırın. Bununla kasıb düşməzsiniz. Mənəviyyata qoyulan kapital mütləq insana qayıdır. 

-Kitab sərgiləri davamlı keçirilməlidir. Ən azı, iki aydanbir ölkənin müxtəlif şəhərlərində, rayonlarında kitab yarmarkaları keçirilməlidir. Sonuncu Milli  və Beynəlxalq Kitab Sərgiləri göstərdi ki, ölkədə tədricən oxucu kontingenti yaranır. Bu proses davamlı olmalıdır.