“Göz yaşı göznən oynayır”

Rate this item
(0 votes)

 

“Ədəbiyyat və incəsənət” portalı şair Əlizadə Nurinin “Allah, bu nə oynamaqdı” şeirini təqdim edir.

 

Şah oynayır taxt- tacıyla,

Qul da kəniznən oynayır.

O dalğalar bu sahillə,

Yoxsa dəniznən oynayır?

 

Bu ömür- çətin səfərdi,

Yol yoldaşı edib dərdi.

O nəğmə də bəxtəvərdi

Bir gözəl qıznan oynayır.

 

Yağmır, amma damır bu dam…

Gül bağında mən bir otam.

Bəxtiylə oynayan adam

Elə bil köznən oynayır.

 

Hamı ölüb… torpaq sağdı,

Mən ağsağam, yol axsaqdı?

Allah, bu nə oynamaqdı-

Göz yaşı göznən oynayır?!

 

Göyü sevdim, o da uzaq,

Oynamamış gəl uduzaq.

… Üstünü çırpan bir uşaq

Oturub toznan oynayır…