“Ağrı” müəllifinin yoxluğunun ağrısını çəkə-çəkə Featured

Rate this item
(0 votes)

(Arye Qutun işıqlı xatirəsinə)

 

 

 

 Aida Eyvazlı yazır 

 

 

 

Mən bu yazını yazanda Arye hələ sağ idi, xərçənglə mübarizə aparırdı. Bu yazını ona bir vəfa borcum kimi yazmışam. Ona ömür diləmişəm. Təəssüf ki, bu ömür tez qırıldı. Allah ona rəhmət eləsin. Onun ölümü bizləri çox sarsıtdı.

 

 

Mən Vətənimi sevən, ona bağlı olan, özünü bu ölkəyə tən bilən insanları hər zaman Vətən torpağına bənzədirəm. Vətənə bənzətdiyim, “Vətən” deyib güvəndiyim insanlar üçün də “Vətən öncə” olub. Vətən sevgisinin göstərməyin bir adı isə əməldir. Ümumimilli liderimiz Heydər Əliyev qürbətdə yaşayan, taleyin və qismətin yazısı ilə azərbyacanlı kimi qürbətdə doğulan və ya nə zamansa Azərbaycanda doğulub, sonra isə dünyanın başqa yerlərinə köçüb həyatını yeni güzərgahlarda quran həmyerlilərimizə, Vətənimizin dostlarına üzünü tutaraq deyirdi ki, olduğunuz ölkələrdə özünüzü elə göstərin ki, əməllərinizlə Vətənimizə şərəf gətirəsiniz.  

 

Nümunəvi əxlaq, əqidə, davranış insanın başını hər yerdə uca edir. Belə başı uca, qəlbi hər zaman Azərbaycanla döyünən insanlardan biri haqqında, dostum, əqidədaşım Arye Qut haqqında danışmaq istəyirəm. 

 

1975-ci ildə qədim Bakımızda doğulub. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda qətliam törədiləndə onun 17 yaşı var idi. 17 yaşına qədər isə o atasından, anasından, tarixdən, kitablardan öyrənmişdi ki, qana həris insanların qəddarlığı, siyasətçilərin siyasi oyunlarının qurbanı olan bir gecənin içərisində uşaqları, qocaları ilə birlikdə yandırılan, Yer üzündən silinən Babi Yar, Liditsa, Oradur, Xatın, Sonqmi kimi kənd və şəhərlər var. Bundan əlavə isə yəhudi kökənli olduqlarından ailədə həmişə dünya tarixinə Holokost faciəsi kimi yazılan, milliyyətləri yəhudi olduqları üçün faşistlər tərəfindən soyqırımına məruz qalan xalqı və milləti var. Xocalı hadisəsi baş verən o qanlı gecədə, bütün sülhsevər insanlar kimi, onların da ailəsində bu qanlı hadisələrin tarixi bir daha xatırlanmışdı.

 

2000-ci ildə kökdən gələn ənənələrə sadiq qalaraq onlar da İsrail dövlətinə köçdülər. Hər zaman axtarışda olan, öz  bilik- bacarığı, zəhməti ilə insanların etimadını qazanan Arye Quta "GİLRO LTD" İsrail şirkətində idxal-ixrac departamentinin rəhbəri vəzifəsi, sonra isə NESS və YR şirkətində Azərbaycan üzrə direktor vəzifəsi təklif olunanda, o tərəddüd etmədən bu vəzifələri üzərinə götürdü. Yuxarıda qeyd etdiyimiz vəzifələrdə çalışaraq özünü doğrultdu, artıq İsrail dövlətində də onu həm də beynəlxalq münasibətlər üzrə siyasi şərhçi və içtimai xadim kimi tanımağa başlamışdılar. 

Doğulduğu Azərbaycandan kənarda olsa da, yaşadığı İsrailin Akko şəhərində ətrafda onu əhatə edən insanlar milli köklərindən, tarixlərindən danışanda Holokost faiciəsini yada salırdılar. Onların içərisində həmin faciələri yaşayan yaşlı şahidlər də var idi. Və belə söhbətlər, acı xatirələr yada düşəndə Aryenin atası Əhməd müəllim, anası Rita xanım, Arye və bacısı Rena (Reyhan) isə 1992-ci ildən sonra şahidi olduqları Xocalı faciəsindən söhbət açırdılar. Hər iki xalqın faciələri bir-birinə bənzədiyi kimi, insan taleləri də bir-birinin bənzəri idilər. Əvvəlcə dostlar, sonra auditoriyalar arasında aparılan müzakirələrdə Holokostdan danışılanda artıq Xocalıdan da, Azərbaycanın ermənilərin işğalı nəticəsində itirdiyi torpaqlardan və bu yerlərdə həlak olan insanlar, köçürülən və əsir düşən insan talelərindən də söhbət gedirdi. Və beləcə həmin söhbətlər, xatirələr ağızdan-ağıza, yaddaşdan yaddaşa köçməklə bərabər, həm də kütləvi informasiya vasitələrində də yayılmağa başladı... Və beləcə... Arye həm yəhudilərin, həm də azərbaycanlıların soyqırımı faciələrini, 1992-ci ildən sonra işğal olunan ərazilərinin ağrılarını dünyanın böyük konfrans salonlarından, beynəlxalq təşkilatlarının tribunalarından hayqırdı, dünya ictimaiyyətinə, səsimizi eşitmək istəyənlərə və istəməyənlərə səsləndi.

 

Arye Qutun təşəbbüsü və fədakarlığı ilə Amerikada, Litvada, Rusiyada, Moldovada, İsveçdə Holokost faciəsi ilə Xocalı faciəsi eyni zamanda təbliğ olundu. İndi vətəndaşı olduğu İsrail dövlətinin sayılıb seçilən insanlarını, dövlət və ictimai xadimlərini Azərbaycana gətirdi. Babalarının doğulduğu Quba şəhərinə apardı. Quba şəhərinə apardı ki, orada 1918-ci ildə ermənilərin vəhşiliklərindən xəbər verən, bu günə və dünənə şahidlik edən “Soyqırımı” muzeyini göstərsin. Gəldilər, gördülər, getdilər... və bunları görəndən sonra, “Xocalı” faciəsini qəbul edərək, dünyaya soyqırım faktı kimi yayılmasında Arye Quta yardımçı oldular. Çünki gördükləri göz qabağında olan ötən yüzillikdən xəbər verən həqiqətlər idi. Onun Amerikadan və Avropadan Azərbaycana gətirdikləri dostlarını dövlətimiz də azərbaycanlılara məxsus qonaqpərvərliklə qarşıladı. Bu istinin, sevginin davamını isə Qubada Qırmızı qəsəbədə gördülər.

 

Yadımdadır, 2015-ci ilin yanvar ayında İsrailin Akko şəhərinin meri Şimon Lankrinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycana gələn israilli və yəhudi əsilli xarici jurnalistlər Sinaqoqda ibadət etdiklərini, gördükləri tolerant mühiti yazaraq dünyaya yaydılar. Onu qeyd etmək olar kı, bu səfərdən sonra İsrailin ən çox oxunan "Jerusalem Post " qazetinin üç səhifəsi Vətənimizə həsr olunmuşdu. 

Arye Qut Azərbaycanda doğuldu, mayasını bu müqəddəs torpaqlardan tutdu. Lakin Vətəni, onun havasını, suyunu-çörəyini heç zaman unutmadı. Dünyanın harasında olsa, hansı tribunada çıxış etsə də, İsraillə yanaşı sözünün əzəli də, sonu da Azərbaycan həqiqətləri oldu. Ötən il isə Arye Qut Azərbaycana və İsrailə daha bir töfhə verdi. Atası Amir Qutla (Azərbaycanda onu Əhməd Abdullayev kimi tanıyırlar) birlikdə “Ağrı” kitabını yazdı. Bilirsinizmi, hansı “Ağrı” idi... 17 yaşından ürəyini köz-köz, dama –dama yandıran ağrı. Xocalını unutmadı. İçini göynədən ağrıları “Ağrı” kitabına çevirdi. Özü də ki, kitabı İsraildə çap edib, sonra gətirib Azərbaycanda təqdimatını keçirdi. Bu kitabın ilk nüsxəsi 2016-cı ilin  oktyabrın ayında V Bakı Humanitar Forumu zamanı Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olundu. “Xocalıya ədalət” kampaniyasına öz töfhələrini ata-bala belə verdilər. Ermənilərin Xocalı soyqırımı faktı barədə ən dəqiq və ən oxunaqlı bir əsərin yaranmasının kökündə, əlbəttə ki,  Əhməd müəllimin böyük fədakarlığı dayanırdı.

 

Əhməd Abdullayev Bakının qədim “Sovetski” məhəlləsində doğulan bir insan. Uşaqlığı, gəncliyi sirlərlə dolu İçəriŞəhərin, Qız qalasının yanında keçən həmşərimiz. İndi 80 yaşını dolduran bu ağsaqqal söhbətlərində xatırlayır ki, 16 yaşında ikən Neft Akademiyasının neft-mədən fakültəsinə daxil olub. Lakin neft mühəndisi olmaq ona qismət olmayıb. Məhəllələrində yaşayan məşhur kinorejissor Həsən Seyidbəyli Əhmədin həyatını dəyişib. Gənc ikən bu istedadlı kinorejissorun yanında gəzib dolanıb, rəngli işıqlara və sehirli kameralara salıb meylini. Nəhəng çəkiliş meydanlarının cazibəsindən çıxa bilməyib, həmin illərdə artıq məşhur olan rejissor Həsən Seyidbəylinin yaradıcılıq təsiri ilə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinə daxil olub... Sonra Bakıya qayıdaraq, sənət dərslərini Azərbaycan Dövlət İncəsənət İnstitutunda davam etdirib. Bu institutun rejissorluq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra "Azərbaycantelefilm"də işə başlayıb... İllər ötəndən sonra yaradıcılıq bioqrafiyasını vərəqləyəndə görüb ki, ustad rejissor indiyədək Azərbaycanın qədim tarixi və mədəniyyətindən bəhs edən 70-dən çox sənədli filmə ekran həyatı verib. Müstəqillik dövründə Əhməd müəllim Azərbaycan Dövlət Televiziyasının ictimai-siyasi proqramlar redaksiyasında aparıcı telerejissor vəzifəsində çalışıb. Sovetlər Birliyinin dağılması prosesini, Qarabağ müharibəsinin real və qanlı üzünü, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsini lentə alıb. Vətənimizi oba-oba, oymaq-oymaq gəzib. Düz 40 il Azərbaycan Dövlət Televiziyasında əmək sərf edib. Elə bu müşahidələrini də “Ağrı” kitabında yazıb. Çünki Əhməd Abdullayev ermənilərin bizə qarşı başladıqları torpaq iddialarından sonra Bakıda isti iş otağında, isti yatağında qala bilmədi. Mütəmadi olaraq Qarabağ bölgəsinə, yeni yaranmış cəbhəyanı ərazilərə səfər etdi. Gördüklərini isə əvvəlcə oğlu Arye Quta danışırdı... Arye isə hələ məktəbli olanda atasının danışdıqlarını fırça ilə ağ vərəqlərə çəkərdi... Çəkə bilmədikləri isə sonradan “Ağrı”ya döndü.  “Ağrı”da təkcə Xocalı faciəsindən danışılmır, həm də Azərbaycanın qədim tarixinə, mədəniyyətinə ekskurslar edilir, tam bir tolerant və sülhsevər insanların Vətəninin panoramı öz əksini tapır. 

 

 Atasının ürəyinin ocağından od–köz götürən qardaşım, əqidədaşım Arye Qut Azərbaycanın ağrılarını qəlbinin dərinliyindən çalın-çarpaz ilmələrlə keçirib. Yazdığı yazılarda, apardığı radio və televiziya verilişlərində, çəkdiyi rəsm əsərlərində, tablolarda göstərib bu ağrıları. Arye dünyanın harasında olursa olsun, “Azərbaycan” deyəndə dili-dodağı yanır. “Azərbaycan” deyəndə səsinin titrədiyini, gözündən yaşlar gilələndiyini görmüşəm. Faciələrimizi və Qalibiyyətimizin şərəfini yaşadığımız günlərdə Arye Qut Azərbaycandan neçə min kilometrlə uzaqda olsa da, internet üzərindən Vətəni izləyirdi. 

O, qalibiyyətlərin bizə yaşatdığı sevinc və qüruru, şəhidlərimizin ucalığını, haqq savaşını İsraildə yenə təbliğ etməklə məşğuldur. Vətəndən gedəndən sonra, Vətəni tənindən çıxarmayan qardaşımızdır o! 

Tanrı səni Azərbaycanın haqq səsini yaymaq üçün yaratdı. Sən də Tanrının Yer üzündə bir haqq səsi olaraq “Haqq” deməkdən usanmadın ki... Vətənimə TƏN olan, qardaşımız, vətənimizin bir parçası Aryenin oğlu Aviel da hər zaman Azərbaycan bayrağı olan libaslar geyinir. Ot kökü üstə bitər. Uca Tanrım səni bu Vətənə, bu dostlara, bü dünyaya kaş ki, çox görməyə!