“Heç bir təsəlli sənə öz oğlunun yerini verməz…” Featured

Rate this item
(0 votes)

 

“Ədəbiyyat və incəsənət” portalı şair Musa Ələkbərlinin “Analar, şəhidlər…” şeirini təqdim edir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. 

 

 

Dərdin paylanıbdır obaya, elə,

Tarix bu yaranı unudan deyil.

Bu günün qələbə sevinci belə

Gözünün yaşını qurudan deyil.

 

Batdı gözlədiyin nişanı, toyu

Bir daha sən onu görməyəcəksən.

“Anan ölsün” deyib bir ömür boyu

Məzarı üstündə göynəyəcəksən.

 

Nələr çəkdiklərin Tanrıya bəlli,

Qaysağı yaranın dərini verməz.

Nə mahnı, nə şeir, heç bir təsəlli

Sənə öz oğlunun yerini verməz.

 

Qəlbiniz həsrətdən oda düşəndə

Gedin Qarabağa siz axın-axın.

O şəhid oğlunuz yada düşəndə

Murova boylanın, Şuşaya baxın.

 

Silinməz bu ağrı, bitməz bu səfər,

Yolun çox uzundur şəhidim, sənin.

İki min səkkiz yüz səksən bir nəfər

Şəhid anası var indi Vətənin.

 

Qəlbindən silinməz getməz bu kədər

Sizi zaman-zaman anacaq onlar.

Şəhid balasına yandığı qədər

Doğma Vətəninə yanacaq onlar.

 

İgidlər önünü kəsdilər şərin

Açıldı Vətənin qolu, qanadı.

İki min səkkiz yüz səksən bir nərin

İndi bir kəlmədə boy verir adı!

 

Şəhidlər – nur verən Günəşə, aya,

Şəhidlər, tarixə dönən şəhidlər.

Şimşək yanğısıyla gəlib dünyaya,

Şimşək alovutək sönən şəhidlər!

 

Yarımçıq ömürlə bütöv getdiniz,

Bu yurdda günəşlə, ayla tənsiniz.

Siz canı Vətənə fəda etdiniz,

İndi hər biriniz bir Vətənsiniz.

 

Sizə ağı deyib öyən analar,

Qəlbimi yer-yerdən qanadır indi.

“Oğul, anan ölsün” deyən analar

Anamız Vətənə anadır indi!