Gəlin, Adolf Hitleri yandıran adamı dinləyək Featured

Rate this item
(1 Vote)

Orxan Məmmədzadənin tərcüməsində Erix Kempkanın “Hitleri mən yandırmışam” kitabına ədəbi baxış

  

“Ədəbiyyat və incəsənət” portalı Sevinc Ədalətqızının yazısını təqdim edir.

 

  “Bu sonsuz dindirmələr istər-istəməz 1933-cü ildə fürerlə aramızda keçən söhbəti mənə xatırlatdı. Bu söhbət Adolf Hitlerin dövlət başçısı olduqdan bir müddət sonra baş vermişdi. Mən onu imperiya dəftərxanasından ikinci, ya da üçüncü dəfə gətirirdim. Hələ onda onun sözləri məni heyrətləndirmişdi və mən onları heç vaxt unutmayacaqdım: - Bilirsiniz, Kempka, mən buradan sağ çıxmayacağam!”

Hal-hazırda kitabxanamın xəzinəsinə daxil etdiyim qətiyyəti və zəhmiylə dünyanı lərzəyə salan məşhur diktator haqqında tarixi mənbə etibarilə qiymətli bir kitab var əlimdə. 2021-ci ildə “Mücrü” nəşriyyatının “Bir saatda tarix” seriyasında nəşr edilmiş 4-cü kitabi stedadlı və yaradıcı gənc  Orxan Məmmədzadənin tərcüməsində tanış olduğumuz Erix Kempkanın “Hitleri mən yandırmışam” kitabıdır. Adıçəkilən tərcümə kitabının naşiri Müşfiq Xan, redaktoru isə Cəlil Cavanşirdir.

1951-ci ildə Almaniyada çapdan çıxmış “Hitleri mən yandırmışam” kitabı Adolf Hitlerin ən yaxın dostu və sürücüsünün şəxsi qeydlərindən ibarətdir.

Hitlerin ən yaxın silahdaşı Erix Kempkanın xatirələrinin yer aldığı bu kitab Azərbaycan dilinə ilk dəfə tərcümə olunur. Kitabda Hitlerin hansı şəraitdə dünyasını dəyişməsi ilə bağlı bir sıra maraq doğuran təzadlı məqamlara aydınlıq gətirilir. Dünyada nasizm ideyasının yaradıcısı hesab olunan alman siyasi xadim Adolf Hitlerin ölümü  ilə bağlı hələ də indiyədək müxtəlif fərziyyələr mövcuddur. 1934-cü ildən onun şəxsi sürücüsü olan Erix Kempkanın xatirələrinin yer aldığı bu kitab şahid tərəfindən yazılması səbəbiylə böyük oxucu marağına səbəb olan kitablardandır.

Adolf Hitler siyasi tarix müstəvisində ən çox öyrənilən və diqqət mərkəzində qalan şəxsiyyətlər sırasındandır. Bu kitabda dünyada tənhalığı hər şeydən çox sevən nasist Hitlerin nəinki ölümü ilə bağlı məqamlar, hətta gündəlik həyat tərzi, ailəsi haqqında məlumatlar, hərb sahəsində qazandığı nailiyyətləri və düçar olduğu uğursuzluqları belə oxuculara çatdırılır. Hitlerin SSRİ-nin faşizm Almaniyası üzərində qələbəsinə dözməyərək qürurundan intihar addımını atması təsdiq edilmiş siyasi bir faktdır. Həqiqətən də 1945-ci ildə Adolf Hitler həyat yoldaşı Eva Braunla birlikdə Berlində bunkerlərin birində intihar edir. Erix Kempkanın şahid qismində danışdığı hadisələr, onun Hitlerin ölümünü gözləri ilə görməsi, cəsədinin yandırılması prosesində yaxından iştirak etməsi kitabın əsas mövzusu olsa da, kitabda fürerin qeyri-adi həyat tərzinin maraqlı məqamlarından da yan keçilməmişdir.

Hitlerin daxili dünyasına və siyasi fəaliyyətinə dərindən bələd olan gənc tərcüməçi Orxan Məmmədzadə sözügedən bu kitabı ana dilimizə kifayət qədər yaxşı tərcümə edib. Gənc tərcüməçinin bu gərgin, məhsuldar əməyi tərcüməçilik sahəsində onun  ilk uğuru hesab olunur. Tərcüməçilik peşəsinin elə də asan bir sahə olmadığı məlumdur. Tərcüməçi seçilən və arzu olunan əsərin müəyyən qaydada tərcümə işini həyata keçirmək üçün ehtiyac duyulan hər hansı bir xarici dilə mükəmməl səviyyədə yiyələnməli, öncə qrammatikanı dərindən mənimsəməli, danışıq dilini təkmilləşdirməlidir. Bütün bu sadalanan mühüm şərtlərlə yanaşı o, mətnin tərcümə edilməsi prosesində məzmunu qoruyub saxlamalıdır. Kitabı oxuduqca aydın olur ki, Orxan Məmmədzadə bu məsuliyyətli peşənin öhdəsindən də layiqincə gələ bilib. Ən vacib məqam bundan ibarətdir ki, yazıçılara xas olan dərin müşahidə qabiliyyəti də gənc tərcüməçidə özünü aydın şəkildə büruzə verir.Eyni zamanda yaradıcı gəncin söz ehtiyatının zənginliyi, mətn qramatikasının sərrast, dəqiq, dil və üslub xüsusiyyətinin səlis, düşüncə tərzinin aydın ifadəsi tərcüməçilik metodunun yüksək dərəcəli peşəkarlığını əks etdirir.

Gənc tərcüməçi Orxan Məmmədzadə bu məsuliyyətli peşəsini icra edərkən Hitlerin ölümü ilə bağlı polemikaya çevrilmiş bir sıra vacib məqamlara aydınlıq gətirməyə çalışır. Odur ki, ön  sözdə bir sıra tarixi, siyasi faktlara əsaslanaraq oxuculara çatdırır ki:

 

“Bir çoxları hələ də Almaniyanın müharibədə məğlub olmasından sonra onun başçısı olan Adolf Hitlerin Latın Amerikasına qaçdığına və 70-ci illərdə orada öz əcəli ilə vəfat etdiyinə inanır. Bu haqda çoxlu sayda sənədli filmlər çəkilib, məqalələr və kitablar yazılıb. Bu versiya həqiqətə uyğun deyil! Bu kitab fürerə bir nəfəs qədər yaxın olan şəxsin xatirələridir. Bütün xatirələrdə olduğu kimi bu xatirələrdə də müəllifin subyektiv fikirləri və hadisələrə yanaşmaları yer alıb. Bu xatirə kitabı da istisna deyildir. Bu kitabın Üçüncü Reyx tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün olduqca qiymətli olacağına şübhə yoxdur.”

 

Bu kitab  tərcümə işindən əlavə gənc istedadın üzə çıxardığı Hitler dünyasına səyahət qismində ilk peşəkar axtarışları və tarixə siyasi baxışıdır. Eyni zamanda dünya şöhrətli fürerin həyatının indiyədək müəmmalı və qaranlıq qalan məqamlarına bir işıqdır.

Qeyd edək ki, Orxan Məmmədzadə 2016-cı ildə  Azərbaycan Prezidenti İlham Əliyevin 19 mart 2014-cü il tarixli 348 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Höküməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında "Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması haqqında" imzalanmış Layihə Sənədi çərçivəsində təşkil edilmiş Birinci Milli BMT Modeli Konfransının iştirakçısı olmuşdur. İxtisasca  politoloq olan Orxan Məmmədzadə uzun illərdir ki, Azərbaycan Cümhuriyyəti tarixinin layiqli təbliğatçısıdır. Eyni zamanda ölkə başçısının sərəncamına əsasən görkəmli istiqlal şairimiz, Dövlət himnimizin söz müəllifi Əhməd Cavadın 130 illik yubileyi münasibətilə ərsəyə gəlmiş “Sən öylə bir şeirsən ki, sevməyənlər anlamaz!” publisistik kitabın redaktorudur.

Bu şərəfli tarixin təbliği ilə mütəmadi məşğul olan istedadlı, yaradıcı gənc Orxan Məmmədzadənin fəaliyyətində uğurlar diləyir, həmçinin tərcüməçilik sahəsində açdığı ilk ədəbi cığırın davamlı olacağına sonsuz inam bəsləyirik.