“Sonra öyrənməyə başladım... Yağışda rəqs etməyi” - Featured

Rate this item
(0 votes)

  

“Ədəbiyyat və incəsənət” portalı “Oxucularımızın yaradıcılığı” rubrikasında bu gün sizlərə Şəlalə Adilqızının şeirlərini təqdim edir. 

 Şəlalə Adilqızı imzasıyla şeir yazan və adətən bu şeirlərini Facebook sosial şəbəkəsində paylaşan Şəlalə Rəhimovanın 29 yaşı var. Ailəlidir, bir övladı var. İlk dəfə şeirləri yazarlar.az saytında dərc edilib. Keçmişin acılı-şirinli xatirələri, daim düşünən, kədərə qucaq açan insanlıq barədə mülahizələr Şəlalə Adilqızının lirikasının leytmotivini təşkil edir.

 

 

 

Qonşuya duz dalınca,

Yoxsa quzu qaytarmağa 

göndərmisən uşaqları, İlahi? 

Uzatdığı saqqız qədər tanıyırdı uzağı,

Qolundakı diş yeriylə ölçürdü vaxtı...

Çərpələngə ad qoyurdu: “Qaranquş”...

Parabüzən axtarırdı göndərə pay dalınca:

“Uç-uç baba, get gətir payımı... Uç!”

Dağ çayında yuyurdu ayaqlarını,

Moruq ləkəsinə qatırdı  

Cızılan barmağının qanını...

Hər şeyi səndən istəyən,

Küsməyi-barışmağı bir oyunluq çəkən

Uşaqları hara göndərdin, İlahi? 

Göstər getdikləri yeri...

Bu ömrü yanlış gəldik,

Qayıdaq geri...

 

 

***

 

Qapımı açıq qoymuşam,

Pəncərəmdən qəfəsləri sökmüşəm...

Gözlədiyim oğrunun

Uğruna dua əkmişəm 

Ovcumun çat yerində...

Oğru üçün “əl kitabı” da yazıb qoymuşam

Ömrümün bir küncündə...

Gülüşlərin divarların yaddaşında,

Addımların həyətimin hər daşında,

Baxışların əl güzgümdə,

Eşqin də ürəyimdədi... 

...Bir heybə də tikmişəm oğru üçün,

Naxışları sənin “dərd” dediyindəndi...

 

 

***

 

Qolumda tapammıram, 

Ruhumda izi qalıb

Biləyimə dişlərimlə taxdığım saatın... 

...Nə gözəl yaşayırdıq ömrü...

Nə gözəl “hesablayırdıq” vaxtı...

“ Quşlar uçanda...”

“Kəpənək qanadında...”

“Lalələr qızaranda...”

“Sərçə içib doyanda...”

... Nə qocalığa işləyir,

Nə yarısı olurdu günümüzün...

Nə ölümə az qalır,

Nə gözü doyurdu ömrümüzün... 

... Ruhumda izi qalıb

Biləyimə dişlərimlə taxdığım saatın...

 

 

***

 

İtirilmiş krallıqdı uşaqlıq...

“Cızza” sözünə gülən,

Palçıqda ayaqyalın yüyürən,

Qumda yuvarlanan,

Şirni üçün ağlayan kral idik biz...

...Cığallığımız “Beşdaş”dakı 

Beşinci daş boydaydı...

Küskünlüyümüz çəkilən 

çeçələ barmaq qədər... 

Kədərimiz boyumuzdan kiçikdi...

Gülüşümüz göy qədər... 

...Nənəmin corabının başından çıxardığı

“saqqız pulu”ydu “sevinc” deyə ölçdüklərimiz...

Böyüdük...

...İtirdik krallığımızı...

...Əcəl aldı nənəmizi...

Böyüdükcə yanlış çıxdı 

Həyat barədə bütün bildiklərimiz...

 

 

***

 

Zirvələrə qar tez düşər,

Zirvələrdən qar gec düşər...

...Dərddi zirvə,

Dərddi qar bəzən...

Çəkir dağın sinəsinə cığır-cığır naxışlar...

...Çəkilir dərdlər, 

Ağarır saçlar,

Bir-birinin başına sığal çəkmək üçün

Üst-üstə qalaqlanır yaşlar; 

İnsan qocalır... 

Ot basan cığırlar insan ömrünə dolandıqca 

Dərd də candan bac alır; 

Və bir gün, sadəcə, 

Xatirəyə dönür insan... 

Bir gün də onu xatırlayanların 

Yaddaşında itir insan...

 

 

***

 

Böyüyürdüm...

Dinləyirdim 

Həyatdan bəhs edən nağılları... 

Düşürdü deyirdilər “üç almalar”;

Doyurmurdu həyata dair xəyalları... 

Sonra öyrənməyə başladım 

Sevməyi, sevinməyi, 

Gülümsəməyi, qəmlənməyi,

Və yağışda rəqs etməyi,

Və ovcumdakı damlaya bir dua pıçıldayıb 

Gül kökünə göndərməyi... 

Bir səhər günəşdən öncə oyandım,

Ovcuma göndərdi saçaqlarını...

Yapışdım saçağından günəşin

Qaçdım yaşıllığın ətrinə sarı...

Bir simitlə mən də doydum, göyərçinlər də...

Bir udumluq sevinc oldu pambıq şəkəri... 

Öyrəndim həyata dair hər şeyi; 

Kiçik, saysız xoşbəxtlikləri...