“Kürəyimə palan qoyun...” – Güneyli şair Sevər Şəhabinin şeirləri Featured

Rate this item
(1 Vote)

“Ədəbiyyat və incəsənət” portalı “Güneydən gələn səslər” rubrikasında sizləri Sevər Şəhabinin şeirləri ilə tanış edir. Rubrikanı təbrizli şair, portalımızınGüney Azərbaycan nümayəndəsi Əli Çağla təqdim edir.

Sevər Şəhabi kimi tanınan şair, etimoloq və Güneydə muasir məşhur mahnıların müəllifi 1983-cü ildə Təbrizdə doğulmuşdur. O, şeirdən çox, illərdir ki, etimoloji və lüğətlər qonusunda çalışır.

 

 

ALZAYMER

 

Yerlə göyün arasında,

Yıxılıb yatmağım gəlir.

Nə göylərə ulaşmağım,

Nə yerə batmağım gəlir.

 

Bu dünyanın binasını,

O dünyanın anasını,

Hurisini, sonasını,

 

Müftəyə satmağım gəlir.

 

Buraxıb etdiklərimi,

Qaytarıb yediklərimi,

Unudub dediklərimi,

Alzaymer(1) tutmağım gəlir.

 

(Alzaymer – Altsheymer müalicəsi mümkün olmayan neyrodegenerativ xəstəlikdir

 

 

RƏNGLİ CÜCƏLƏR

 

Yumurtanın ağ divarın,

Ana eşqiylə dəldiniz.

Sizlər də ananız kimi,

Yetim dünyaya gəldiniz.

 

Ananızı qınamayın,

Sanmayın sizi atdılar.

Onları da atanız tək,

Buğda ilə aldatdılar.

 

 

Atanızın ayaqların,

Qarmaqlara bağladılar.

Yerə baxan başlarını,

Biçaq ilə dağladılar.

 

Onun səhər avazıyla,

Narın-narın süzmədiniz.

Mahmızının kölgəsində,

Məğrur-məğrur gəzmədiniz.

 

Saxta ana qucağında,

Uyumadan, oyandınız.

Boyaqçının qarşısında,

Öksüz-öksüz dayandınız.

 

Əlvan-əlvan boyalarla,

Kimliyizi dəyişdilər.

Boyaqçılıq sənətilə,

Səadətə yetişdilər.

 

 

MƏNƏ XƏBƏR GƏTİR

 

Məndən öncə ölsən əgər,

Ölülərə salam yetir.

Qırx günəcən gəl yuxuma,

Ordan mənə xəbər gətir.

 

Soraqlaş gör oralarda -

Neçə saat çalışırlar?

O dünyanın insanları,

Hansı dildə danışırlar?

 

Asılaraq gələnlərin -

Boğazları yaradırmı?

İşkəncədən ölənlərin -

Dəriləri qaradırmı?

 

Afrikanın zənciləri -

Kimlərə "Bəli" deyirlər?

Onların ağ ərbabları,

Nə içirlər, nə yeyirlər?

 

O dünyanın terminalı,

Necə yerbəyer olunur?

Cənnətin ağ biletləri,

Neçəyə al-ver olunur?

 

Sanki mənim bu istəyim,

İstəmədən üzdü səni.

Səndən öncə ölsəm əgər,

Qırx günəcən gözlə məni.

 

  

 

CƏHƏNNƏM - CƏHƏNNƏM

 

Pambıqları təpməmişdən,

Qulağıma yalan qoyun.

Altıma əqrəb döşəyin,

Üstümə də ilan qoyun.

 

Yalanlara alışmışam,

Zəhər ilə qarışmışam,

Taleyimlə barışmışam,

Baş altıma saman qoyun.

 

Burada minlər endilər,

Nədənsə çox sevindilər!

Bəlkə orda da mindilər!

Kürəyimə palan qoyun.

 

Qeyd: Şeirlərin orfoqrafiyasına toxunulmamışdır.