“İstəyirəm ki, bir yerdə ölək” – dedin... - Çağdaş rumın şeirindən seçmələr Featured

Rate this item
(0 votes)

“Ədəbiyyat və incəsənət” portalı sizə çağdaş rumın şeirindən nümunələri tanınmış şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlunun tərcüməsində təqdim edir.

Bu gün siz Ana Blandiana və Daniel Korbunun, sabahsa Adi Kristi və Nikita Danilovun şeirləri ilə tanış olacaqsınız.

 

 

 

Ana Blandiana

 

Görkəmli rumın şairəsi, adı XX əsrin böyük ədibləri arasında yer almış Ana Blandiana 2016-cı ildə, dekabrın 9-da, öz facebook səhifəsində, ərinin ölümündən bir  gün sonra bu sözləri yazmışdı: “Yarım əsrdən artıqdır ki, sevdiyim və  sevgisi olmadan sağ qalmayacağım ərim Romulus Rusanın (1935-2016) ölümünü elan edəcəyim heç vaxt ağlıma gəlməzdi...” Əlli altı il bir yerdə yaşamışdılar. Çauşesku rejimində və sonrakı qarışıq zamanda uzun illər bir-birlərinə arxa-dayaq olmuşdular. 1979-cu ildə, Yuneskonun çətiri altında Rumıniyada Siyasi Repressiyalar Memorialını təsis etmişdilər ki, nasir, publisist, xüsusi cazibəyə malik xeyirxah bir adam olan Romulus Rusan Ana Blandiana ilə bərabər insan haqları, hüquq müdafiəçisi kimi fəaliyyətə başlamışdı.  “Məhəbbət və ölümün insanları ayıra bilməməsi haqqındadır bu şeirlər. Kitablarımın ən metafizikidir”- öz ağıları, mərsiyələri barədə belə söyləyir Ana Blandiana.

Rumiya PEN təşkilatının fəxri sədri, Stefan Mallarme Akademiyasının və Avropa Poeziya Akademiyasının üzvü, Avropa Azadlıq Şairi”, Qriffin-poeziya, Herder ədəbiyyat ödüllərinin sahibi. “Cəm şəkilçisində birinci şəxs” (1964), “Ölümün sabahı günü” (1996), “Öləziyən hisslər” (2004) və başqa 26 şeir toplusunun müəllifidir. Təqdim edilən şeirlər “Müəyyən mövzu ilə bağlı variasiyalar” (2018) kitabından götürülüb.

 

***

 

«Güzgü ilə müqavilə bağlamışam, - demişdin,

-Səni mənim gördüyüm kimi göstərəcək,
 qəbrə qədər sədaqətli olacaq sözünə.”
 Onillər keçirdi,
 Güzgü sözünə sadiqdi:
 Məni sığallı, təmiz,
 sənin nurunla boyanmış göstərirdi;
 Sanki nağıllardakı
 dirilik suyu idim, dəyişimirdim.
 İndi güzgüyə baxıram
 təşvişlə dəyişikliyi gözləyirəm.
 Amma görə bilmirəm.
 Hələ də mənə baxdığının
 başqa nə dəlili olmalıdır ki ?!

 

***

 

Əgər evimdə o əvvəlki illərdəki tək yenə də mikrofonlar quraşdırılsaydı,
səs yazanlar, dinləyənlər hökmən dəli sanardılar məni;
yazırlar və səninlə ən adi şeylər haqqında danışdığımı,
hər ehtimala qarşı dediyim sözləri, sənin rəyini bilmək istədiyimi
eşidirlər; arabir, indiki zamanda, elə-belə “səni sevirəm” deyirəm,
işığı söndürməzdən qabaq “gecən xeyrə qalsın” söyləyirəm.
Dinləyənlərin arasında öz işində təzə olanlar var - getdiyini bilməyənlər,
sənin cavabsızlığını şübhəli sanacaqlar, hesab edəcəklər ki,
 onlar başa düşməsin deyə əl hərəkətləri,
işarələrlə doldurursan sükutu.

 

***

 

“Kişi hardadır? -   ilk dəfə sənsiz bazara gələndə turp, cəfəri,
bəxtin gətirsə gicitkan aldığın nənələr soruşurdular.

- Yox, gərək, sizi tək buraxmasın, olmaz”.
“Bazardakı nənələr, evin kişisi hardadır deyib, sənin soruşurdular”

- qayıdanda danışdım sənə, çox xoşuna gəldi, elə məğrur görkəm aldın ki, 
məsləhət verdiklərini söyləməyi unutdum, deyirdilər ki,
yox, gərək, sizi tək buraxmasın, olmaz.

 

***

 

Özümə sual etdim:
qayıtsaydın sənə nə demək istərdim
və qərara gəldim ki,
bu söz olmayacaqdı,
yalnız şəkillər.
Mən sənə
alatoran vaxtı
pəncərəmdən görünən
ağacların tacı arasından boylanan
göyüzünü göstərərdim.

Ya da tikanlar arasından

qanlı yara kimi görünən,
yanında şəkil çəkdirdiyin bu kolu.

Ya da vaqon pəncərəsindən
ötüb keçən biçilmiş zəmiləri, düzləri,
uzunsov tayaları.
Sigetaya gedirdik onda.

 

Sözə gəlməz ismarışlar,
sirrin çaparları,
sevənlər üçün
baxışların yetərli olması kimi
ali həqiqətin
dəlilləri.

***

Bayram günləri gəlişini,
varlığını daha yaxşı hiss edirəm,
orda da bayramlar var?
Ya başqaları sevinərkən
məni tək qoymamaq üçün gəlirsən?
Təbəssümün günəşin şüaları kimi
otaqları dolaşır,
pişik də təlaşla arxanca düşür.
Nəsə baş verir, o hiss edir.

 

***

“İstəyirəm ki, bir yerdə ölək”- dedin.
“Fikirləşirsən ki, səndən yeddi il az yaşamağım düz olardı?”
Ciddiyyətlə cavab verdin ki, əbədiyyətdə də bir yerdə
ola bilməmiz üçün başqa yol yoxdur.
Məntiqin o qədər inandırcı idi ki, razılaşdım,
bir az da elə-belə, hər halda bir yerdə ölmək pis fikir deyil.
Amma, indi, sənin o vaxtkı ciddiyyətinlə özümdən soruşuram ki,
o dünyada səni necə tapacam, necə görüşə bilərik.
Yeganə imkan sərhəddə məni gözləməyindir,
amma nə zaman gələcəyimi söyləyə bilmirəm,
bir də inanmıram ki, səni orda bəlli olmayan bir müddətdə
gözləməyə icazə versinlər.
Belə ehtimal edirəm ki, orda da, o xaosda da
biz eynən bu dünyadakı kimi, yaşanan hər sonsuzluq günü
bir-birimizi axtaracağıq,
bir-birimizi tapmaq sevincini yaşayana qədər.
 

 

 

Daniel Korbu

 

Şair, nasir, ictimai xadim. 1953-cü ildə anadan olub. 1979-cu ildə “Ədəbi Rumıniya” jurnalındakı publikasiyası ilə ədəbi debüt edib. Onlarla poetik toplunun müəllifidir. FEED BACK festivalının direktorudur. Əsərləri əsas Avropa dillərinə çevrilib. Təqdim edilən şeirlər  şairin  Parisdə nəşr edilən “Les documents du Chaos” (2002) kitabından götürülüb.

 

Ürəyin kölgəsində

 

Əgər işıq nurun kölgəsidirsə,
onda nurun kölgəsindən qovulan kimi
ürəyinin kölgəsindən
qovulacam.

Onun şanına sevinəcəm
və ölümü müşayiət edən sözlər
qırmızı sarğıdan boylanan qan kimi seziləcək.

 

Hərəkətli avtoportret

Tənha evdə tənha adam.
Xoşbəxtlik deyə bir sözü təkrar edir durmadan.
Hər şeyi onu həvəsləndirir və ruhdan salıb iyrəndirir.
Sevgidən nifrətə yol keçib, aldanışları sığallayıb.
Sığal çəkib şehə, sevinib, ağlayıb.
hər dəfə yoxluq özünü göstərəndə
boşluq doğulub,
o boşluqla ürəyini doldurub,
nişan verib məzarını öz-özünə
yoxluğun və boşluğun.

Tənha evdə tənha adam.
Xoşbəxtlik deyə bir sözü təkrar edir durmadan.

 

 

 

{gallery}3668{/gallery}