Oğurluq şeirlərdən qurulan səltənət Featured

Rate this item
(0 votes)

 

 

“Ədəbiyyat və incəsənət” portalı ustad şair Ramiz Qusarçaylının Mirzə Şəfi Vazehə ithaf elədiyi şeirini 39-cu ildönümünündə yad edir. 

 

Bu şeiri yazanda mənim 25, Mirzə Şəfi Vazehin 189 yaşı vardı. İndi mənim 64, Mirzə Şəfinin 228, bu şeirin isə 39 yaşı var. 

Ustadın ruhu şad olsun!

 

 

Mirzə Şəfi

 

Şeyx Sənan dağında düşüncələr

 

Sinəmdə quş kimi çırpınır ürək,

Sükut sıxır məni, töyşüdür məni. 

Donmuşam yerimdə məzar daşı tək,

Sırsıra fikirlər üşüdür məni.

 

Küləklər ahımı səpir yollara,

Qayalar bu dərdi yazar daşına.

Dağ dağa sığınıb, məzar məzara,

Mən də sığınmışam məzar daşına.

 

Dərələrdən ötən duman da, sis də,

Sanki göz yaşımdır, yeriyir dağ-dağ.

Büst də qoymadılar məzarın üstə,

Qəlbimdə heykəlin ucalır ancaq. 

 

Ovuda bilməyir nə çən, nə çiçək,

Dağın gen sinəsi çuxurlanıbdı. 

Bəlkə yoxa çıxan şeirlərin tək,

Qərib məzarın da oğurlanıbdı.

 

Buludlar içində boğulan Günəş,

Nur aldı şeirinin şəfəqlərindən.

Bir nəmli daxmada doğulan Günəş,

Sozaldı kədərin üfüqlərində.

 

Bodenştedt qorxmadı nifrətdən, kindən,

İsindi bir həzin qəlbin közünə.

Bir qəmli şairin qəm dəftərindən

Bir şöhrət sarayı tikdi özünə.

 

Könlündən bir misra dərə bilməyən,

Bir şair qəlbini qopardı, getdi.

Dünyaya bir nəğmə verə bilməyən

Dünyadan min nəğmə apardı getdi.

 

Hissimə, duyğuma daş atıb qəhər,

Öz sözüm özümdən alınıb indi,

Dünyaya sığmayan odlu nəğmələr

Yüz illik qəfəsə salınıb indi.

 

Bir ovuc torpağam yer kürəsində,

Min fikir uyuyur hər zərrəsində.

Yarada-yarada talanmışam mən.

Talana-talana tanınmışam mən.

 

Zilimdə kükrəyən tarım, kamanım, 

Bəmimdə hıçqıran simim olubdu.

Mənim Vazeh boyda şöhrətim, şanım,

Mənim Vazeh boyda qəmim olubdu.

 

1983