“Sən məqsədə çatmağa tam hazır olsan belə əlverişli zaman və şərait olmasa uğur qazana bilməzsən” – Əlibala Məhərrəmzadə Featured

Rate this item
(1 Vote)

 

 İstedadlı yazıçı, Azərbaycan Yazıçılar Birliyinin Rəsul Rza mükafatı, Rusiyanın Fyodr Dostoyevski medalı, Ukraynanın Müqəddəs Georgi ordeni laureatı, Bakıda keçirilən Avrasiya materikinin ədəbiyyat üzrə 4-cü “LiFFt” ədəbiyyat festivalının əsas simalarından biri, “SilkWay” beynəlxalq ədəbiyyat festivalının Azərbaycan üzrə həmtəsisçisi Əlibala Məhərrəmzadə ilə “Ədəbiyyat və incəsənət” portalının müsahibəsi “Şahdağ Quba -Truskavets” sanatoriyasında baş tutdu. Yazıçı bizi əmin etdi ki, necə ki, bu sanatoriya ən müşkül xəstəliklərin belə şəfasını verməyi bacarır, bax eləcə, yazıçı da ən düşkün mənəviyyatları müalicə etməyi bacarmalıdır.

 

-Xoş gördük, Əlibala müəllim. Bədii ədəbiyyat təkcə oxucusunu maraqlı bir süjet xətti ilə baş-başa buraxmır, ona həm də müəyyən bilik və informasiyalar ötürür, ona müsbət keyfiyyətlər aşılayır. Hazırkı mürəkkəb bir dövrdə bədii əsərin verdiyi mesajın dəyəri ikiqatdır, xüsusən, xalq və dövlət üçün taleyüklü məsələlərə yazıçının və əsərin biganə qalmaması vacibdir. Bu baxımdan sizin yaradıcılığınız diqqətçəkəndir. İstəyərdik ki, “Ədəbiyyat və incəsənət” portalı vasitəsi ilə yaradıcılığınız, ümumən ədəbiyyat barədə fikirlərinizi bölüşdürəsiniz. Xoş gəlmisiniz.

-Xoş gününüz olsun. Mən də portalınızın oxucularını salamlayıram.

-Ənənəvi sual şablonçuluğundan çıxaraq dərhal sizə konkret suallar vermək istəyirik. Sizi Azərbaycan oxucusu, eləcə də əcnəbi oxucu “Ev tapşırığı: uğur düstürünü öyrənəcəyik“ adlı sənədli, eləcə də “Çovdar çörəyi” adlı bədii əsərlərlərlə tanıdı. Öncə “Ev tapşırığı”ndan başlayaq. Niyə məhz bu əsər?

-Hazırda dünyada ən çox oxunan ədəbiyyat non-fikşn ədəbiyyatıdır, yəni sənədli ədəbiyyatdır. Bu sırada da motivasiya və şəxsi inkişaf ədəbiyyatı aparıcı yer tutur. Sirr deyil ki, bu gün əksər azərbaycanlı gəncər dünyanın məşhur motivasiya spikerlərinin əsərlərini oxuyurlar. Napoleon Hill, Robin Şarma, Deyl Karnegi, Karlos Kastenada, Mömin Şekman, Robert Kiyosaki bu gün bütün dünyada olduğu kimi, bizim ölkəmizdə də çox məşhurdurlar. Amma bir şey də var, ayrı-ayrı motivasiya təlimləri mütləq şəkildə onun müəllifinin mənsub olduğu xalq və din spesifikliyinə istinad edir, buna görə də, tutalım, Amerika təlimini birəbir Azərbaycanda tətbiq etmək olmaz. Məhz bu səbəbdən də “Ev tapşırığı: uğur düstürünü öyrənəcəyik“ kitabı ərsəyə gəlib. Kitabın bir səciyyəvi, mütəxəssisləri cəlb edən cəhəti də ondan ibarətdir ki, burda sırf azərbaycanlı mental xüsusiyyətlərinə hesablanmış motivasiya və şəxsi inkişaf təliminin təqdim edilməsi ilə yanaşı, həm də tarixin ən populyar motivasiya kitablarının da qısa rezümesi verilir. Sanki bir kitab alıb yüz kitabdan xəbərdar olursan.

-Əlibala müəllim, bildiyimizə görə, “Ev tapşırığı: uğur düstürünü öyrənəcəyik“ kitabının ingiliscə nəşri Beynəlmiləl Yazıçılar İttifaqının Nabokov, rusca nəşri isə Gilyarovski adına mükafatlarının uzun siyahılarına düşüblər, bu uğur münasibəti ilə, yeri gəlmişkən, sizi təbrik edirik.

-Çox sağ olun, minnətdaram.

-Bütün uğur formullarını sıxıb şirəsini çıxarsaq, təxminən necə bir nəticə əldə edə bilərik? Yəni ki, Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucularına uğur düsturunu necə şərh edə bilər?

-Uğur formulu bütün hallarda özündə 6 bəndi ehtiva edir. Bunlar: arzulamaq – qarşıya məqsəd qoymaq – planlaşdırmaq – hazırlaşmaq – fəaliyyətə başlamaq – nəticə əldə etməkdir.

Sadəcə arzulamaq, istəmək və buna can atmaq lazımdır, həyat həmişə şans verəcək! Bu şans gecikə bilər, amma heç nə əsas vermir ki, arzularından geri çəkiləsən. Uğurlu olmaq – xoşbəxt olmaq deməkdir. Xoşbəxtliksə qəlbin elə bir halıdır ki, həyatın harmoniyasından tam ləzzət almağı mümkün edir.

-Bu bəndləri bir qədər xırdalayın, mümkünsə.

-Öncə arzulamaq gəlir. Bütün böyük hədəflər, bütün nailiyyətlər ilk öncə arzu şəklində olur. Əgər siz daha yaxşı yaşamaq istəyirsinizsə, ilk öncə anlamalısınız ki, siz konkret nə istəyirsiniz. Həmin o yaxşı həyatı öncə arzularda yaratmalısınız. Biz öz istəklərimizin reallaşmasını arzulamalıyıq, arzuladıqca özümüzü daha yaxşı tanımalı, nəyə qadir olduğumuzu daha yaxşı saf-çürük etməli, ürəyimizin səsini daha yaxşı dinləməliyik. Arzulara gen-bol imkan verin ki, yaransınlar, böyüsünlər, şaxələnsinlər. Özünüzə tək gözəl güzəran, var-dövlət, yaxşı iş, son dəb avtomobil, yaraşıqlı villa kimi maddiyyat arzulamayın, özünüzə yaxşı dostlar, böyük incəsənət uğurları, elmi kəşflər, idman qələbələri, karyera nailiyyətləri, kəsəsi, zirvələr arzulayın. Unutmayın, uğur yolunun startı arzulamaqdan keçir.

Sonrakı bənd Qarşıya məqsəd qoymaqdır. İnsan öncə bir şeyi arzulayırsa, sonrakı addımda həmin şeyi əldə etməyi də mütləq qarşısına məqsəd qoymalıdır. Məqsədə çevrilməyən arzu elə arzu olaraq da qalır. Məqsəd – bir neçə variant içində seçdiyiniz ən vacib olanıdır. Abstrakt və konkret məqsədlər var. Çalışın həmişə konkret məqsədlər qoyasınız. Pozitiv və neqativ məqsədlər var. Çalışın, həmişə nəyi əldə etmək istəyirsinizsə onu məqsəd qoyun, yəni özünüzü həmişə pozitiv məqsədlərə ayırın. Nədən qurtulmaq istəyirsinizsə, bu cür neqativ məqsədlər sizin əsas məqsədiniz olmasın heç vaxt. Heç vaxt sizə xeyir gətirməklə kimlərəsə ziyan verəcək məqsədlər də seçməyin özünüzə.

Bütün məqsədlər bir-biri ilə bağlı, eyniistiqamətli olmalıdır. Onlar heç vaxt həyatınızın əsas məqsədi ilə konfliktdə olmamalıdır.

Üçüncü Planlaşdırmadır. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün resursların optimal bölgüsü planlaşdırma adlanır ki, riyazi nöqteyi-nəzərindən bu funksiyanın əsas arqumentlərindən biri də zaman bölgüsüdür. Planlaşdırma olmadan heç bir məqsədə çatmaq, uğur əldə etmək mümkün deyil. Və həmişə də çalışın ki, ən azı 2-3 planınız olsun, bir istiqamətdə büdrəyəndə mütləq digər istiqamətdə hərəkət edə biləsiniz.

Arzuladınız, qarşınıza məqsəd qoydunuz, planlaşdırdınız. Növbəti, dördüncü addım hazırlaşmaqdır. Bura həm məqsədinizə çatmaq üçün seçdiyiniz hədəfə aid biliklərinizi artırmaq, bol informasiya toplamaq aiddir, həm lazım olacaq maddi resursları əldə etmək, özünü lazım olan sosial-inzibati şərtlərə uyğunlaşdırmaq, bu yolda sənə yardım edə biləcək tərəfdaşları müəyyənləşdirmək aiddir, həm də öz obrazını məqsədə doğru gedən insan obrazı ilə uyğunlaşdırmaq.

Hazırlıq mərhələsində mütləq özünəgüvən, özünəinam hisslərinizi möhkəmləndirin. Heç vaxt özünüzün qüvvənizə şübhəniz olmasın. Özünə inanmayan, öz uğuruna şübhələnən kəs bu uğuru heç zaman qazana bilməyəcək.

Bütün lazımi təmrinlərə əməl edib öz yetkin obrazınızı yarada bilməyiniz üçün dağıdıcı emosiyalardan (qorxu, qəzəb, nifrət, inciklik, paxıllıq və s.) qopmaq, sevməyi öyrənmək də çox vacibdir. Sevmək hissi, sevgi enerjisi insana güc və qüvvət gətirir, onu tam həyat energisi ilə təmin edir.

Özünəinam, sevgi, sevinc, ekstaz, optimizm, inam və özünü dəyərləndirə bilmək – bunlar birlikdə dərin daxili enerji yaradırlar. Amma şübhə, kədər, qorxu, narahatçılıq isə əksinə, bizi enerjidən məhrum edirlər.

Sağlamlıq da uğura, məqsədə çatmaq yolunda vacib faktordur. Sağlam həyat tərzi, bədən tərbiyəsi və idman, faydalı qidalar, daimi həkim müayinələri, profilaktika – bunlar zəruri təmrinlər olmalıdır.

Motivasiyaedən kitablar oxumaq, yüngül, şən musiqi dinləmək, karaoke oxumaq, rəqs etmək, deyib-gülmək, bütün bunlar sizə əlavə stimul verəcək.

Növbəti – beşinci mərhələ Fəaliyyətə başlamaqdır. Fəaliyyətə haçan istədin, başlaya bilməzsən. Sən məqsədə çatmağa tam hazır olsan belə əlverişli zaman və şərait olmasa uğur qazana bilməzsən. Buna görə də, məqsədyönlü fəaliyyətə başlamaq üçün mütləq əlverişli zamanı, əlverişli şəraiti gözləməyə məcbursan. Elə ki, ideal və ya ideala yaxın şərait yarandı, haydı, məqsədə doğru fəaliyyətinə başla. Hər gün bircə dənə də olsa belə mütləq addım atmaq, hər gün məqsədə doğru ən azı bir qarış yaxınlaşmaq çox vacibdir. Və ən əsası, məğlubiyyətdən qorxmadan qələbəyə doğru getməyiniz zəruridir.

Ən nəhayət, sonuncu mərhələ Nəticə əldə etməkdir.

Yalnız bütün şərtlərə doğru-dürüst əməl etdikdən sonra siz bir müddət öncə arzu şəklində olan, sonradan məqsədinizə çevrilən bir istəyinizi tam reallaşdıra biləcək, öz uğur formulunuz ilə uğurlu insana çevriləcəksiniz.

Beləliklə, mən uğur formulasının ən çox rast gəlinən formasını sizlərə təqdim etdim. Vacib bir şey deyim: Bütün işlərin önündə başlamaq dayanır, tərəddüd etməyin, sadəcə başlayın!

-Ümid edirik ki, oxucularımız qeyd etdilər uğur düsturunun bu 6 tərkib hissəsini. Bir qədər də “Çovdar çörəyi”ndən danışaq. Bədii ədəbiyyat oxumaq hər kəsin də olmasa, əksər insanın sevimli məşğuliyyətidir. Bu roman barədə ölkənin ən tanınmış ədəbiyyat və incəsənət adamları xoş sözlər deyiblər. Nizami Cəfərov, İsa Həbibbəyli, Ramiz Fətəliyev, Vaqif Yusifli, İlqar Fəhmi... Eşitdiyimizcə, hazırda bu romanın ssenarisi əsasında çoxseriyalı bədii televiziya filmi də çəkilir. “Çovdar çörəyi”nin cəmiyyətə verdiyi mesaj hansıdır? Bu roman, sizcə, niyə bu qədər sevildi?

-Bu sualın cavabı olaraq mütləq romanın qısa məzmununu söyləmək lazım gəlir. Türkiyənin Bodrum bölgəsində dincələn nazir müavini olan Ata böyük oğlunun avtoqəzada ölməsi xəbərini eşidir, dəhşət içində istirahəti yarımçıq qoyub Bakıya qayıdır. İlk eşitdiyi o olur ki, oğlu şəkər xəstəsi olan anasına çovdar çörəyi almağa gedərkən qəzaya uğrayıb. Ata Ananı uşağın ölümündə günahkar hesab edib onu yamanlayır. Amma bu müəmmalı qəzanın görünməyən tərəfləri var. Çörək almaq üçün evdən çıxan oğul evin beş addımlığındakı mağazaya yollandığı halda necə olur 10-15 kilometr kənarda, şəhərin çıxacağında qəzaya uğrayır? Oğlunu nə çəkib ora aparıbmış?

Ata daxili istintaqa başlayır, öncə oğlunun maşını ilə toqquşan yük maşınının sürücüsünün üzərinə gedir, sonra onun dostları ilə söhbətləşir, məlum olur ki, oğlu ömrünün son dönəmlərində xeyli dəyişibmiş. Ata oğlunun siqaret çəkdiyini, qumar oynadığını, nişanlısı ola-ola başqa qadınla görüşdüyünü öyrənir, qəzadan əvvəl telefonuna gələn zənglərin müəllifləri ilə bir-bir görüşüb uşağın hansı səbəbdən ölməsini müəyyənləşdirməyə çalışır.

Hər iki oğlu üçün evlər, bahalı avtomobillər alan, onları pulla təmin edən ata yaxşı ata olduğunu düşünür, halbuki ölməmişdən əvvəl oğlu bir neçə dəfə ona “ata, səninlə söhbətim var” demişdi, o isə iş-güc başını qatdığından oğlu ilə söhbət etməmişdi. Oğlunun dəfn mərasimində bu dəfə kiçik oğlu ona “ata, səninlə işim var” deyir, amma o, bu dəfə də kiçik oğluna məhəl qoymur.

Oğlunun ölüm səbəbini araşdırmağa başı qarışmış, hər dəfə onun barəsində daha bərbad xəbərlər eşidən ata bir gün kiçik oğlunun gec saatlarda evə gəlmədiyini görüb onu arayır, eşidəndə ki, gələcək qaynanası üçün çovdar çörəyi almağa gedib və hələ qayıtmayıb, telefonu da bağlıdır, Atanı qorxu alır ki, bu oğlu da deyəsən çovdar çörəyinin qurbanı olacaq.

Məhz həmin anda Ata başa düşür ki, oğullarını pul-para ilə təmin etsə də heç vaxt onların həyatları ilə maraqlanmayıb, onlarla dost olmayıb, problemləri barədə heç nə bilməyib. Xoşbəxtlikdən kiçik oğlunun başına bir hadisə gəlmir. Amma həmin an Ata tam durulur, oğlunun əsas qatilinin məhz öz biganəliyinin olduğunu başa düşür.

-Çox gözəl. Demək, “Çovdar çörəyi” cəmiyyətimizdə olduqca aktual olan valideyin –övlad münasibətlərindəki anlaşılmazlıqları araşdırıb çözür, ataları oğullarını dinləməyə çağırır, onlara mesaj ötürür ki, övladı maddiyyatla təmin etməklə iş bitmir, onlarla dostlaşmaq da zəruridir. Olduqca lazımlı bir romandır, uğur qazanması sirri də elə məhz bundadır. Və bir sualımız da sizin sonuncu işıq üzü görən romanınız barədədir. “Kənar adamın söylədikləri” romanında bu dəfə siz artıq fərqli ampluadasınız. Tarixi mövzu, tariximizin ağ qalan ləkələrinin üzə çıxarılması. Bir neçə kəlmə də bu roman barədə danışardınız.

- “Kənar adamın söylədikləri” romanını yazarkən qarşıma iki məqsəd qoymuşdum – həm oxunaqlı təhkiyə ilə oxucu diqqətini cəlb etməyi, həm də azərbaycanlı-erməni münaqişəsinin dərin köklərinə varmaqla yerli və əcnəbi oxucuya nəyin nə olmasını isbat etməyi. İlkin rəylərdən belə çıxır ki, məqsədlərimə qismən nail ola bilmişəm, bu da məni çox sevindirir.

Romanın süjeti olduqca maraqlı, dramatikdir, təhkiyəsi də sadədir, cəlbedicidir. Baş qəhrəman fransalı yazar Mişel Leqrandır. Parisdə yaşayan Mişel həyatda öz yerini tapa bilmir, yarımçıq velosipedçi, yarımçıq sosioloq, yarımçıq müxbirdir. Evlərində fransızların qürur rəmzi olan Aleksandr Dümanın portreti asılıb, bu portret isə ona yarımçıq yazıçılıq gətirib. Yeganə arzusu bir roman yazıb tanınmaq, Fransada nömrə bir olmaqdır. Təsadüfən işlədiyi “Ailes” qəzeti redaksiyası onu Bakıya – 44 günlük Qarabağ müharibəsindən reportaj hazırlamağa ezam edir, jurnalist Gəncə bombalanan zamanı nümayəndə heyəti ilə ora yollanır, orada vətənpərvər azərbaycanlı professor Kərimzadə ilə tanış olur. Əslən Quba rayonundan olan professor Mişelin fransız olduğunu bilib ona yaşadığı Quba bölgəsindəki fransız izlərindən, o cümlədən Aleksandr Dümanın Quba səfərindən danışır. Mişel biləndə ki, Düma Qubanın Çuxur hamamında çimib, hamamı vəsf edib, Qubanı görməyə səbirsizlənir. Nə vaxtdır beynində bir roman yazıb məşhurlaşmaq ideyası dolanan Mişel bu ideyanın gerçəkləşəcəyi hissiyyatı ilə Parisə qayıtmaq əvəzinə Qubaya gedəsi olur. Amma Çuxur hamamda eşidir ki, 1918-ci ildə ermənilər qubalıları bu hamama doldurub buxarda boğub öldürüblər. Paklıq yerində törədilən belə bir ağlasığmaz cinayət Mişeli tam sarsıdır, o, erməni-müsəlman probleminin daha da dərinliklərinə varmaq istəyir. Professor onu Qubadakı 1918-ci il soyqırımı abidəsi ilə tanış etdikdə, ermənilərin burnunu ovan Qaçaq Mayıl barədə danışdıqda, üstəlik ermənilərin fransızlara vurduqları yaralardan da onu xəbərdar etdikdə Mişel mövzusunu dəyişəsi olur.

Romanın Alber Kamyunun “Əsrimizin bəlası bilirsiniz nədir? Əvvəllər axmaq hərəkətlərə görə insanlar özlərini doğrultmağa çalışırdı, indisə bu cür doğrultma cəhdləri nəcib hərəkətlərə görə də lazım olur” epiqrafı ilə başlaması da boşuna deyil, həqiqətən də Fransa ictimaiyyəti, əsasən, erməni məsələsində liberallıq nümayiş etdirir, din qardaşlarına təəssübkeşlik etmək amacından qurtula bilmir. Məsələnin kökünə obyektiv yanaşan isə ən azı tənbehə tuş gəlir. Halbuki, elə fransızların özlərinə ermənilər kifayət qədər zərbə vurmuşlar. Ötən əsrin 70-80-ci illərində Paris, Marsel və Lion şəhərlərində erməni terrorçularının həyata keçirdikləri silsilə terror aktlarının Fransanı necə sarsıtmasını isə unutmaq günahdır.

-Bizcə, bu romanın tezliklə dünya, xüsusən fransız oxucusuna çatdırılması çox vacibdir. Axı, ədəbiyyatdan güclü silah yoxdur.  Romanda indiyə qədər tariximizdə bizə rast gəlinməyən, ya da çox az rast gəlinən məqamların da olduğunun şahidiyik.

-Bəli. Romanda Azərbaycan tarixinin qaranlıq qalmış məqamlarına işıq saçılması mənim digər bir missiyam idi. Çünki bu mövzular ədəbiyyatımızdan həmişə yan keçib, halbuki həm ədəbiyyatımız, həm elmimiz, həm də ümumən cəmiyyətimiz, xalqımız buna həmişə ehtiyac duyub. Qubanın Rusiya imperiyası tərəfindən işğalını, çarizm əleyhinə xalq üsyanlarını qələmə almışam, Qubada xalq üsyanlarına rəhbərlik edən tarixi obrazları - Yarəli və Molla Nur obrazlarını yaratmışam. Obrazlar qalereyasında kimə rast gəlməzsən: Bastujev-Marlinski, Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Mir Cəfər Bağırov, Qəzənfər Musabəyov, Hüsü Hacıyev, Nəriman Nərimanov... Bir sözlə, böyük bir tarixi dövr və başgicəlləndirici tarixi hadisələr bir romanda cəmləşib.

-Çox sağ olun, Əlibala müəllim, dəvətimizə qəbul edib portalımızın qonağı oldunuz, oxucularımız üçün bir-birindən maraqlı faktlar qalereyası yaratdınız. Sizə daha böyük yaradıcılıq uğurları arzu edurik.

-Mən də yeni yol açan “Ədəbiyyat və incəsənət”ə tezliklə zirvəyə ucalmağı və  daim zirvədə qalmağı diləyir, oxuculara isə uğur düsturunu düzgün mənimsəyib həyatda böyük hədəflər vurmağı arzulayıram.