“Evsiz qəlblərin çətin olur gecəsi...” - Not dəftərindən seçmələr Featured

Rate this item
(3 votes)

 

Günel Əbdürəhmanova

 

Məni oxuyanda hiss et, yum gözlərini, al dərindən nəfəsini. 

Qur xəyalında uzun yol boyunca gedən tək bir insanı. 

Xatırlamağa çalış yaşadığın bütün çarəsizlikləri, çarəsizliyindən doğan qəzəbini, üsyanını, məğlubiyyətini. 

Xatırla ayağa qalxmağa çalışdığın o günü, əlindən tutanları, əlindən tutmasını gözlədiklərini, əlinin boş qaldığını, əlinin yanına düşdüyünü. 

Yada sal, hər səhər islanmış yastığını, dağınıq saçlarını, saqqal basmış üzünü, iki barmağının arasına yer edən siqaret kötüyünü. 

Günlərlə içdiyin köhnə dəmli çayın dadını xatırla. 

“Necəsən” sualına “artıq yaxşıyam” belə deməyə həvəsinin olmadığı zamanları xatırla. 

Biləyində ülgücün gəzdiyi günü yada sal, sonra onu yerə atıb hönkür-hönkür ağladığını, dodağına dəyən göz yaşının dadını yada sal. 

İndi məni anlamağa çalış, mən sadəcə ağlamağı və sadəcə, göz yaşının dadını sevmirdim. 

 

Mənim ünvanım yoxdu, 

yoxdu mənzil nömrəsi,

Nə bir küçə adı var, 

nə də bir mərtəbəsi.

Yatmağa yer gəzirəm gündüzlər dolaşaraq,

Çünki evsiz qəlblərin 

çətin olur gecəsi.