Xalq şairi Mirvarid Dilbazinin xatirəsi yad olundu

Rate this item
(0 votes)

Ötən gün “Azərkitab” kitab mərkəzində Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, ilk qadın Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 109 illiyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə "Mirvarid Dilbazi poeziya məclisi” ictimai birliyinin sədri, şair, publisist Güllü Eldar Tomarlı açıb. O,  Mirvarid Dilbazi yaradıcılığının Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzusunda xüsusi yer tutduğunu və gənc nəsillərə bir örnək olduğunu vurğulayıb.
Xalq şairi Nəriman Həsənzadə Mirvarid Dilbazini xatırlayaraq, onun haqqında xatirələrini bölüşüb. Mirvarid Dilbazi adına yaradılmış ictimai birliyə xeyir-dualarını verərək, bu yolda şair, publisist Güllü Eldar Tomarlıya uğurlar arzulayıb.
Tədbirdə çıxış edən tarix elmləri doktoru Əkrəm Rəhimli, tənqidçi- şair Əsəd Cahangir, tədqiqatçı-yazıçı Ramiz Göyüşov, şairələr Südabə İrəvanlı, İlham Qazaxlı, Zeynəb Kazımova, Zərəngiz Dəmirçi Qayalı və başqaları çıxış edərək Mirvarid Dilbazinin yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Mirvari Dilbazinin bir neçə şeiri dillər əzbəridir. Oxucularımızı məlumatlandıraq ki, məşhur “Evimizə gəlin gəlir” mahnısının sözləri Mirvarid xanımındır.
Toylarımızın bəzəyi olan “Evimizə gəlin gəlir” şeirini Mirvarid Dilbazi bacısıoğlu Vəfa Quluzudənin - bəli, Azərbaycan siyasətində, diplomatiyasında yer almış həmin o tanınmış şəxsin toy günü üçün yazlbmış. Ruhları şad olsun!

Evimizə gəlin gəlir,
Sığallayıb telin gəlir,
Görüşünə elin gəlir,
Çıraqları gur yandıraq.

Aşıqlar çalsın sazları,
Rəqs eləsin el qızları,
Qoy dolansın təzə ayın,
Başına yer ulduzları.

Evə sevinc, fərəh gəlir,
Çəmənlərdən çiçək gəlir,
Bir işıqlı ürək gəlir,
Məşəlləri odlandıraq.

Sağ əli qızlar başına,
İncilər, nazlar başına.
Oxşayır tovuz quşuna,
Evləri işıqlandıraq.

İki qonçə cavan gəlir,
Gül yanında reyhan gəlir,
Şümşadboylu oğlan gəlir,
Bu oğlanı şadlandıraq.

Bəzəyib şamlar əlini,
Asta gətir bəy gəlini,
Azərbaycan gözəlini
Nurlu çıraq adlandıraq.